27 Noyabr 2020
14:35
5540

Peşə təhsili ali təhsil kimi populyarlaşmalıdır - Asim Mollazadə

Deputat: Azərbaycanda orta məktəbi bitirən uşaqların yalnız 25 faizi universitetlərə daxil olur. Bəs qalanları necə olur? O uşaqların gələcəkdə işlə təmin olunması, peşəkar mütəxəssislər kimi yetişməsi üçün məhz peşə məktəblərinə cəlb edilməsi vacibdir.

Dünyanın əksər ölkələrində gənclər diplom almağa yox, peşə öyrənməyə cəhd edir. Azərbaycanda da son illər peşə məktəblərinə maraq artıb. Bununla belə hələ də gənclər arasında ali təhsilə maraq daha böyükdür. Bunun bir səbəbi ali təhsilin hələ də prestij hesab olunmasıdırsa, digər səbəb sözsüz ki, peşə təhsili məktəblərinin müasir tələblərə cavab verməməsidir. Elə Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə ilə söhbətdə də peşə təhsilinin dirçəldilməsi, cəmiyyətdə peşə təhsilinə marağı artırmaq üçün görülməli işlərdən danışdıq...
 
- Asim müəllim, peşə təhsili ilə bağlı millət vəkilləri içərisində məhz sizinlə həmsöhbət olmağımız heç də təsadüfi deyil. Çünki, siz dəfələrlə Milli Məclisdə bu məsələni müzakirəyə çıxartmısınız, "Peşə təhsili haqqında” qanunun qəbuluna böyük töhvə vermisiz. Bu gün Azərbaycanda peşə təhsili verən məktəblərin sayı sizi qane edirmi?

-Azərbaycanda peşə təhsili ilə bağlı vəziyyət əlbəttə ki, əvvəlki illərlə müqayisədə müqayisəyəgəlməzdir. "Peşə təhsili haqqında” qanunun qəbulu, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması peşə təhsilinin inkişafında böyük rol oynadı. Azərbaycanda yeni peşə təhsili mərkəzləri yaradılır, onların sayı artır.

-Bu gün peşə təhsili müəssisələrinin maddi-texniki bazasını, səviyyəsini qənaətbəxş hesab etmək olarmı?

-Əlbəttə ki, peşə təhsili müəssisələrinin sayı hələ arzuolunan qədər deyil. Amma bu gün ölkəmizdə müasir əmək bazarının tələblərinə cavab verən kadr hazırlamaq imkanı olan peşə məktəbləri var. Onlar müasir tələblərə cavab verən avadanlıqlarla təmin olunur.

-Peşə təhsilinin inkişafı üçün hansı işlər görülməlidir? Özəl sektor bu prosesdə sizcə necə iştirak etməlidir?

-Peşə təhsilinə maraq üçün ölkəmizdə istehsalat güclənməli, müəssisələrin özləri müvafiq kadrların yetişdirilməsi prosesində iştirak etməyə maraqlı olmalıdırlar.

-Asim müəllim, peşə təhsilinin inkişafı üçün hansı ölkənin təcrübəsindən istifadə daha məqsədəuyğundur?

-Avropada peşə təhsili ilə bağlı uğurlu təcrübə var. Azərbaycanda da bu belə olmalıdır. Bizdə gənclər ali təhsil almağa can atırlar. ABŞ-da isə peşə təhsili populyarlığı var. Azərbaycanda da peşə təhsilinə marağı artırmaq istiqamətində işlər görülməlidir. Artıq Azərbaycanda uğurlu beynəlxalq təcrübələrdən istifadə edilir. Peşə Təhsili üzrə Dövlət Agentliyi Təhsil Nazirliyi ilə birgə bu istiqamətdə çox işlər gördülər. 

Peşə məktəbindən əmək bazarına - Onları işə götürməkdən kim imtina edər ki?

Düşünürəm ki, bu istiqamətdə hələ işlər davam etdirilməlidir. Çox təəssüf ki, pandemiya və müharibə ilə bağlı peşə təhsilinin inkişafı istiqamətində görülən işlərdə ləngimə müşahidə olundu. Amma bu sahə inkişaf etməlidir.

-Azərbaycan cəmiyyətində peşə məktəblərinin fəaliyyətinə zərurət nə səviyyədədir?

- İnsanlara peşə öyrədən məktəblərin fəaliyyət göstərməsinə böyük ehtiyac var. Azərbaycan iqtisadiyyatının şaxələnməsi, müvafiq islahatları həyata keçirmək üçün cənab Prezident tərəfindən "Yol Xəritəsi” təsdiq olunub. "Yol Xəritəsi”nin müvafiq bəndlərində peşə təhsilinə xüsusi yer verilib. Vurğulanıb ki, iqtisadiyyatımızın çoxşaxəli istiqamətdə inkişafı üçün güclü kadrların hazırlanmasına ehtiyac var.

Mən hər zaman gənclərin əməyə cəlb olunması, peşəkar işçilər, kadrlar kimi yetişməsi üçün peşə təhsilinin önəmini qeyd etmişəm. Təsəvvür edin ki, ölkədə turizm sahəsində inkişaf gedir, möhtəşəm otellər tikilib, yeni xidmət sahələri açılıb. Amma bu sahələrdə işləyəcək mütəxəssis yoxdur. Bu mütəxəssisləri hazırlayan peşə məktəblərimiz də azdır. Yaxud da, görürsən ki, şirkətlər yaxşı qaynaqçı, santexnik və digər peşə sahiblərini axtarırlar, amma tapa bilmirlər. Bu peşə növlərinə ehtiyac çoxdur, amma peşəkar kadrlar tapmaq çətindir. İllər əvvəl mən Milli Məclisdə məsələ qaldırdım ki, niyə Azərbaycanda fəaliyyət göstərən neft şirkətlərinə işçilər Sinqapurdan, Malayziyadan, Hindistandan gətirilir, amma mənim xalqımın övladları işsiz-gücsüz qalıb? Bilirsiz, iclasdan sonra SOCAR-ın rəhbərliyindəki şəxslər mənə yaxınlaşıb nə dedilər? Dedilər ki, bu saat bizə yaxşı qaynaqçılar lazımdır, yüksək maaşla işə qəbul edirik, amma tapa bilmirik. Demək ki, bu kadrları peşə məktəblərində yetişdirmək lazımdır.          

Azərbaycanda orta məktəbi bitirən uşaqların yalnız 25 faizi universitetlərə daxil olur. Bəs qalanları necə olur? O uşaqların gələcəkdə işlə təmin olunması, peşəkar mütəxəssislər kimi yetişməsi üçün məhz peşə məktəblərinə cəlb edilməsi, onlara keyfiyyətli təhsil verilməsi vacibdir.

Ümumiyyətlə müasir dövr təhsil sahəsindəki islahatların sürətləndirilməsini xüsusilə zəruri edir. Parlamentdə təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə bir sıra qanunlar qəbul edilib. Onların icra mexanizmləri tapılmalı və həyata keçirilməsinə şərait yaradılmalıdır. "Peşə təhsili haqqında" yenilənmiş qanunu qəbul etməklə, ölkədə güclü peşə təhsili sistemini formalaşdırmaqla, biz gənc nəslin işlə təmin olunması sahəsində mühüm problemlərdən birini həll etmiş olarıq.

P.s. Bu müsahibə "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi "Yuxarı sinif şagirdləri və ali təhsil almaq imkanı olmayan gənclər arasında peşə təhsilinin təbliği" layihəsi çərçivəsində hazırlanıb.

İslahat.az