05 Sentyabr 2022
14:18
18603

Reabilitasiya mərkəzində uşaqlara işgəncə verənləri hansı cəza gözləyir?

"Bakı şəhəri, Nizami rayonunda reabilitasiya mərkəzində fiziki məhdudiyyətli uşaqlara qarşı işgəncə xarakterli hərəkətlər edən şəxslər Cinayət Məcəlləsinin 133-cü maddəsinə əsasən məsuliyyətə cəlb olunublar. Bu hal Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) və 127-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə, zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə cinayət sayılır”.

İslahat.az xəbər verir ki, bunu "Report”a açıqlamasında hüquqşünas Vamiq Şükürov deyib.

Onun sözlərinə görə, pedaqoq və psixoloqlar tərəfindən təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı, bundan başqa, işgəncə verməklə törədildiyi üçün onları iki ildən beş ilədək müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, sentyabrın 2-də Nizami rayonu ərazisində fəaliyyət göstərən, nitq qüsurlu uşaqlar üçün "Mehnur” loqopedik və psixoloji reabilitasiya mərkəzində azyaşlıların tərbiyəçilər tərəfindən döyülməsini əks etdirən görüntülər yayılıb. Mərkəzdə fiziki məhdudiyyətli uşaqlara qarşı işgəncə xarakterli hərəkətlər etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən sentyabrın 3-də saxlanılıblar.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 133-cü (Əzab vermə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam edir.

İslahat.az