10 Aprel 2019
14:52
608

Prezident yeni səfirin etimadnaməsini qəbul edib — FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da Argentina Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunellanın etimadnaməsini qəbul edib. 

İslahat.az xəbər verir ki, səfir Serxio Osvaldo Perez Qunella fəxri qarovul dəstəsinin qarşısından keçib.

Serxio Osvaldo Perez Qunella etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Səfir Serxio Osvaldo Perez Qunella, ilk növbədə, Argentina Respublikasının Prezidenti Maurisio Makrinin salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev Azərbaycan ilə Argentina arasında əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin yaxşı səviyyədə olduğunu qeyd edib, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin genişlənməsi və iqtisadi əməkdaşlığın perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətini vurğulayıb. Dövlət başçısı ikitərəfli münasibətlərin inkişafında ölkələrimizin qarşılıqlı şəkildə səfirliklərinin fəaliyyət göstərməsinin rolunu vurğulayaraq Serxio Osvaldo Perez Qunellanın səfirlik fəaliyyəti dövründə onun Azərbaycanın müvafiq strukturlarının nümayəndələri ilə əməkdaşlığın genişlənməsi baxımından səmərəli görüşlər keçirəcəyinə əminliyini ifadə edib. Prezident İlham Əliyev Azərbaycanda xarici şirkətlərin fəaliyyəti üçün çox əlverişli şəraitin mövcudluğunu qeyd edərək Argentina şirkətlərinin də Azərbaycanda işləyəcəklərinə ümidvar olduğunu bildirib.

Xoş sözlərə görə minnətdarlığını bildirən Serxio Osvaldo Perez Qunella səfir kimi fəaliyyətinin əsas məqsədinin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın, o cümlədən qarşılıqlı ticarət və investisiyanın genişləndirilməsindən ibarət olduğunu bildirib və bu istiqamətdə səylərini əsirgəməyəcəyini deyib.

Görüşdə energetika, biznes, kənd təsərrüfatı sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı Argentina Respublikasının Prezidenti Maurisio Makrinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Argentina Prezidentinə çatdırmağı xahiş edib. 
 
İslahat.az