03 Fevral 2022
12:07
22959

Qərbi Azərbaycan uğrunda mübarizəyə daha bir təşkilat qoşuldu - FOTO

Fevralın 2-də Azərbaycan Qaçqınlar Cəmiyyətinin qərargahında Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması ilə Qərbi Azərbaycan uğrunda mübarizə aparan daha bir təşkilat – Beynəlxalq Diaspor Mərkəzi (BDM) arasında Əməkdaşlıq Protokolu imzalandı.

İslahat.az "Yeni Gündəm”-ə istinadən xəbər verir ki, Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayevi və BDM nümayəndələrini salamlayaraq Qərbi Azərbaycan uğrunda mübarizədə birgə əməkdaşlıq təkliflərini dəstəklədikləri üçün qonaqlara təşəkkür etdi.

Millət vəkili Azərbaycan vətəndaş cəmiyyəti subyektləri arasında Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Beynəlxalq Diaspor Mərkəzinin və onun sədri İsmayıl Ağayevin kifayət qədər təcrübəsi və xidməti olduğunu xatırladaraq, təşkilatları arasındakı əməkdaşlığın gələcəkdə erməni yalanlarının beynəlxalq səviyyədə ifşasına böyük dəstək verəcəyinə əmin olduğunu bildirdi.

Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev Azərbaycanın tarixi torpaqları olan Qərbi Azərbaycan uğrunda mübarizəyə həmişə hazır olduqlarını söyləyərək, Qarabağ məsələsi kimi, bu məsələnin də xalqımız üçün şərəf məsələsi olduğunu bildirdi. BDM sədri bu məsələnin beynəlxalq səviyyəyə qaldırılmasını prioritet hesab edərək xaricdəki Azərbaycan diasporunun imkanlarından daha səmərəli istifadə etməyin zəruriliyindən bəhs etdi. Dr. İsmayıl Ağayev ilk addım olaraq Çexiyada fəaliyyət göstərən Çex-Azərbaycan Elm və Mədəniyyət Mərkəzi ilə birlikdə Çexiyanın məşhur Masarik Universitetində "Qərbi Azərbaycan həqiqətləri və erməni yalanları” mövzusunda dinləmələr keçirməyi təklif etdi.

Tədbirin sonunda Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli və Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev rəhbərlik etdikləri təşkilatlar arasında Əməkdaşlıq Protokolu imzaladılar. Tədbirdə hər iki təşkilatın rəhbər orqanlarının nümayəndələri iştirak edirdilər.

İslahat.az