13 İyul 2020
15:17
355

Onların qanından TORPAQ iyi gəlir

Ceyhun Alışlı
AzərTAc

Əvvəl Ana Torpaq, sonra Ana Vətən...Torpağın yoxdursa, nə SƏN varsan, nə də Vətən. Dünyada xoşbəxt xalqlardanıq ki, hər ikisinə sahibik. Bəli, sahibik, itirə-itirə gəlsək də...İtirdiklərimizi torpaq ÜSTÜNDƏ axtarsaq tapa bilərik, yalnız. Bu gün Azərbaycan sevdalısı, həm də xoşbəxtdir ki, ona düşməni də bəllidir, dostu da... 
           
Əsgər məktubunda bir dağ göyərir, ətək də Vətəndir, zirvə də Vətən...
Və ya bastığın yerlərə "torpaq” deyərək keçmə, tanı: düşün altında minlərcə kəfənsiz yatanı...

Hər iki misra fərqli şairlərə məxsus olsa da, ikisi də türk dünyasının tanınan simalarıdı. Həm Məmməd Araz, həm də Məhmət Akif Ərsoy yaradıcılığında Vətən, Millət, Torpaq sevgisi kökdən boy atır. Köksündə Vətən sevdalı ürək gəzdirənlər, yalnız bu qədər onu tərənnüm edə, ucalıqda saxlaya bilərlər.

Hər iki şairə görə, Vətən onda OLUB, ondan OLMAQdı... sevgidir, yanğıdır...

Qeyrət, vicdan, məsuliyyət, azadlıqdı... Səndə olan SƏN, mən də olan MƏNdi... bağrında bəslənərək böyüdüyün torpağı köksündə daşımaqdı – Vətən.

Bəli, ona olan sevgimiz, xoşbəxt və firavan yaşayışımızın qarantı, xalq olaraq gücümüzün təminatıdır.

Vətəni sevmək varsa, bir gün uğurunda candan keçmək - Şəhid olmaq da var. Şəhidlik mənəviyyat hadisəsidir! 

Azərbaycan şəhidləri, üzərində gəzdiyimiz torpaqlarda yaratıqları obrazları ilə örnək həyatlarını bizlərə əmanət ediblər. Əmanəti qorumaq şərəf borcumuzdur.  Vətənin elə bir yeri yoxdur ki, bu gün oradan Şəhid qoxusu gəlməsin. Azərbaycan torpaqlarında şəhadətləri ilə tarix yazan neçə-neçə qəhrəman oğul və qızlarımız, Vətənin həm tarixidir, həm də gələcəyi... əbədiyyətdə nur saçan əbədilərdi onlar...

Mənim Şəhidimin mahiyyəti də, bənzərliyi də, əslində Vətəndir. O müqəddəs ucalığa çatanlar,  Xalqın, Vətənin övladlarıdırlar.

Əslində, Azərbaycanın bütün Şəhidləri bir-birinə bənzəyirlər. Bu oxşarlığı onların şəkillərində, başdaşılarında daha çox sezmək mümkündür. Onların öz silahları ilə çəkdirdikləri şəkillərdən şəhadətlik istəyi alovlanır. Bəlkə, silahdan təkəlli yapışıb lüləsini yuxarı qaldırmaqla, ləyaqətlə başını dik tutaraq, ayaqlarını da azca aralı saxlayıb, biləyini içəriyə qatlamaqla, səhra geyimində şəkil çəkdirmək artıq Şəhidlərin sırasında durmaqdır. Yoxsa, Şəhid olmaq üçün əvvəlcə, şəkillərdə OLMALISAN... 

Adama elə gəlir ki, şəhadətlik məktəbi şəkillərdən başlayır anadan igid doğulanlar üçün... Bəlkə, Şəhid olmaqdan ötrü əvvəlcə,  şəkillərdə şəhid düşməlisən... birinci, şəkillər şəhid olur, sonra şəkildəkilər...

Hər şey torpaqdan yaranır, hətta tarixi də TORPAQ yaradır. Dünyada nə varsa, hamısı torpaq anlayışında təcəlla edir. Azərbaycanın əbədiyyət bəxtiyarları torpağa sarı getməkdə davamlıdırlar. Çünki onların qanından TORPAQ iyi gəlir. 

Allah, Vətən və Millət yolunda canını fəda edib, qəhrəmanlıq dastanına qanları ilə adlarını yazanların qəhrəmanlıqları kimi, ADLARI da hər zaman ən ali və ülvi sevgiyə haqq edir. Onlar bu sevgi ilə Vətən uğurunda candan keçmək hisləri formalaşdırırlar. Bu mənada, Şəhidlik - dünyada heç kimin mane ola bilmədiyi AZADLIQdı. 

Azərbaycan Şəhidləri Tanrı dərgahında irqindən, dilindən, cinsiyyətindən, dinindən və siyasi baxışlarından asılı olmayaraq, təmin olunmuş HAQlara və HÜQUQlara malik azadlıq AŞİQLƏRİdirlər. Ölkənin uğurunda candan keçən bütün qəhərmanların AZADLIQları qarşısında əyilməyə borcluyuq. Şəhidlər haqqında söz dedildiyi kimi, onların ailələri haqqında da deyilə bilər... amma elə əslində, xoş SÖZ onlar haqqında deyilməli, danışılmalıdır. Bəzilərinin ölkənin Şəhidi və onun ailəsinin xətrinə dəyməsi, təəssüf ki, Vətənin ruhuna əziyyət verməkdir, Şəhadət məktəbinin növbədə duran yüzlərlə qurbanının qəzəbinə gəlməkdir. Bəzən "yaxşı görünmək” istəyən insanlar, nahaq və naköndəm ifadələri ilə toplum və onun QƏHRƏMANları üçün təhlükəyə çevrilirlər. 

Şəhid yetişdirən CƏMİYYƏT HAQQı heç zaman müzakirə etmir, hətta müzakirə mövzu olsa da... Çünki Şəhidlərin Vətənində haqsızlıq etməyə icazə verilmir!
 
İslahat.az