26 Aprel 2020
23:47
556

Rövşən Nəcəfovun "Son müsahib" hekayəsi

Rövşən Nəcəfovun "Mövlud Mövlud Mükafatı” hekayə müsabiqəsinin onluğuna düşən "Son müsahib” hekayəsi.

"Hər yazıçının isə öz dünyası, öz yanaşması var. Ədəbiyyatın gözəlliyi də elə bundadır. Mən getdim, sağ olun!" (Mövlud Mövlud)

İnsanların zövqü sözlərin yaratdığı cümlələrlə formalaşır. Həyatın maddiyyatı üzərində formalaşan zövqlər insanın səmimiyyətini oğurlayır. Həyat çətin deyil, həyatı yaşayan insanlar çətindir. Həyatı çılpaq yaşamaq lazımdır. Əynimizdəki paltarları soyunmaq yox, fikirlərimizi soyunmalıyıq. İnsanlar həqiqətin müəllifini tapmalıdır. Bəzən, biz müəllifi tapanda, onun özünü yox, fikirlərini tanıyırıq. Müəllif onu axtaranlardan qaçır. Çünki, həqiqəti axtaranlar müəllifi mənəvi olaraq öldürürlər. Sonra öz qətllərinə təəssüflənib, müəllifimizi öldürdülər, deyirlər.

* * *

Çəkdiyi siqaretin tüstüsündən qarşısında oturan xanım boğulurdu. Çay süfrəsi ətrafında gedən söhbətləri yekunlaşdırmaq üçün hesabı istədi. Müsahibənin maraqlı alındığını düşünən xanım müsahibinin bütün həyat tüstülərinidə dinləməkdən zövq aldı. Siqaret tüstüsü onu boğurdusa, deyilən bütün fikirlər zövqü korlamırdı. Yazacağı kitabın son müsahibi ilə görüşünü yekunlaşdırdıqdan sonra evə getməyə tələsirdi. Güney xanım bu kitabı çoxdandı hazırlayıb tamamlaya bilmirdi. Müsahiblərinin verdiyi cavablar onu qane etmirdi. İnsanların həyatına təsir edən peşələrin mütəxəssislərinə öz suallarını ünvanlayırdı. Son müsahibinə qədər müxtəlif şəxslərə öz suallarını ünvanlamışdı. Bu kitabın ideyası insanları maddi olaraq dəyişən peşələr yox, mənəvi olaraq dəyişən peşə sahiblərini cəmiyyətə təqdim etmək istəyindən yaranmışdı. Müsahibə aldığı, fəlsəfə, sosiologiya, kulturologiya və ədəbiyyat sahəsinin şəxslərinə ünvanladığı suallara verilən cavablar kitabın ideyasını tamamlamırdı. Son müsahibi rəssam Fətəli bəy idi. Güney xanım Fətəli bəyin iş otağında görüşmək istəyirdi. Amma Fətəli bəy çəkdiyi portreti tamamlamayana qədər iş otağına heç kimin girməsinə icazə vermirdi. "Rəssamın iş prinsipi odur ki, yarımçıq qalan portretin taleyini tamamlayan bir şəxs olmalıdır.”-deyirdi. İstənilən əsər tamamlanmayana qədər müəllifindən başqa heç kimə nümayiş olunmamalıdır. Bəlkə də, əsərin gücüdə elə bundadır. Prosesin özü yox, nəticə önəmlidir. Yəni, ictimaiyyətə təqdim olunan bütün rəsm əsərləri müxtəlif fəaliyyətlərdən təsirlənir. Rəssamın bütün hisləri onun əsərlərindədir. Son müsahibin verdiyi cavablar kitabın fəlsəfəsini yaratdı. "Mənəvi xəzinə” adlanacaq bu kitab Güney xanımın həyatında xüsusi tarixə çevriləcək.

* * *

Evə qayıtdıqdan sonra, bir fincan kofe içib, yazı masasına yaxınlaşdı. Yazı masasında əl qoymağa yer yox idi. Bütün kitablar, qeydlər apardığı dəftər və ağ vərəqlər stolun üstünü işğal etmişdi. İstədiyini əldə etmişdi. Yəni, istədiyi cavabı. Artıq oxucularının reaksiyalarını təsəvvür edirdi. Güney xanım yaxşı iş görüb. Uşaqlığından arzusu fərqli olsada, rəhmətlik atasının bir cümləsi onun masasında çərçivədə yazılmışdı: "İnsan arzularını reallaşdıra bilmirsə, reallığını arzularına çevirməlidir.”
Uşaqlıq arzusu film çəkmək idi. Kino sahəsinə böyük istəyi var idi. Atasını itirdikdən sonra, öz həyatının ona çəkdiyi kinonu yaşamağa başladı. Hər kəsin rejissoru naməlum olan kinosu var. "Mənəvi xəzinə” adlanan kitab isə Güney xanımın baş rolda oynadığı kinonun bir hissəsidir. İnsan həyatının bütün hissələrində baş rolda oynamasada, əsas hissəsində baş rolu alır. Bu onun tarixinə çevrilir. Masasının üstünü səliqəyə saldıqdan sonra sol əlini üzünə söykəyib düşünməyə başladı. İnsanları danışdıqları ilə təsvir etməkdən xüsusi zövq alırdı. Bütün müsahiblərinin fikirləri ilə, onların həyatı ilə bağlı hekayələr uydururdu. Ancaq bu dəfə heç bir hekayə uydurmaq olmurdu.

Son müsahibi Fətəli bəyin cavablarını qeyd dəftərindən oxumağa başladı:

"Bir insanın həyatını təsvir etmək üçün onun gözlərinə baxın. Əllərinə toxunun. Ondan gələn qoxunu içinizə çəkin və zamanı dərk etməyə çalışın. Həmin anda təsvir etmək sizə çətin gələcək. İnsanlar var ki, onların həyatının təsviri yoxdur. İnsanlar var ki, onların həyatını təsvir etmək o qədər çətindir ki, yaşayaraq ölümü hiss edirsən. Biz, doğuluruq, sonra niyə yaşadığımızı anlamağa çalışırıq. Anladığımızı bildiyimiz andan etibarən həyatımızı bir gün bitirəcəyimizi anlayırıq. Ya özümüz bitiririk, ya da taleyin ixtiyarına veririk. Yaxşısı budur, təsviri fırçam etsin. Fırçanın təsvir etməsi, qələmin və sözün təsvirindən daha rənglidir. Qaranlıq deyil. İnsanlar qələmin və sözün təsvirində qaranlıqda qalıblar.”

"Həqiqəti axtarmaq lazım deyil. Həqiqəti yaşamaq lazımdır. Həqiqəti insanlarla bölüşmək lazımdır. Biz, həyat deyilən bir qutunun içində nəsə axtarırıq. Həqiqət isə içində olduğumuz qutu qədər mürəkkəb anlayışdır. Bu qutunun içindən xilas olmaqdan qorxuruq. Çünki, tək xilas yolu ölümdür. Həyatın verdiyi zövqlərdən uzaqlaşmaq yox olmaqdır. Biz yox olmamaq üçün varıq. Nə olursa, olsun var olmalıyıq. Yox olmaq qaranlıqdır. Hər kəs kimi mən də qaranlıqdan qorxuram. Mənim üçün qaranlıq anlayışı həqiqəti axtaranda təsvir etdiyim mənzərədir.”

"Dünya yaranandan insanlar mənəviyyatını itirməyə başlayıb. Çünki, ağılın hakimlik etdiyi cəmiyyət güclə hesablaşır. Yəni, güclünün zəif üzərində apardığı hökmranlıqdır. İnsanlar hər zaman güclünün yanında olub, özünü qoruyur. Keçmişdədə belə olub, indidə belədir. İndiki zamanda, güclü olmaq çoxlu pulu olmaqdır. Çünki maddi olaraq əldə etdiklərimiz mənəviyyata qalib gələ bilir. Hər kəs bir-birini təqlid edir. Mən daha yaxşıyam prinsipi ilə yaşamaq mənəvi olaraq bizi qocaldır. Həyatı necə yaşamağımızdan asılı olmayaraq, nəticəni hamı eyni cür yaşayır. Nəticə ölümdürsə və bizim buna gücümüz çatmırsa, maddi qazandığımız hər şey qaranlığımızda işıq yandıra bilməz.”

* * *

Oxuduğu cavablar bir rəssamın deyil, həyatını rəsm əsəri qədər mənəvi xəzinəyə çevirmiş insanın dünyası idi. Onun hekayəsi həyatın özü idi. Həyatı təsvir etmək isə tarixin münaqişələri ilə nəticələnir. Onun siqaret çəkməyi və hər dəfə çayı içərkən qurtum almağı gözünün qabağından getmirdi. Güney xanım oxuduğu fikirlərlə yuxuya gedə bilmədi. Bu fikirlərlə yuxuya getmək mümkün deyildi. Həqiqətin müəllifini tapmışdı. Bir rəssamın dediyi fikirlərin gücü belədirsə, çəkdiyi portreti təsəvvür etmək istəyirdi. Amma təsəvvürünün buna gücü çatmırdı. Sabah onu yenidən görmək istəyirdi. Amma Fətəli bəy bir müddət hər şeydən və hər kəsdən uzaq duracağını demişdi. Fətəli bəy Güney xanımı çəkdiyi portreti təqdim edəcəyi sərgisinə dəvət etmişdi. "16 mart 2018-ci il” tarixində keçiriləcək sərgisinə tamamlamalı olduğu portreti var idi. Ona görədə, sabahdan öz iş otağından çıxmayacaqdı. Bir ildi üzərində çalışdığı portreti tamamlaya bilmirdi.

* * *

Sərgi vaxtı hər kəs rəsmlərin asıldığı dəhlizdə addımlayırdı. Cəmiyyətin bütün mövzularını əhatə edən rəsmlər insanların diqqətini yönləndirirdi. Hər rəsmin qarşısında müxtəlif şəxslər müzakirələr aparırdı. Tədbirin açılışı üçün Fətəli bəy dəvət olunsada, Fətəli bəy çıxış etməkdən imtina etdi. Dedi ki, "Bu gün mən yox, mənim hislərim danışacaq.”
Güney xanım sərgiyə gəldiyi zaman Fətəli bəy artıq orda deyildi. Çünki, sərgidə müəllifin qalması və hər rəsm əsərinə rəy verməsi uyğun deyildi. Müəllif yox, rəsm əsərləri insanlarla söhbət etməli idi. Bütün rəsmlərə diqqətlə baxdıqca Güney xanım hislərini gözlərini dolduraraq ifadə edirdi. Sərgidə sonuncu təqdim olunan rəsm əsərinə yaxınlaşmışdı. Bu bir portret idi. Yarımçıq qalmış bir portret idi.

Fətəli bəyin dediyi portret. Həyatı tamamlanmamış bir portret. Portretin adı "Mövlud” idi. Yəni, doğulmuş, anadan olmuş mənasını ifadə edirdi. Bütün canlılar doğula bilir, amma tamamlana bilmir. 16 mart 2017-ci ildə çəkməyə başlamışdı "Mövlud” portretini. Bunu "Son müsahib” olaraq Güney xanıma bildirmişdi. Bir il üzərindən zaman keçməsinə baxmayaraq, portreti çəkib tamamlaya bilməmişdi. Güney xanım portretə diqqətlə baxaraq, "Mənəvi xəzinə” kitabına son cümləsini yazdı: "Hər şey yarımçıq qalır, hər kəs kimi…”

İslahat.az