21 Sentyabr 2021
11:18
22258

Nazir müavini Şərqi Zəngəzur və Qarabağda məhv edilən meşələrdən danışdı

"Azərbaycanın 30 ilə yaxın müddətdə işğal altında qalan füsunkar təbiətə malik Şərqi Zəngəzur və Qarabağ bölgələri 2020-ci ilin sonunda işğaldan azad olunub, ərazi bütövlüyümüz bərpa edilib və biz doğma torpaqlarımıza geri qayıtmışıq. Amma işğal nəticəsində regionun təbiətinə, bioloji müxtəlifliyinə, bütövlükdə ekosistemə ciddi ziyan vurulub”.

İslahat.az-ın məlumatına görə, bunu "Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında ətraf mühitin və təbii sərvətlərin vəziyyəti” mövzusunda keçirilən brifinqdə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib. 

Onun sözlərinə görə, bir çox hallarda bu, ətraf mühitin deqradasiyasına gətirib çıxarıb: "Eləcə də, təbii sərvətlərin amansız istismarı nəticəsində ekoloji tarazlıq pozulub.

Apardığımız monitorinqlərin nəticələri meşələrin, xüsusi mühafizə olunan ərazilərin, çoxillik təbiət abidələrinin məhv edilməsi və mineral xammal ehtiyatlarımızın talan olunması faktlarını bir daha təsdiqləyir”.

V.Kərimov qeyd edib ki, işğaldan öncə həmin ərazilərdə mövcud olan meşə ilə örtülü 229 min hektar sahədən 54 min hektarı (25%-i), xüsusilə də, Şərqi Zəngəzur bölgəsində - Qubadlı və Zəngilan rayonlarında mövcud olan meşələrin yarısından çoxu məhv edilib:

"Bu ərazilərdə daha çox rast gəlinən çinar, palıd, fıstıq, vələs, ağcaqayın, tozağacı və sair kimi qiymətli meşə cinslərinə aid ağac növləri (28,5 milyon ədəd) kəsilərək müxtəlif məqsədlər üçün istifadə edilib. Meşələrin kütləvi şəkildə qırılması səhralaşmaya və torpaqların eroziyasına səbəb olmaqla yanaşı, meşə ekosisteminin və onun tərkib hissəsi olan qiymətli flora və fauna növlərinin məhvinə gətirib çıxarıb”.

İslahat.az