09 Dekabr 2021
11:43
22301

“Omicron” ştamına qarşı xüsusi peyvənd hazırlanır – Mart ayından etibarən...

COVID-19-un yeni növü olan "Omicron”a qarşı peyvənd hazırlanır.

İslahat.az xəbər verir ki, "Pfizer” və "BioNtech” şirkətləri sözügedən ştam əleyhinə peyvəndin gələn ilin mart ayında təqdim ediləcəyini açıqlayıb.

Qurumlar, həmçinin hazırda istifadə olunan peyvəndin üç dozasının yeni variantı zərərsizləşdirəcəyini, lakin iki dozanın yetərsiz olduğunu bildirib. ""Omicron” variantı üçün xüsusi peyvənd hazırlamağa davam edəcəyik. Ümid edirik ki, peyvənd mart ayından etibarən satışa çıxacaq", - deyə şirkətlərin birgə açıqlamasında əks olunub.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən "sürətlə yoluxan xəstəliklər” kateqoriyasına daxil edilən "Omicron” variantı ilk dəfə noyabrın sonunda Cənubi Afrika Respublikasında aşkar edilib, daha sonra isə bir çox ölkədə variantın izlərinə rast gəlinib. ÜST son açıqlamasında ilkin məlumatlara əsasən, "Omicron”nun sələfindən daha təhlükəli olmadığını bildirsə də, dəqiq nəticə üçün araşdırmalara ehtiyac olduğunu vurğulayıb.

İslahat.az