31 Oktyabr 2019
14:04
631

Nərimanov rayonunda "Rəqs marafonu" adlı rəqs müsabiqəsi layihəsinin son seçim turu keçirilib

30 oktyabr 2019-cu il tarixdə 202 saylı tam orta məktəbdə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və "Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Rəqs marafonu" adlı rəqs müsabiqəsi layihəsinin son seçim turu keçirilib.

İslahat.az xəbər verir ki, seçim turunda "Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin sədri Pərviz Mustafayev, 202 saylı tam orta məktəbin direktoru Arzu Süleymanova, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov, İctimai Birliyin baş katibi, layihənin təlimçisi Röya Rzayeva, münsiflər heyəti və 60 nəfər fəal gənc iştirak etmişlər. 

İlk öncə qonaqları salamlayan 202 saylı tam orta məktəbin direktoru Arzu Süleymanova tədbirin mahiyyəti və gənclər üçün faydası barədə danışaraq qeyd etdi ki, ölkəmizin hər yerində yaradıcı gənclərə rast gəlmək mümkündür. Cəmiyyətimiz gənclərə ehtiyac duyur, buna görə onlar üçün hər bir şərait yaradılır. Ölkəmizin sosial, iqtisadi, mədəni inkişafında əlbəttə ki, gənclərin böyük rolu vardır. Həmçinin dünyada gənclərin aktivliyi, gənclərin formalaşması, cəmiyyətdə, dövlətə verdiyi qayğı və fayda əvəz olunmaz həddə çatıb. Buna görə də dünyanın hər bir ölkəsində gənclərə xidmət edən, onların bilik və bacarıqları üzə çıxarda biləcək, onlardan faydalanma imkanı verə biləcək  təşkilatlar yaradılır.

Sonra "Yeni Gələcək" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Pərviz Mustafayev layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin əsas məqsədi istedadlı gənc rəqqasları müəyyən etmək, onları dəstəkləmək və yaradıcılıq potensialını, rəqs təhsilini inkişaf etdirmək, ümumilikdə uşaq, yeniyetmə və gənclər arasında müxtəlif rəqs növlərinə marağı artırmaq, rəqs mədəniyyətini və incəsənətini təbliğ etməkdir. P.Mustafayev qeyd etdi ki, layihənin vəzifəsi uşaq, yeniyetmə və gənclərin mənəvi inkişafının təmin edilməsinə, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına kömək etmək və asudə vaxtlarının səmərəli təşkil edilməsindən ibarətdir.

Daha sonra Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov layihə iştirkaçılarını salamladı və qeyd etdi ki, yaradıcı gənclərin formalaşmasının başlanğıc təməli ictimai məktəblərdən, ali təhsil müəssisələrindən  qoyulur. Hər bir gəncin kiçik yaşlarından  əldə etmək istədiyi, dəyər verdiyi və onun reallaşmasına can atdığı arzuları vardır, bununla yanaşı xüsusi qabiliyyət və bacarıqları vardır  ki, onların hesabına yaradıcı gənc kimi formalaşmağa başlayırlar. Çıxışının sonunda V.Ömərov bütün iştirakçılara uğurlar arzuladı.

Çıxışlardan sonra layihənin seçim turuna start verildi. Layihədə 7-29 yaşlı uşaq, yeniyetmə və gənclər iştirak edirlər.

Qeyd edək ki, layihə müddətində artıq 3 seçim turu keçirilib, 31 oktyabr 2019-cu il tarixdə yarımfinal və 05 noyabr 2019-cu il tarixdə nəticələrə uyğun olaraq qala konsert təşkil ediləcək. 

İslahat.az