10 May 2019
14:51
391

“Neftçi” - “Qarabağ” oyunu ilə bağlı xəbərdarlıq

Son günlər sosial şəbəkələrdə Premyer Liqanın 11 mayda keçiriləcək sonuncu turu - "Neftçi” - "Qarabağ” qarşılaşması ilə bağlı xoşagəlməz müzakirələr edilməkdədir. Ölkə çempionatının keçirilməsinə cavabdeh olan PFL bəyan edir ki, görüşdən əvvəl və ya sonra, oyun ərzində ictimai asayişi pozan, təhrikedici və təhqiredici hərəkətlərə yol verən şəxslər hüquqi müstəvidə cəzalandırılacaq.

Bu barədə PFL-in rəsmi saytında yerləşdirilən bəyanatında deyilir.

"Oyuna gələn şəxslər stadion turniketlərində polislər tərəfindən yoxlanılacaq. Stadiona hər hansı qanunazidd əşyalar, təhqiredici və qıcıq yaradacaq pankartlar, plastik qablar, alışqan keçirtmək qadağandır və qeyd olunanlar polislər tərəfindən alınacaq.

Bu kimi halları nəzərə alan PFL oyuna ən azı iki saat öncədən gəlməyinizi, diqqətli olmağınızı, rəqib azarkeşlərə hörmət etməyinizi xahiş edir.

Qarşıda "Neftçi” və "Qarabağ”ı, eləcə də digər komandalarımızı avrokuboklarda ciddi sınaqlar gözləyir. Azarkeşlərimiz məhz bu gündən bir olub, komandalarımızı beynəlxalq miqyasda dəstəkləməlidirlər. Biz nəyə qadir olduğumuzu bir yumruq kimi Avropa meydanlarında göstərməliyik”, - deyə açıqlamada bildirilir.

Oruc tutan şəxslər üçün stadionda "Neftçi” klubu tərəfindən xüsusi yerlər hazırlanacaq.

Qeyd edək ki, oyunun keçiriləcəyi "Bakcell Arena” "Neftçi”nin ev stadionu sayılır. Lakin "Qarabağ”a qızıl medallar və çempionluq kuboku bu stadionda veriləcəyindən, bu, "Neftçi” azarkeşlərinin qıcığına səbəb olub.

İslahat.az