06 Yanvar 2022
11:55
24192

Qazaxıstan hadisələri uranın, rublun və “Bitcoin”in qiymətinə kəskin təsir edib

Qazaxıstandakı vəziyyətlə əlaqədar dünya bazarında uranın qiyməti kəskin artıb.

İslahat.az xəbər verir ki, bu barədə "Bloomberg” metalın dünya qiymətlərini təyin edən UxC ixtisaslaşmış platformasının məlumatlarına istinadən xəbər verir.

Yanvarın 5-i səhər uranın qiyməti kəskin artıb: onun dünya bazarlarında dəyəri səkkiz faiz artaraq bir funt üçün 45,25 dollara çatıb. Yanvarın 4-də onun dəyəri 42 dollar olub.

Qeyd edək ki, Qazaxıstan dünya üzrə uran tədarükünün təxminən 40 faizini təmin edir.

"Qısa müddətdə belə tədarüklə bağlı qeyri-müəyyənlik yaranarsa, uran sahibləri onun alış-verişindən çəkinirlər. Hazırda təchizat çatışmazlığı olmamasına baxmayaraq, bazardakı oyunçular bunun üçün ilkin şərtlərin mövcudluğundan çıxış edirlər”, - deyə UxC-nin rəhbəri Conathan Hinz bəyan edib.

Qazaxıstan hadisələri rubla da təsir edib. Moskva Birjasının məlumatına görə, rubl dollar və avroya nisbətdə ucuzlaşmaqda davam edib; Avropa valyutası ötən ilin avqustundan bəri ilk dəfə 87 rublu, dollar isə ötən ilin aprelindən bəri ilk dəfə 77 rublu ötüb.

Qazaxıstanda vəziyyət fonunda "Bitcoin”in qiyməti də 44,15 min dollara düşüb. Bunu "Coindesk” portalının məlumatları sübut edir. Bildirilir ki, "Bitcoin” dünən gün ərzində 46,99 min dollar qiymətinə satılıb, günortadan sonra isə ucuzlaşmağa başlayıb.

Xatırladaq ki, bütün dünya kriptovalyuta hasilatı potensialının təxminən 18%-i Qazaxıstanda cəmləşib. Kriptovalyuta ilə bağlı hər hansı fəaliyyət ÇXR-də qeyri-qanuni kimi tanındığından, kriptovalyuta mədənçiliyi üçün təxminən 90 min kompüter bu ölkəyə Çindən köçürülüb.

Qazaxıstanda baş verən son hadisələr dünyada "Bitcoin” istehsalının 12% azalmasına səbəb olub.

İslahat.az