14 Dekabr 2021
15:29
21233

“Omicron”a yoluxmalar 5 dəfə artacaq – Tibb elmləri doktorundan XƏBƏRDARLIQ

"Artıq Pfizer/BioNTech peyvəndlərinin "Omicron”a qarşı effektivlik dərəcəsi klinik tədqiqatlarla da sübut edilib. Bu, 2 dozadan sonra 35% və buster dozadan sonra isə 75% təşkil edir”.

İslahat.az xəbər verir ki, bunu Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev deyib. Mütəxəssisin sözlərinə görə, bu gün problemli məsələlərdən önəmlisi "Omicron”a qarşı qeyd edilən effektivliyin nə qədər müddətə qalıcı olmasıdır:

"Əgər həmin effektivlik qısa zamanda - ilk aylarda yox olarsa, ölkələrdə "Omicron”a görə gündəlik baş verən yoluxmalar 5 dəfə artacaq. Artıq Avropada "Omicron”un yayılması təəssüflər olsun ki, sürətlənib. Norveçin səhiyyə idarələri xəbərdarlıq edirlər ki, əgər ölkədə yeni ştama qarşı elmi əsaslı tədbirlər görülməsə, bu gün gündəlik 1000 olan yoluxmaların sayı 300 mini ötəcək”.

N.Abdullayev qeyd edib ki, hazırda strategiya "Delta”ya qarşı effektiv mübarizə apararaq "Omicron”a görə yaranacaq növbəti dalğanın epidemioloji olaraq istiqamətini dəyişmək olmalıdır:

"Bu gün elmin yaratdığı şərait buster peyvəndləmənin sürətini artırmaq və peyvəndləməni "Omicron”un yoluxuculuq əmsalından sürətli tətbiq etməkdir. Bu mübarizə üsulu yeni varianta qarşı effektiv, modifikasiya olmuş peyvəndlər çıxana qədər gedilən yol olmalıdır. İngiltərədən olan növbəti tədqiqatın nəticələri onu göstərir ki, 2-ci doza peyvənddən 4 ay keçdikdən sonra peyvəndlər simptomatik xəstəlikdən qoruyuculuğunun 2/3 -i itir. Ağır kliniki gedişatdan qorumaq effektivliyi isə uzun müddət saxlanılmalıdır”.

İslahat.az