05 Avqust 2021
12:13
23353

“Nobel” mükafatı qazanmağı hədəfləyən azərbaycanlı gəncin adı kitaba düşdü - FOTO

Dünyaya faydalı ola biləcək layihələrə imza atan gənclər barədə qələmə alınan kitabda azərbaycanlı gənc Reyhan Camalovanın da adı var.

İslahat.az xəbər verir ki, Tom Adams tərəfindən qələmə alınan "Kids Story” adlanan kitab işıq üzü görüb. 

Kitabda müxtəlif ölkələrdə olan uşaqlar və onların hazırladığı maraqlı layihələr barədə məlumatlar qeyd edilib. Onlar arasında gənc ixtiraçı Reyhan Camalovanın da adı var. R.Camalova Hindistanın Heydərabad şəhərində keçirilən VIII Qlobal Sahibkarlıq Sammitində iştirak edib. Müasir dövrdə alternativ enerji mənbələrinə daha çox ehtiyac olduğunu, bu sahəyə xüsusi marağının yarandığını və nəticədə yağış suyundan enerji istehsal edən qurğu - "Rainergy” qurğusunun hazırlayan azərbaycanlı Reyhan Camalova barədə kitabda məlumat və karikaturalar əks olunub. 

Bununla bağlı fikirlərini bölüşən Reyhan Camalova kitab barədə öyrəndiyində təəccübləndiyini deyir:

"Bu yazı dünya çapında ən ilhamverici və gördükləri işlərlə dünyaya faydalı olan və olmağa çalışan 50 uşaq haqqında yazılan kitaba daxil edilmiş hekayələrdən biri idi. Kitab mənə çox maraqlı gəldi və Amazondan bu kitabı sifariş verdim. Bu gün kitab mənə çatdı. Həqiqətən də, gözəl kitabdır və Azərbaycanın adının bu kitabda yer alması, dünya uşaqlarının ilhamlandırılmasına ünvanlanan bu kitabda mənim də adımın olması çox fərqli hislər yaşatdı mənə. İnanıram ki, gələcək illərdə görəcəyim işlərlə cəmiyyətə daha da faydalı olaraq mənə göstərilən bu etimadı doğruldacağam”.

Qeyd edək ki, Reyhan Camalova gələcəkdə tanınmış elm adamı olaraq "Nobel” mükafatı qazanmaq istəyir.