25 Avqust 2021
12:47
21240

Sabah İsveçrədə Nicat Rəhimovun dopinq işinə baxılacaq - FOTO

Sabah ağırlıqqaldırma üzrə Olimpiya və dünya çempionu Nicat Rəhimova qarşı irəli sürülən dopinq analizlərinin dəyişdirilməsi ittihamı üzrə işin dinlənilməsi prosesi olacaq.

İslahat.az-ın xəbərinə görə, Qazaxıstanı təmsil edən azərbaycanlı atlet bununla bağlı fikirlərini bildirib:

"Yanvar ayından etibarən bizim federasiya təcrübəli hüquqşünaslarla birgə təmiz idmançı kimi şərəfimi qorumaqda mənə kömək edir. Bu barədə indi yazmaq mənim üçün asan deyil, amma bu gün hər zamankından daha çox dəstəyinizə ehtiyacım var!

Dinlənmənin nə ilə nəticələnəcəyini yalnız Uca Tanrı bilir! Diskvalifikasiya olunacağımı, Olimpiya medalından məhrum olub-olmayacağımı bilmirəm. Ancaq bir şeyi demək istəyirəm. Həmişə qaydalarda yazıldığı kimi hərəkət etmişəm və bu testlərin necə baş verməsi onları həyata keçirən və sifariş verənlərin vicdanına qalır.

Olimpiya Oyunları zamanı və ondan əvvəl heç bir qanun pozuntusu aşkar edilməyən dopinq nəzarətindən keçmişəm və 5 ildən sonra hansısa məsələlərin mənim üçün yaranması ədalətli deyil.

Ağır atletika mənim bütün həyatımdır, iş olduqca mürəkkəbdir və seçimimə görə bir gün belə peşman olmamışam.

Özümə, bu idman növünə və uzun illərdir məni əhatə edən bütün insanlara hörmət edirəm.

Əminəm ki, medal qazananda yanımda olduğunuz kimi, indi də belə çətin bir anda mənə dəstək olursunuz. Bu sınaqdan keçməliyəm, daha da irəli gedib özüm, sizin və Qazaxıstan üçün qələbə qazanmağa gücüm var. Mən sizinləyəm!”

Qeyd edək ki, Nicat Rəhimov bu ilin yanvarında Beynəlxalq Test Agentliyi tərəfindən ittihama məruz qalıb. O, 2016-cı il Rio Olimpiadasından sonra verdiyi sidik analizini dəyişdirib saxtalaşdırmaqda ittiham olunub. Bu səbəbdən də Qazaxıstan Ağır Atletika Federasiyası mərkəzi İsveçrənin Lozanna şəhərində yerləşən İdman Arbitraj Məhkəməsinə müraciət edib.

İslahat.az