15 Fevral 2019
15:25
857

“Qarabağ”a qarşı oynamış legioner “Neftçi”də

"Neftçi” daha bir transfer həyata keçirib.

İslahat.az xəbər verir ki, Bakı klubu moldovalı mərkəz müdafiəçisi olan Petru Rakunu transfer edib.

31 yaşlı futbolçu ölkəsində "Zimbru”da oynadıqdan sonra Skandinaviyada legioner həyatına başlayıb. O, 2007-ci ildə İsveçin "Norrşöpinq” klubuna transfer olunub.

Raku ilk ildəcə İsveçin I divizionunun qalibi olaraq elitaya yüksəlib. Burada oynadığı müddətdə Finlandiyanın MüPa klubunda da icarə əsasında çıxış etmiş Raku 2012-ci ildə Danimarkanın "Yörrinq” komandasına keçib. Lakin o, Danimarkada əsas heyətə düşməyərək altı ay sonra vətəninə qayıdıb.

Moldovada "Veris” və "Milsami” klublarında oynamış Rakunun son komandası yayda "Qarabağ”ın Çempionlar Liqasından kənarlaşdırdığı "Şerif” olub. Həmin vaxt onun baş məşqçisi indi "Neftçi”ni çalışdıran Roberto Bordin olub. O, son iki Moldova klubu ilə üç dəfə ölkəsinin qızıl medalını qazanıb.

Raku ötən ilin avqustunda Bakıda "Qarabağ”la hər iki görüşdə meydanda olub. O, Tiraspolda "Şerif”in 1:0 qalib gəldiyi matçın yalnız 88-ci dəqiqəsində meydana çıxıb. Bir həftə sonra Bakıda "Qarabağ”ın 3:0 qalib gəldiyi qarşılaşmada isə Raku start heyətdə olub. O, bu matçda 55 dəqiqə meydanda olub və 31-ci dəqiqədə sarı vərəqə alıb. Raku cari mövsüm "Şerif”lə Moldova çempionatında 17 matça çıxıb və ilin sonunda klubdan ayrılıb. O, "Neftçi”yə pulsuz başa gəlib.

Petru Raku fevralın 21-də Qazaxıstanla keçiriləcək yoldaşlıq oyununa çağırılmasa da, Moldova millisinin üzvüdür.


İslahat.az