21 Oktyabr 2021
11:44
22913

Prezident və birinci vitse-prezident Zəngilan beynəlxalq aeroportunda görülən işlərlə tanış olublar - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar.

İslahat.az AZƏRTAC-a istinadən xəbər verir ki, "AzVirt” MMC-nin baş direktoru Kamil Əliyev dövlətimizin başçısına və birinci vitse-prezidentə hava limanında görülən işlər barədə məlumat verib.

Bildirildi ki, uçuş-enmə zolağının uzunluğu 3 min metr olan hava limanında tikinti işlərinə bu ilin may ayında başlanılıb. Zəngilan Hava Limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etmək imkanına malik olacaq.

Qeyd edək ki, rayonun coğrafi yerləşməsi və burada olan imkanlar Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün əlverişli şərait yaradır. Bundan əlavə, bu hava limanı Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafında böyük rol oynayacaq. Tikinti işlərinin 2022-ci ildə tamamlanması planlaşdırılır.

İslahat.az