27 Avqust 2021
13:33
22661

Paralimpiya Oyunları: Azərbaycan cüdoçuları ilk gündə üç medal qazandılar - YENİLƏNİR

Azərbaycanın daha bir cüdoçusu medal qazanıb. Bu, Namiq Abbaslıdır. O, 66 kq çəki dərəcəsində bürünc medal görüşünün qalibi olub. Bununla da Azərbaycan cüdoçuları Paralimpiya Oyunlarında ilk gündə üç medal – iki qızıl və bir bürünc medal qazanıb.

12:20

Şahanə Hacıyevanın ardından Azərbaycan cüdoçusu Vüqar Şirinli də qızıl medal qazanıb. O, finalda Anuar Sarıyevi (Qazaxıstan) məğlub edib. Bununla da Azərbaycan cüdoda ikinci, ümumilikdə üçüncü qızıl medalı qazanıb.

11:38

Şahanə Hacıyeva Paralimpiya çempionu olub. O, finalda Sandrin Martineni (Fransa) vaza-ari ilə məğlub edərək Azərbaycana ilk qızıl medalı qazandırıb.

Bununla da Azərbaycan medalların ümumi sayına görə 20-ci pillədə qərarlaşıb. 

08:38

Namiq Abbaslı təsəlliverici görüşdə əvvəlcə Luis Xabdiel Peresi (Puerto Riko), daha sonra Viktor Rudenkonu (Rusiya) məğlub edərək bürünc medal görüşünə vəsiqə qazanıb. Bəsti Səfərova isə təsəlliverici yarışda Nataliya Nikolayçuka (Ukrayna) uduzaraq medalsız qalıb.

Beləliklə, Tokio vaxtı ilə axşam seansında Azərbaycanın iki cüdoçusu – Vüqar Şirinli və Şahanə Hacıyeva final, Namiq Abbaslı bürünc medal görüşünə çıxacaq. Görüşlər Bakı vaxtı ilə saat 11:00-da başlayacaq.

08:29

Daha bir cüdoçumuz finalda mübarizə aparacaq. Şahanə Hacıyeva Viktoriya Potapovanı (Rusiya) ipponla məğlub edərək finala vəsiqə qazanıb.

08:21

Vüqar Şirinli finala çıxıb. O, Aleks Boloqaya (Rumıniya) Golden Score-da vaza-ari xalı ilə qalib gəlib.

07:39

Azəbaycan cüdoçuları Tokio Paralimpiya Oyunlarında mübarizəyə qoşulub.

İslahat.az-ın xəbərinə görə, bu gün dörd cüdoçumuz yarışır.

Qadın cüdoçularımızdan Şahanə Hacıyeva (-48 kq) meydan sahibi idmançısı Şizuka Hanqaya (Yaponiya) ipponla qalib gəlib.

Bəsti Səfərova (-52 kq) Yui Fucivara (Yaponiya) ilə qarşılaşıb və məğlub olub. O, bürünc medal üçün təsəlliverici yarışa qatılacaq.

Kişi cüdoçularımızdan Vüqar Şirinli (-60 kq) Rəcəp Çiftçini (Türkiyə) məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Namiq Abbaslı (-66 kq) 1/4 finalda Serxio İbanyes Banona (İspaniya) uduzub. O, bürünc medal qazanmaq üçün təsəlliverici yarışa qatılacaq.

İslahat.az