20 Mart 2021
00:52
13781

"Nə kişi, nə də qadın paltar yumasın" - Psixoloq Rövşən Nəcəfov (MÜSAHİBƏ)

Xeber24.az-da "Paraqraf” layihəsinin bu dəfəki qonağı "İnsan Mühəndisliyi” proqramının rəhbəri, psixoloq Rövşən Nəcəfovdur.

İslahat.az həmin müsahibəni təqdim edir:

Son günlərdə ölkədə gənc qızların intihar halları artmaqdadır. Sizcə, buna səbəb nədir?

Ümumiyyətlə, intihar hadisələrinə baxış 2 formada olur. Ya insan həyatdan bezir, ya da cəsarət nümayiş etdirir. Bu gün bizim insanlarımız natamamlıq kompleksi keçirirlər və bunun həyatda tamamlanması üçün valideyn ona heç bir dəstək olmur. Xüsusən də mənəvi dəstəkdən söhbət gedir. Bizim valideynlərimiz düşünür ki, maddi olaraq övladlarını tam təmin etsələr, onlar artıq öz missiyalarını doğru yerinə yetirmiş olacaqlar. Amma, övladın əsas gözləntisi valideyn tərəfindən ona olan mənəvi dəstəkdir. Yəni, övlad səhv belə etsə, valideyn onun yanında durmalıdır. Çünki, biz öz səhvlərimizlə böyüyürük və çoxlu səhvlər etməliyik ki, həyatda təcrübə qazanaq və öz həqiqətimizi tapaq. İstənilən insan, istənilən kateqoriyaya uyğun olan şəxs hər zaman öz həqiqətinin axtarışında olur və o öz həqiqətini tapması üçün bəzən dəstək istəyir. Bu dəstəklər həqiqəti əks etdirməyəndə və bunu valideynlə müzakirə etməyəndə belə hallar ortaya çıxır. İnsan depressiyaya uğrayır. Bu depressiya da elə bir hadisədir ki, yüngül başlayır və bir müddətdən sonra patoloji hala keçir. Bu hala keçəndən sonra isə intihar hadisəsi baş verir. Yəni, bir hadisə ilə nəticələnir. Şərt deyil ki, bu intihar olsun. Həmin insan öz həyatı ilə bağlı heç vaxt qərar verə bilməz. Və sadə dildə desək, öz ayaqları üstündə dura bilməz. Bizim valideynlərimiz övladlarına diqqəti artırmalıdır. Yəni, bu nəzarət diqqəti deyil, söhbət onun dinlənilməsindən, müzakirə edilməsindən gedir. Övladının verdiyi qərarlara hörmət etməkdən gedir. Bunu etməyəndə, övlad artıq öz həqiqətini ailəsində yox, ailəsindən kənarda müzakirə edir və bəzən bu müzakirələr onu yanlış istiqamətlərə yönləndirir. Yanlış addımlara təhrik edir.

Sizcə ailədə valideynlərin hansı davranışları övladlarının intihara əl atmasına səbəb ola bilər?

Konkret yanaşsaq, valideynlərin bu gün övladları ilə verdikləri qərarlar yanlışdır. Valideyn düşünür ki, onun övladı səhv etməməlidir. Onun övladı tam təhlükəsiz böyüməlidir. Onun övladının həyata baxışı onunla eyni olmalıdır. Övlad isə gənc yaşlarında artıq cəmiyyət üçün addımlar atır. Özünü təsdiq, şəxsiyyət prosesi başlayır. Və bu şəxsiyyətin tamamlanması üçün, bu portretin yaranması üçün gənc yaşlarımızda biz hər şeylə maraqlanırıq. Bu maraqlar bəzən yanlış maraqlar ola bilər, lakin, hər zaman insan öz maraqlarını qorumağa çalışır. Gənc yaşda hər hansı bir musiqi növünü sevirik, bu musiqi növünü valideyn sevmirsə, gənclə valideyn arasında mübahisə yaranır. Yəni, müzakirə yox, mübahisə. İnsanları nəyəsə təhrik edən məhz mübahisələrdir. Mübahisə etmək olar, amma, mübahisənin predmetləri bir az fərqlidir. Ailə ilə insan mübahisə etməz, müzakirə edər. Yəni, debat anlayışı var və biz debatı ailəmizlə yox, cəmiyyətlə edirik. Fərqli fikirlərlə edirik. Bu bir az başqa bir prosesdir. Amma, valideynlə övlad arasında önəmli olan müzakirələrdir. Müzakirələr olmayanda, övlad artıq özü istədiyi kimi davranmağa başlayır. Heç bir istiqamət götürmədən, o, düşünür ki, bütün həqiqətlər ondadır. Və valideyn də onun həqiqətlərini, qərarlarını qəbul etmir. Bu halda artıq kompromis yaranmır. Belə olan halda da artıq həyatı ilə bağlı radikal addımlar atır. Fiziki intihardan əvvəl insanın birinci mənəvi intiharı başlayır. İnsan mənəvi olaraq öldükdən sonra fiziki olaraq ölür. Yəni, övlad artıq mənəvi ölübsə, onunla bağlı valideyn mütləq psixoloqa müraciət etməlidir ki, övladı xilas etsin.

İntihar etmək düşüncəsində olan birinin bu addımını hansı hərəkətlərdən sezmək olar?

İntihar etmək istəyən insanı bir neçə müşahidə metodları var. Hansı ki, bəzən bizdə intihar deyəndə obraz belədir - o özünü tərki dünyaya aparır və o düşünür ki, heç kim onu başa düşmür, qapalı olur və s. Əslində intiharın əsas müşahidəsi odur ki, insan deyib, gülərək də intihar edə bilər. Önəmli olan onun daxilində olan dialoqudur. Və psixologiyada biz buna suisidal fikirlər deyirik. Suisidal fikirləri olan insanları mütləq diaqnostika etmək lazımdır ki, onun hərəkətlərinin istinad nöqtələrini tapaq. Yəni, o istinad nöqtələrini tapmadıqdan sonra, pasiyentlə müzakirə etmədikdən sonra onunla bağlı qərar vermək olmaz ki, məhz bu davranışları onu intihara sürükləyib. Amma, bir məqamı xüsusi vurğulamaq istəyirəm. İnsanın həyatında müxtəlif mərhələlər var ki, həmin mərhələlərdə o insana qarşı çıxılanda, o insan addımı şüursuz şəkildə atır. Burda 2 cür intihar yanaşması var: Bir, sən intihar etməyə qərar verirsən. Bir də var ki, sən artıq heç nə düşünmədən, heç bir məntiqi əsası olmadan intihar edirsən. Belə olan halda onunla psixoterapevtik söhbətlər etməsən, bilmək olmaz ki, o nəyə görə intihar edib. Ailə daxili münaqişələr ola bilər, hər hansısa bir şəxsi münasibətlərdə problemlər ola bilər. Və o problemlərdən çıxış yolunu intiharda tapıb. Və yaxud da hər hansısa bir filmin, kitabın da təsiri ola bilər. Bu artıq onun verdiyi qərardan asılıdır. Psixologiyanın birinci şərti qarşı tərəflə empatiya qurmaqdır. Amma, o empatiyanın qurulması üçün qarşı tərəfin var olması lazımdır. Artıq hadisə baş verdikdən sonra onunla bağlı şərh vermək olmur. Kənardakıların fikri ilə şərh verməyə çalışacağıq. Ancaq, kənardakıların müşahidəsi psixoloq müşahidəsi deyil. Yəni, insani müşahidədir. O müşahidə də isə hər kəs öləndən sonra müsbət fikirlər deyilir.

Cəmiyyətimizdə belə bir fikir formalaşıb ki, ancaq analar övladları ilə danışmalı, tərbiyə verməlidir. Sizcə burada atalar necə davranmalıdır?

Ümumiyyətlə, ailə təkcə anadan ibarət deyil. Bu çox yanlış bir fikirdir ki, övladla ana maraqlanmalıdır. Yəni, əgər ana maraqlanacaqsa, onda atanın rolu nədir? Ancaq pul qazanmaqmı? Belə yanaşmaq olmaz ailələrə, çünki bu gün standart Azərbaycan ailəsi bu missiyanın üzərindədir ki, ata gedir səhərdən axşama kimi işləyir, ana da uşaqların tərbiyəsi ilə məşğul olur. Amma, bu belə deyil. Ailə dediyimiz bütöv olmalıdır. Çünki övladın atadan da, anadan da gözləntisi anlayışdır. Və atanın da diqqət ayırmalı olduğu nüanslar var. Məsələn, bu gün biz cins olaraq övladları ayırsaq, qızın anası ilə dost olması, oğlanın da atası ilə dost olması daha uğurludur. Amma, bu o demək deyil ki, qız öz atası ilə heç nəyi müzakirə etməməlidir. Və yaxud oğlan öz anası ilə nəyisə müzakirə etməməlidir. Bunlar bir növ dostluq münasibəti üzərində qurulmalıdır ki, övlad etdiyi yanlışı öz anası ilə, atası ilə bölüşə bilsin. Onun həyatı ilə bağlı növbəti addımlarında müzakirə olsun və qərar verməkdə ona dəstək olsunlar. Bu gün ailələrdə övlad ixtisas seçimi edir. Valideynlər buna şiddətli dərəcədə qarşı çıxır. Hətta uşaq vaxtından düşünürlər ki, mənim uşağım böyüyəndə filankəs olacaq. Nəticəsi odur ki, sabah uşaq onu istəməyəndə, valideyn ona təzyiq etməyə başlayır. Övladın fikrini öyrənmədən, heç vaxt onun haqqında qərar qəbul etmək olmaz. Bizim valideynlərimizin mənfi cəhəti budur ki, öz uşaqlarının kim olduğunu bilmirlər. Önəmli olan uşağın istəkləri, arzuları, xəyallarıdır. Onu mütləq müzakirə etmək lazımdır. Onun elə bir istedadı ola bilər ki, onu kəşf etmək lazımdır. Çox təəssüf ki, məktəblərdə psixoloqlarımız uşaqları kəşf etmirlər. Peşə ilə bağlı xarakter testi edilmir. Çünki, istənilən peşə xarakterə bağlıdır. Məsələn, bir insan həkim olmaq istəyirsə, niyə müəllim olmalıdır?! Axı o yaxşı cərrah ola bilər. Valideyn də öz övladına o peşə istiqamətində dəstək verməlidir ki, sabah özü həyatda olmayanda, övlad öz sevdiyi və bacardığı işdə uğurlu ola bilsin.

Adətən bizim ailələrdə övladla intim söhbətlər etmək normal sayılmır. Halbuki valideynin övladla bu barədə danışması, düzgün yol göstərməsi daha doğrudur. Sizcə də belə deyilmi?

Ümumiyyətlə, intim mövzular konservativ cəmiyyətlərdə həmişə "vau" effekti yaradır. Sosial şəbəkələrdə də müşahidə edirik ki, istənilən intim mövzu daha çox maraq çəkir. Bu ondan irəli gəlir ki, təfəkkür konservativdir. Bu ailələrdə də belədir. Nə məktəblərimizdə, nə ailələrdə bununla bağlı heç bir maarifləndirmə metodologiyası yoxdur. Məsələn, biz bu gün qınaya bilərik ki, valideyn övladı ilə niyə intim mövzuları müzakirə etmir? Necə etsin? Hansı fikirlərlə yanaşsın? Övlad onu necə qarşılayacaq? Necə empatiya qursun? Eyni qayda da övlad hansı fikirləri ilə valideynə yanaşmalıdır ki, biz bu mövzuda danışaq. Məsələn, ola bilər ki, xanımlar aralarında bu mövzunu daha rahat danışa bilərlər. Qız övladı öz anası ilə daha çox rəfiqə olur. Nəinki, oğlan övladı öz atası ilə dost olsun. Biz bunu dəfələrlə müşahidə etmişik və görmüşük ki, qız uşaqları anaları ilə rəfiqə ola bilirlər. Amma, oğlan uşaqlarının ataları ilə dost olması çox çətindir. Çox çətin bariyerlər var, o bariyerləri aşa bilmirlər. Amma, mütləqdir ki, cəmiyyəti bu sahədə maarifləndirmək lazımdır. Yəni, intim mövzu qeyri-adi deyil, bu təbiətdir, insan təbiətinə aid olan bir şeydir. Və hər kəsin intim həyatı var, intim həyatın tibbi tərəfi də var, psixoloji tərəfi də var. Bunlar cəmiyyətə, şagirdlərə, tələbələrə izah olunmalıdır ki, gələcəkdə bunun cəmiyyətdə psixoloji və fiziki fəsadları yaşanmasın.

Sosial şəbəkədə çıxışınızdan göründüyü kimi ölkədəki təhsil sistemindən narazısınız. Təhsil sistemində hansı dəyişikliyə ehtiyac olduğunu düşünürsünüz?

Təhsil mənim ən çox müzakirə etdiyim sahədir. Ümumiyyətlə, mən xarakter olaraq narazı insan deyiləm, narahat insanam. Ona görə narahatam ki, bu gün baş verən hər hansısa bir proses, hansısa bir hadisə və hekayələr bu narahatlığı yaradır. Hansı ki, bu gün Azərbaycan təhsilindən bizim hamımızın böyük gözləntilərimiz var. Bu gözləntilər nədir? İnsanların sağlam fikrinin formalaşması. Yəni, təhsil təkcə "Manna dövləti nə vaxt yarandı?”, "Riyazi düsturları bilirsənmi?”, "İsmin halları” və s. demək deyil, təhsil sənin dünyagörüşünün formalaşmasıdır. O bilgilər bizə sadəcə olaraq istinad nöqtələri yaradır. Yəni, məktəb dövrü bitir, biz müəyyən tədrislərlə tanış oluruq, daha sonra ali məktəb dövrü başlayır və ali məktəb dövründə o kök olmasa onu biz yetişdirə bilmərik. Və bu zəncir qırılanda, həmin insanın gələcəkdə hər hansı bir sahədə peşəkar fəaliyyət göstərməsinə çox böyük maneə törədir. Bu gün təhsildə çox böyük dəyişikliyə ehtiyac var. Bu dəyişikliklər - qeyri-formal, informal təhsil sahələrinin inkişaf etdirilməsi ilə bağlıdır. Ənənəvi təhsil çox gözəldir. Hər kəs gedir, oturur, qayda var, qanun var və hamı o qaydalara tabe olur. Bir də təhsildə azadlığa ehtiyac var ki, o azadlığı da qeyri-formal təhsil verir. Həmin azadlıq tələbə və şagird üçün təmin edilməlidir. Bu gün bizdə qəbul imtahanları, bütün istiqamətlərdə - bakalavr, magistr, doktorantura imtahanlarında qəbul şərtləri uğurlu deyil. Bizim Təhsil Nazirliyi dünya təcrübəsinə istinad etdiyini qeyd edir. Mən bunu müzakirə yox hətta mühakimə də etmək istəyərəm. Hansı dünyanın təcrübəsi deyir ki, qəbul olunmağı bu qədər çətin, məzun olmağı bu qədər asan etsinlər. Qəbul olunmaq çox asan olmalıdır, məzun olunmaq əziyyətli olmalıdır. Yəni, biz o zaman aldığımız diplomun dəyərini biləcəyik. Amma, kimsə əzbərçilik edib, bu o demək deyil ki, həmin insan ağıllıdır. O demək deyil ki, o gələcəkdə çox uğurlu bir insana çevriləcək. Təhsilin mənzərəsini burdan da görmək olur ki, neçə illər əvvəl də yüksək bal toplayan insanlarımız var idi. O insanlar indi haradadır? Hansısa bir nazirin haqqında oxuyanda, görmüsünüzmü ki, o ali məktəbə qəbul olanda 700 bal toplayıb. Belə bir uğur hekayəsi görmüsünüzmü? Çox az sayda ola bilər ki, kimsə var, mən tanımıram, yanılıram. Və bunu təbliğ etmək, "xalxın uşaqları"nı göstərmək sadəcə kommersiya xarakteri daşıyır. Hər kəs imtahanlar üçün repititor yanına gedir. Bu o deməkdir ki, sənin repititora getmək imkanın varsa, deməli sən "xalxın uşağı"san, mənim yoxdursa, demək mən deyiləm. Təhsildə əsas təfəkkürün dəyişməsidir. Bu gün çoxlu islahatlar edilə bilər. Təhsil nazirliyində mənim çox bəyəndiyim təşəbbüslər də var. Amma, təfəkkür sistematik dəyişmədiyi üçün o təşəbbüslərin heç biri effekt verməyəcək. Sadəcə müvəqqəti olaraq görüntü xarakteri daşıyacaq. O görüntüdən də heç kim yararlana bilməyəcək.

Sosial şəbəkələrdə və mediada intihar xəbərlərinin verilməsi və tirajlanması intihar saylarının artmasına səbəb ola bilərmi?

Bunu çox müzakirə edirlər ki, mediada intihar xəbərləri verilsin ya yox. Bizim cəmiyyət 2 cür yanaşır. Birincisi odur ki, intihar xəbərlərinin verilməsi təbliğat xarakteri daşıyır. İkincisi odur ki, bəs bu xəbərlər verilməsə, biz necə "SOS” elan edəcəyik. Cəmiyyətə necə siqnal verəcəyik ki, belə hallar baş verir. Ona görə də mən qəbul etmirəm ki, intihar xəbərləri insanları intihara təhrik edir. Amma, o xəbərin necə verilməsi önəmlidir. Əgər xəbərin sonunda heç bir psixoloqdan, sosioloqdan, mütəxəssisdən fikir öyrənilməyibsə və xəbərin sonuna maarifləndirici obraz əlavə edilməyibsə, bu həm də təbliğat xarakteri daşıyacaq. Önəmli olan o xəbərin necə çatdırılmasıdır. İnsanların o xəbəri sosial şəbəkələrdə paylaşanda, hansı fikirləri yazmasıdır. Hətta mən görmüşdüm ki, bir xanım intihar xəbərini paylaşaraq yazmışdı ki, "ən gözəl çıxış yolu budur". Belə olan halda bunlar davam edəcək. Və insanlar da düşünəcək ki, bu xəbərlər intiharı təbliğ edir. Bu qətiyyən belə deyil. Bu müzakirə olunmalıdır. İctimai müzakirəyə çıxarılmalıdır. Müəyyən mütəxəssislər bu sahədə fikirlər bildirməlidir. Maarifləndirici addımlar atılmalıdır. Bu sahədə televiziyalar fəal olmalıdır. Tək intihar olanda yox, elə hər zaman müzakirə etmək lazımdır. Valideynlər məlumatlı olsun ki, bu davranışlar yaxud övladı ilə apardığı mübahisələr sabah başqa nüansları ortaya çıxaracaq. Sabah valideyn övladını itirəndə artıq başa düşəcək ki, ümumiyyətlə, övladını tanımayıb.

Pandemiya dövründə bir daha şahidi olduq ki, insanlar rəsmi xəbərlərə yox, şayiələrə daha çox inanırlar və tirajlamağa çalışırlar. Bunun səbəbi nə ola bilər?

Bununla bağlı bir neçə dövlət qurumları ilə də müzakirəmiz olub. Ümumiyyətlə, dövlətin bu gün informasiyaya yanaşması gətirib bu hala çatdırıb. Yəni, informasiya kütləviləşən bir şeydir. Kütləvi olanda hərə bir şərh verir. Bəzən insanlar hər hansısa bir hekayəni özü uydurur və paylaşır. Və hər hansısa bir dövlət qurumuna qarşı qərəz nümayiş etdirir. Həmin kütlə də o dövlət qurumunun fikirlərinə qərəzlə yanaşır. Məsələnin kökü buradadır. Bunun digər səbəbi odur ki, insanlar qulaqları ilə görür. Yəni, biz hər şeyə qulağımızla baxırıq. "Dedi-qodu" mədəniyyəti var. Hər şeyi qulağımızla görəndə, heç nə həqiqət olmur. Çünki, sən eşidirsən, inanırsan, daha sonra eşitdiyin yalan çıxır. Ondan sonra birdə eşidirsən, birdə yalan çıxır və gözlərini unudursan. Bu gün biz sosial şəbəkələrdə müşahidə edirik ki, bəzən elə bir informasiyaya insanlar müsbət reaksiya verir ki. Yəni, bir balaca empatiya qurub, məntiq qoysaq, görərik ki, o informasiyanın heç bir əhəmiyyəti yoxdur. Amma, insanlar ona inanır. Məsələn, bu gün dövlət hər hansısa bir statistikalar açıqlayır, cəmiyyətdə müəyyən auditoriyası olan insanlar həmin statistikanı ya lağa çevirir, ya da həmin statistikanın birbaşa yalan olduğunu yazır. Cəmiyyət də buna inanır. Bu qədər bəsitdir. Bunun səbəblərindən biri də dövlət və cəmiyyət arasında dialoq körpüsünün qırılmasıdır. Mütləq dialoq olmalıdır. Dövlətlə, cəmiyyətlə birlikdə ölkə, vətən yaranır. Bu dialoq körpüləri qırıldıqda, artıq insanlar şayiələrlə idarə olunur.

Son zamanlar gündəmdə olan mövzulardan biri də feminizm və feministlərdir. Bu barədə nə düşünürsünüz ?

İstənilən ideologiyaya nifrət sərgiləmək olmaz. Müzakirə etmək olar, tənqid də etmək olar, həm də təklif vermək lazımdır. Biz bir ideologiya ilə razılaşmaya bilərik. Bu normaldır. Çünki, insan bütün ideologiyaları qəbul edə bilməz. Amma, hər kəsin başa düşdüyü bir dil var. Onun adı sevgidir. Əgər sən qarşı tərəfə sevgi ilə yanaşmayacaqsansa, o zaman qarşı tərəf sənə öz nifrətini ifadə edəcək. Feminizm ideologiyadır və feminizmin tarixi var. Feminizm qadın hüquqlarının qorunmasıdır. Kimsə feminizmi məişətdə ifadə edə bilər, "kişi paltar yusun” deyə bilər. Amma, bu belə deyil, nə kişi, nə qadın paltar yumasın. Artıq texnologiya inkişaf edib, paltaryuyan maşın var. Mən feminizmə belə baxıram. Və bunun sadəcə bizim ölkədə sosial "bum" yaratmasının səbəbi konservativ təfəkkürdür.

Yasəmən Hacıyeva / Xeber24.az

İslahat.az