16 Fevral 2021
13:57
13385

Polşa və Macarıstan “Xəmsə” turnirində iştirak edəcək

"Gaming League Azerbaijan” dünyanın ən populyar virtual döyüş növü olan "Counter-Strike”: "Global Offensive” oyunu üzrə "Xəmsə” beynəlxalq turnirini keçirməyə hazırlaşır.

Azərbaycan təmsilçiləriylə yanaşı yarışda digər ölkələr də mübarizə aparacaq. Ümumilikdə "Xəmsə” turnirində 16 komanda olimpiya sistemiylə yarışacaq. Bütün oyunlar "Во3” sistemiylə keçiriləcək. Turnir martın 27-də start götürəcək və aprelin 4-də başa çatacaq.

"Gaming League Azerbaijan”ın rəhbəri Adil Mahmudov mətbuata açıqlamasında turnirlə bağlı bunları deyib: "2021-ci il ölkəmizdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin şərəfinə "Nizami ili” elan olunub. Məhz buna görə turniri Azərbaycan şairi Nizami Gəncəvinin geniş şöhrət tapmış beşliyinin adıyla "Xəmsə” adlandırmaq qərarına gəldik. Turnirdə 8 ölkə təmsil olunacaq.

 

Azərbaycanla yanaşı Belarus, Gürcüstan, Ukrayna, Şimali Makedoniya, Slovakiya, Polşa və Macarıstan komandaları da mükafat uğrunda mübarizə aparacaq. İnanırıq ki, iştirakçı ölkələrdə "Xəmsə” turniri böyük maraqla qarşılanacaq və ölkəmizdə "Nizami ili”nin keçirilməsinə töhfə olacaq”.

Xatırladaq ki, "Gaming League Azerbaijan” yarışı Azərbaycan Kiberidman Federasiyası, Gənclər və İdman, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliklərinin birgə dəstəyilə təşkil edir. 

"Instagram” ünvanı: Glahub

"Youtube” ünvanı: Glahub

Qeyd edək ki, 2019-cu ilə qədər olan statistikalara görə, 400 milyondan artıq insanın marağını qazanan kiberidman sahəsinin populyarlığı bu gün də artmaqdadır. Kiberidman 2022-ci ildə baş tutacaq 19-cu Asiya Oyunlarının proqramına sınaq kimi daxil edilib.

Azərbaycanda 2019-cu ildə yaranmış və kiberidman turnirləri həyata keçirən GLA bu günədək 30-dan çox kiberidman çempionatı təşkil edib. Kiberidman mədəniyyətini inkişaf etdirmək məqsədilə yaradılan bu liqanın prioritet məqsədləri Azərbaycanda beynəlxalq səviyyədə idman oyunlarının inkişaf etdirilməsi, həm yerli, həm də beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır.

 

İslahat.az