07 Yanvar 2019
11:38
1667

Nazirliyin yeni saytı istifadəyə verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) internet səhifəsi olan www.sosial.gov.az yeni dizaynla istifadəyə verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən İslahat.az-a verilən məlumata görə, saytın yeni versiyası müasir, eyni zamanda sadə dizaynı, əmək, məşğulluq, sosial təminat və digər müvafiq sahələr üzrə zəngin və yenilənmiş məlumatları əhatə etməsi, informasiya açıqlığını təmin etməsi ilə seçilir. Ümumi məlumatlarla yanaşı, saytda Nazirliyin xidməti kontingentinə aid əhali qruplarının (pensiyaçılar, əlilliyi olan şəxslər, işsiz və işaxtaran vətəndaşlar, aztəminatlı ailələr və s.) hər birinin maraq dairəsinə aid məlumat və xidmətlərə sadə prosedurlarla əlçatanlığı üçün konkret sahə üzrə bölmələr fəaliyyət göstərir.

Həmçinin sosial təminat növləri, aktiv məşğulluq tədbirləri, proqram və layihələr, istehsalat təqvimi, tender, müsabiqə və müsahibə elanları, vakansiyalar, müraciətlər, zəruri məlumatlar, mənzil və minik avtomobili almaq üçün növbəlilik siyahıları, bu təminatlar üçün tələb olunan sənədlərin siyahıları və s. müvafiq olaraq ayrıca bölmələrdə təqdim edilir.

Xatırladaq ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT) 2018-ci ilin yekunlarına əsasən açıqladığı məlumata əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytı ötən il ən çox istifadə edilən rəsmi saytlar sırasında birinci olub.

İslahat.az