13 Yanvar 2021
16:42
11181

“Moskva görüşü də Ermənistan üçün fiasko ilə yekunlaşdı” – “Makrona məlumat sızdırılmışdı ki...”

Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. Görüşün məqsədi 2020-ci il noyabrın 10-da Dağlıq Qarabağa dair imzalanmış üçtərəfli bəyanatın reallaşdırılmasının gedişini, mövcud problemlərin aradan qaldırılmasına və regionda dinc həyatın qaydaya salınmasına dair sonrakı addımları birlikdə müzakirə etmək olub.

4 saat çəkən müzakirələrdən sonra qəbul edilən birgə bəyanatda deyilir ki, tərəflər 9 noyabr 2020-ci il tarixli birgə bəyantın 9-cu maddəsinin həyata keçirilməsinə dair Vladimir Putinin üçtərəfli işçi qrupunun yaradılması barədə təklifini qəbul ediblər. 9-cu maddədə regiondakı bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasından bəhs olunur.

Bəyantda qeyd olunur ki, birgə işçi qrupuna Azərbaycan, Ermənistan və Rusiyanın baş nazir müavinləri rəhbərlik edəcəklər. Onlar sənəddə həmsədrlər adlandırılır.

Sözügedən işçi qrup yanvarın 30-dək 9-cu maddənin icrasından irəli gələn məsələləri müəyyənləşdirmək üçün ilk iclasını keçirməlidir. Birgə bəyanatda bu da qeyd olunur ki, işçi qrupun həmsədrləri fəaliyyət istiqamətləri üzrə ekspert qrupları yaradacaqlar. "Ekspert” alt qrupları birinci iclasdan bir ay sonra layihələrin və onların icrası və təsdiqi üçün lazımi resurs və tədbirlərin siyahılarını təqdim etməlidirlər.

İşçi qrup 2021-ci il martın 1-dək Azərbaycandan və Ermənistandan keçən beynəlxalq daşımaların yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün bərpası və tikinitisi nəzərdə tutulan nəqliyyat kommunikasiyası obyektlərinin işə salınması istiqamətində zəruri tədbirlərin siyahısının və qrafikinin üç ölkə arasında yüksək səviyyədə təsdiqlənməsi üçün təqdim etməlidir.

Moskva görüşünü "AzPolitika.info"-ya şərh edən millət vəkili, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin rəhbəri Sadiq Qurbanov bildirib ki, Azərbaycan Rusiyanın tərəfdaşlıq və mehriban qonşuluq jestlərini qiymətləndirərək görüşdə iştiraka razılıq verib: "10 noyabr üçtərəfli bəyanatının videoformat şəklində imzalandığını və bununla bağlı təmasların telefon danışıqları ilə baş tutduğunu nəzərə alsaq, bu, Vətən Müharibəsində Azərbaycanın tarixi zəfəri və Ermənistanın hərbi kapitulyasiyasından sonra üç ölkə liderinin ilk birbaşa danışıqları idi. İmzalanan bəyanatdan görünür ki, görüş Azərbaycanın maraqları çərçivəsindən kənara çıxmayıb".

 

 

Komitə sədri vurğulayıb ki, Azərbaycan hərb meydanında olduğu kimi diplomatik arenada, müzakirələrdə də üstün mövqedədir və bu qalibiyyəti güzəştə getmək niyyəti yoxdur. Deputat Prezident İlham Əliyevin görüşdən sonra verdiyi bəyanatda səsləndirdiyi əsas müddəlardan sitat gətirib: "Kommunikasiyaların bərpası Azərbaycan, Ermənistan, Rusiya və digər region dövlətlərinin maraqlarına cavab verir; Beynəlxalq kommunikasiyaların bərpası regionun inkişafında dinamizm yaratmaqla bərabər, həm də etibarlı təhlükəsizliyə xidmət edəcək; Dağlıq Qarabağ konflikti keçmişdə qalıb və indi gələcək haqqında düşünmək lazımdır".

S.Qurbanov qeyd edib ki, Prezident çıxışında regionun bundan sonrakı davamlı və təhlükəsiz inkişafını təmin etmək üçün görüşün çox vacib olduğunu dilə gətirib. "Hesab edirəm ki, Moskva görüşünün nəticələrini obyektiv təhlil etmək üçün cənab İlham Əliyevin bu fikirlərinə xüsusi diqqət yetirmək lazımdır:

"Biz nəticə əldə etmək, sentyabrda - noyabrda baş vermiş hadisələrə yekun vurmaq əzmindəyik;

Qonşu ölkələr də regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar;

Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb".

Millət vəkilinin sözlərinə görə, Azərbaycan tərəfi qapalı görüşdə istədiyinə nail olub. "Ortaq bəyanatın mətni – humanitar və kommunikasiya məsələləri ilə bağlı üçtərəfli işçi qrupunun yaradılması da bunu təsdiqləyir: Bakının şərtləri qəbul edilməsəydi, üçtərəfli əməkdaşlıq formatı olmayacaqdı", - Komitə sədri vurğulayıb.

Sadiq Qurbanov qeyd edib ki, Azərbaycan tərəfinin görüşdən əvvəl irəli sürdüyü və yeni bəyanatla təsbit olunmuş tələblər regional sabitliyi və təhlükəsizliyi möhkəmlətməyə xidmət edir: "Bu, faktiki olaraq "Mehri dəhlizi” - Naxçıvana, daha sonra Türkiyəyə dəmir yolunun açılması üzrə işlərin başlaması deməkdir. Açılacaq kommunikasiya xətləri "Şərq-Qərb” nəqliyyat dəhlizinin tərkib hissəsi olacaq. Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası ilə, həmçinin Tükiyə ilə əlaqələri güclənəcək, ölkəmizin geoiqtisadi əhəmiyyəti artacaq. Prezident açılacaq kommunikasiya xətlərinin region ölkələrinin hamısı üçün əhəmiyyətini vurğulamaqla irəli sürdüyü altıtərəfli əməkdaşlıq formatı təklifinin qüvvədə olduğunu xatırlatmış oldu".

Millət vəkili bir məqama da diqqət çəkib. O, hesab edir ki, Ermənistan müxalifəti və Rusiyadakı erməni lobbisi görüşün pozulmasına çalışıb, Paşinyanı görüşə gəlməməyə çağırırdı: "Paşinyan hökuməti də erməni cəmiyyətinin itmiş nüfuzunu bərpa etmək üçün Moskva danışıqlarında maksimum nəticə əldə etmək, bu mümkün olmadıqda danışıqları pozmaq istəyirdi. Erməni diplomatiyası Minsk qrupu formatında danışıqların bərpasında maraqlıdır, bu məqsədlə görüş barədə Fransa prezidenti Makrona xəbər sızdırılıb, görüşün Rusiyanın yarıməxfi şəkildə keçirmək cəhdləri əngəllənmişdi. Paşinyan administrasiyası kommunikasiya xətləri ilə bağlı Azərbaycanın təşəbbüsünün qarşısını almağa can atır, bunun əvəzinə 10 noyabrdan sonra ələ keçirilmiş erməni diversantlarının-terrorçularının azad olunması məsələsini qabardırdı. Lakin bu cəhdlər heç bir səmərə vermədi, Azərbaycan diplomatik danışıqlarda bir daha üstünlük qazandı, müzakirələrin məcrasını öz istədiyi istiqamətə yönəltdi. Beləliklə, Azərbaycan hərb meydanında qazandığı zəfəri diplomatik masada, danışıqlar prosesində davam etdirir".

Komitə sədri bildirib ki, Paşinyanın iddiaları fonunda Moskva görüşünü Ermənistan üçün növbəti fiasko saymaq olar: "O, mətbuata açıqlamasında erməni diversantlarını-terrorçularını azad etmək mümkün olmadığından görüşün nəticələrindən məyus olduğunu gizlətməyib. İkinci Qarabağ Müharibəsinədək təxminən 30 il ərzində aparılan danışıqlar Azərbaycan üçün nəticəsiz diplomatik prosedur idi. Qarabağ problemi hərbi yolla həllini tapdıqdan sonra artıq rollar dəyişib - Ermənistan özü üçün uğursuz və nəticəsiz danışıqlarda iştirak etməyə məcburdur".

Millət vəkilinin sözlərinə görə, danışıqların gedişində və mətbuat konfransı zamanı Azərbaycan Prezidenti özünü qalib dövlətin rəhbəri kimi aparır, "bədən dili” ilə də qalibiyyət mesajları verirdi: "Paşinyan isə öz məğlub ampluasında, gərgin psixoloji vəziyyətdə idi".

Sadiq Qurbanov Azərbaycanın radikal müxalifətinin görüş ətrafında qaldırdığı ajiotaja da diqqət çəkib. Millət vəkili qeyd edib ki, Paşinyan da, Azərbaycan müxalifəti də Minsk qrupu formatının bərpasına çalışır. "Bu müxalifət iddia edirdi ki, Azərbaycana yeni güzəştlər qəbul etdiriləcək, Rusiya hərbi mövcudluğunu gücləndirəcək. Halbuki rus mediası Azərbaycan tərəfinin öz milli maraqlarını sonacan müdafiə etdiyini, 10 noyabr razılaşmasının ruhuna zidd heç bir şərti qəbul etmədiyini təsdiqlədi".

Deputat sonda vurğulayıb ki, görüşün yekunları bir qrup "antimilli elementin” qazanılmış qələbənin əhəmiyyətini kiçiltmək cəhdlərinin puçluğunu bir daha ortaya qoydu.

 

İslahat.az