Bir il ərzində yaranmış "Nəfəs” İnsanlığa Dəstək İctimai Birliyi 2021-ci il böyük nailiyyətlər ilə geridə qoyur.
İslahat.az "Yeni Gündəm”-ə istinadən xəbər verir ki, eyni maraqlar uğrunda birləşmiş könüllülərin təşəbbüsü ilə yaradılan, ictimai əsaslarla fəaliyyət göstərən, gəlir əldə etməyi nəzərdə tutmayan, fəaliyyət istiqamətini yardımlaşma və dayanışma prinsipləri əsasında həyata keçirən bu insanlıq hərəkatı bu il çıxdıqları yolda yüzlərlə insana və ailələrə maddi-mənəvi dəstək olub, onların arzularını reallışdırmağa çalışıb.
Birliyin bir illik hesabatında bildirilir:
"Məqsədimiz ölkəmizin sosial, ictimai və mədəni həyatında əhəmiyyətli işlər görərək öz dəstəyimizi göstərməkdir. Platformamız sosial problemlərin həlli istiqamətində xüsusi qayğıya ehtiyacı olan insanların həyatlarına toxunur, onlara nəfəs olmaq üçün yardımsevər insanları bir araya toplayır. Biz həmçinin, qloballaşan dünyamızda milli-mənəvi dəyərlərimizi qoruyub saxlamaq və mədəniyyətimizi geniş şəkildə təbliğ etmək istəyirik.
Çox böyük ümidlərlə və qəlbimizin ən səmimi duyğuları ilə çıxdığımız bu yolda əsas məqsədimiz insanlara, heyvanlara, təbiətə, bir sözlə xüsusi qayğısı olan bütün canlı aləmə nəfəs olmaq əlimizdən gələn maddi-mənəvi bütün dəstəyi göstərmək idi. Fəaliyyət istiqamətimiz müxtəlif olsa da əsas gücümüz şəhid və qazi ailələrinə ayırdıq. Çünki ölkəmiz çox çətin və çox həssas bir dönəmdən keçdi. Doğrudur, şükürlər olsun ki, Vətən müharibəsindən, haqq savaşından qalib ayrıldıq, Qarabağımızı yenidən geri qazandıq. Lakin bu əvəzolunmaz hisləri bizə yaşadan şəhid və qazilərimizdən aldığımız xəbərlər bizi olduqca narahat edirdi. Düşündük, dedik ki, madam ki, həyatdayıq, gücümüz yetir, bir şeylər etməliyik. Bu minvalla qollarımızı çirmələyib, işə başladıq”.
Qeyd olunub ki, birlik bir il ərzində 189 şəhid və qazi ailəsində
evini ziyarət edib, onların həyat hekayələrini dinləyib:
"Çalışdıq ki, yalnız mərkəzdə, Bakıda yaşayan qazi və şəhid ailələrini deyil,
bölgələrdə yaşayanları da diqqətdən kənarda qoymayaq. Mövcud imkanlarımız
daxilində müxtəlif bölgələri ziyarət etdik, sağlamlığını itirmiş 45 qazinin
müayinə və müalicə xərclərini qarşıladıq onlardan 8-nin cərrahiyyə əməliyyatını
həyata keçirdik. 53 şəhid və qazi ailəsinin sosial həyatına birdəfəlik maddi
dəstək göstərdik. 4 ailənin mənzil şəraitinin yaxşılaşdırılmasına kömək etdik,
evlərini bütün növ mebel və əşyalarla təmin etdik. Bir şəhidimizin dünyaya
yenicə göz açan övladını bir il boyunca himayəyə götürdük və bütün
ehtiyaclarını qarşıladıq. Bir şəhid bacısını həkim tövsiyəsi əsasında əməliyyat
etdirdik”.
"Nəfəs” İctimai Birliyi əsas gücünü bu istiqamətə ayırsa da digər sahələri də unutmayıb:
"İstər sosial, istərsə də mədəni, istərsə də ekoloji, gücümüz nəyə
çatdısa ona yetməyə çalışdıq.
Bu il ərzində "Bir ağac bir nəfər” devizi altında iki böyük ağacəkmə aksiyası
həyata keçirdik. Ümumilikdə 700 fidana nəfəs verdik, onları torpağa qovuşdurduq.
Təhsil də bizim üçün ən önəmli sahələrdən biridir. Gələcəyə nəfəs olaq deyərək,
bu istiqamətdə fəaliyyətimizi gücləndirdik. İl ərzində sosial təminatı aşağı
olan 16 tələbənin təhsil xərclərini qarşıladıq və böyük qürur hissi ilə qeyd
etmək istərdik ki, onlardan 11-i qəhrəman şəhidlərimizin övladıdır və ali
təhsillərini Türkiyədə davam etdirirlər.
Bununla yanaşı "Bir çanta bir sevinc” adlı kampaniyasını da həyata keçirdik və Bakı, Sumqayıt da daxil olmaqla bölgələrdə yaşayan qazilərimizin ümumilikdə 85 məktəbli övladına dərs ləvazimatlarından ibarət məktəbli çantası təqdim etdik, onlara yeni təhsil ilində uğurlar arzuladıq.
İl boyunca məktəblilərin asudə vaxtlarının səmərəli keçməsi üçün
"Bonus” Gənclər Birliyi ilə birgə layihə həyata keçirdik. Yeniyetmələrdə oxu
vərdişini yaratmaq, onlarda dünya görüşünü inkişaf etdirmək və xarici dilə
ədəbiyyata olan maraqlarını artırmaq üçün mütaliə və danışıq klubları təşkil
etdik və uğurla yekunlaşdırdıq.
Ümumilikdə 110 ailənin sosial qayğılarına maddi və mənəvi dəstək olduq. Ailə
başçısını itirmiş 2 xanımın sənət öyrənməsi üçün kursa yazdırdıq, bölgələrdə
yaşayan iki ailənin isə yarımçıq qalmış mənzil tikintisini tamamladıq.
Fiziki məhduddiyyətli dostlarımızı da unutmadıq.
Anadangəlmə autism xəstəliyindən əziyyət çəkən bir uşağın ürəyinə
nəfəs olmaq üçün idman, psixoloq və digər prosedurlarını həyata keçirdik və
olduqca müsbət nəticələr əldə etdik.
Eyni diaqnozlu bir uşağın da bu ay eyni prosedurlarına başlamışıq.
Bununla yanaşı Nərimanov rayonunda yerləşən gözdən əlillər üçün nəzərdə tutulan
yataqxanada olduqca çətin şəraitdə yaşayan 15 gözdən əlil ailəsini ziyarət
etdik onların sıxıntılarına ortaq olduq. Sonra da tanış olduğumuz Azərbaycan
Pedaqoji Universitetinin tarix və coğrafiya fakültəsinin 4-cü kurs tələbəsi,
Kamal adlı bir gəncin kəsir borclarını qarşıladıq. Dünyanı gözləri yox,
könülləri ilə yaşayan bu insanları daim diqqət mərkəzində saxlamaq onların
həyatların kiçik də olsa toxuna bilmək bizi xoşbəxt etdi.
Ötən aylarda xalça muzeyində təşkilinə dəstək olduğumuz "Sərhədsiz
sənətkarlıq” adlı xeyriyyə sərgi satış yarmarkasını da
uğurla yekunlaşdırdıq. Sərgidə fiziki məhdudiyyətli bir qrup istedadlı
dostumuzun rəsm əsərəri və əl işləri nümayiş olundu.
"Nəfəs” İctimai Birliyi olaraq bir müddət ehtiyacları ilə yaxından
maraqlandığımız gənc rəssam Ceyhunun da bu sərgidə iştirakı və əsərlərinə olan
böyük maraq bizə ayrıca qürurlandırdı.
Sevindirici haldır ki, 3 gün davam edən sərgidəki rəsm əsərlərinin demək olar
ki, böyük əksəriyyəti aksiyanın elə ilk günündəcə satıldı. Bu isə özlüyündə bir
daha onu göstərdi ki, ölkəmizdə bu növ sərgilərə laqeyd yanaşılmır.
Bu il həmçinin birliyimizin maddi dəstəyi ilə iki kitab da nəşr olundu. Millli
Məclisin mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın təşəbbüsü ilə yazıçı
Güləmail Muradın "Tovuz döyüşləri”, Rauf
Bəhmənlinin "Unudulmuş Azərbaycan marşları” kitablarının
təqdimat mərasimi elə birliyimizin ofisində baş tutdu.
İl bizim üçün çox gözəl yekunlaşdı, Belə ki, Nəfəs İctimai Birliyi bir neçə QHT
tərəfindən müxtəlif tərifnamələr və təşəkkürnamələr ilə təltif olundu.
Yola çıxdığımız ilk ildə həyata keçirdiyimiz işlərin, nəfəsi olduğumuz
insanların hər ötən ayda sayca çoxalması bizim ən böyük motivasiya mənbəyimizdir”.
Xatırladaq ki, "Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyevadır.
İslahat.az