14 Sentyabr 2020
15:34
2617

Prezident Sumqayıt Kimya Sənaye Parkı ilə bağlı göstəriş verdi

"Sumqayıt Kimya Sənaye Parkının gələcək inkişafı ilə bağlı təkliflər hazırlayın, yerləri seçin. Çünki yenə də deyirəm, belə templə ki, biz gedirik 2-3 ilə bütün bu yerlər dolacaq və 508 hektarda yer qalmayacaq”.

İslahat.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının nəzdindəki Peşə Təhsil Mərkəzinin açılışında söyləyib.

Prezident deyib ki, ona görə baxın, harada biz bunu davam etdirə bilərik: "Şərt deyil ki, bu əraziyə bitişik olsun, buradan bir qədər kənarda ola bilər, amma əsas odur ki, bu yerə rezident statusu veriləcəkdir. Təmizlik, kommunikasiya işlərinə bəlkə də elə bu ildən, vaxt itirmədən başlamaq olar. Çünki bu da vaxt aparacaq. Biz o zaman bu ərazini təmizləyəndə buna təqribən bir il vaxt lazım oldu. Həm təmizləmə, ondan sonra kommunikasiya işləri. Ona görə bəlkə ilin sonuna qədər müəyyən vəsait də ayrıla bilər ki, yeni seçilmiş yerdə biz bu işləri görək, növbəti investorlar artıq maraq göstərəndə vaxt itirməsinlər”.

Onun sözlərinə görə, Sumqayıt Kimya Sənaye Parkının ümumi inkişaf tendensiyası yeniliklərə münasibəti ilə fərqlənir: "Elə nəzdində açılışı olan Peşə Təhsil Mərkəzini də bu xüsusda fərqləndirmək olar. Çünki ilk dəfədir ki, ölkədəki sənaye parkı ərazisində peşə təhsili müəssisəsi yaradılır, bununla da bir neçə strateji hədəfə nail olunur: tələbələrə müasir infrastruktura malik mərkəzdə dövrün tələbinə uyğun bacarıqlar və peşə vərdişləri aşılanacaq. Təlim-tədris prosesində iştirak edəcək mütəxəssislər elə parkın rezidentlərinin yüksəkixtisaslı işçilərindən olacaq. Öz növbəsində tələbələr də Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində təcrübə keçməklə, iş yeri əldə etmək imkanı qazanacaqlar”.
 
İslahat.az