07 May 2019
15:08
609

Prezident: Altı milyona yaxın insan dövlət xətti ilə müayinədən keçəcək

Ölkəmizin hər bir yerində yeni xəstəxanalar tikilir. Son illər ərzində 640-dan çox müasir tibb müəssisəsi yaradılıb. Bunun əsas məqsədi vətəndaşlara xidmət etməkdir. Burada quraşdırılan avadanlıq, yaradılan şərait ən yüksək standartlara cavab verir.

Bunu Prezident İlham Əliyev Qobustan Rayon Mərkəzi Xəstəxanasının açılışında bu tibb ocağının kollektivi ilə görüşdə səsləndirib.

Dövlət başçısı bildirib ki, ən qabaqcıl ölkələrdəki xəstəxanalarda hansı müasir avadanlıq varsa, burada da var:

"Əsas məsələ ondadır ki, xəstələrə burada çox gözəl xidmət və qayğı göstərilməlidir. Əminəm ki, siz bunu təmin edəcəksiniz. Mənə verilən məlumata görə, burada həkimlər, tibb heyəti üçün 70-dən çox iş yeri yaradılıb. Yəni, bu xəstəxananın açılması bir daha bizim uğurlu siyasətimizi göstərir. Onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və sosial sahə prioritet sahədir”.

İlham Əliyevin sözlərinə görə, bu il altı milyona yaxın insan dövlət xətti ilə müayinədən keçəcək.

"Biz bu proqramı bir neçə ildir ki, uğurla icra edirik. Hesab edirəm ki, dünya miqyasında bu, artıq özünü tam doğrultmuş bir təcrübədir. Dövlət xəstəxanalar, diaqnostika mərkəzləri tikir, vətəndaşlara imkan yaradır ki, pulsuz müayinədən keçsinlər. Həm paytaxtda, həm böyük şəhərlərdə, həm də əhalisi o qədər də böyük olmayan rayonlarda bütün digər sosial obyektlər yaradılır”, - prezident vurğulayıb.
 
İslahat.az