05 Noyabr 2021
11:49
21637

Qurban Qurbanov: "Bir xalq kimi başı dik və daha da güclü olduq"

"Komandamıza, futbolçularımıza belə dəyər verdiyiniz üçün ilk növbədə, sizə təşəkkür edirəm. Gecənin bu saatında yuxunuzu almadan bura gəlmisiniz".

İslahat.az xəbər verir ki, bunu Qazaxıstanda "Kayrat"ı 2:1 hesabı ilə yendikləri UEFA Konfrans Liqasının IV tur matçından sonra "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.

49 yaşlı mütəxəssis Almatıdakı görüşün çox gərgin alındığını bildirib: "Bunu ilk dəqiqələrdən hiss etdik. "Kayrat"ın son şansı idi. Bizə qalib gəlməsəydilər, bütün şanslarını itirəcəkdilər. Ona görə də həddindən artıq istəkli idilər. Lakin biz yaxşı nəticə əldə etməkdən ötrü daha istəkli olmalı, qələbə üçün alışıb-yanmalı idik. Bunlar futbolçularımızda oldu. Hər birinə təşəkkür edirəm. Minimum vəzifəni yerinə yetirdik və hər şey sonda bizim tərəfimizdə oldu".

Hər bir zəfərin öz dadının olduğunu söyləyən Qurbanov Azərbaycanın müstəqillik tarixində ilə imza atmalarından məmnunluq ifadə edib: "Əlbəttə, bütün azarkeşlərimizi, xalqımızı təbrik edirəm. Bunlar bizim möhtəşəm dövlətimizin möhtəşəm zəfərinin yanında kiçik nailiyyətdir. Əsas odur ki, torpaqlarımızı geri qaytardıq, bir xalq kimi başı dik, daha da güclü olduq. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm. Onların etdiklərinin yanında bizim etdiyimiz cüzi bir şeydir. Avrokuboklardakı nailiyyətimizə gəldikdə, indiyədək belə uğur olmamışdı. Bu gün Allah bunu bizə nəsib edibsə, çox şadıq. Oyundan sonra futbolçularımın hər birini bağrıma basıb, təşəkkür etdim. Azərbaycanlı futbolçularda özünəinamın formalaşması üçün bu cür qələbə və oyunlar çox vacibdir".

O, əldə edilən nailiyyət qarşılığında futbolçuların mükafatlandırılacağını da açıqlayıb: "Mükafatımız həmişə var, istər daxili çempionatda olsun, istərsə də avrokuboklarda. Bundan narazılığımız yoxdur. Futbolçular layiqincə mükafat alırlar. Təbii ki, bu qələbənin də mükafatı olacaq".

Qurbanov qalan iki turda qrup liderliyini qorumağa çalışacaqlarını söyləyib: "Qarşıda bizi vacib oyunlar gözləyir. "Omoniya” ilə növbəti matçda azarkeşlərimiz üçün baxımlı oyun sərgiləmək niyyətindəyik. Daha yaxşı uğur üçün şansımız varsa, sona qədər mübarizə aparacağıq".

Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasında 4 turdan sonra 10 xalla H qrupuna başçılıq edir. İkinci pillədəki İsveçrə "Bazel"inin 8 xalı var. Hər iki komanda sona 2 tur qalmış 2 xala malik Kipr "Omoniya"sı və 1 xalı olan Qazaxıstan "Kayrat"ı üçün əlçatmaz vəziyyətdədir və qrupdan çıxmağı təmin edib. "Qarabağ" isə "Omoniya" ilə noyabrın 25-də evdə, "Bazel" ilə dekabrın 9-da səfərdə üz-üzə gələcək.

İslahat.az