01 İyul 2020
19:24
885

Milli Məclisdə su böhranı müzakirə olundu- "Azərsu" ASC sədri dinləmələrə qatıldı

Bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində "Azərsu" ASC-nin İdarə heyətinin sədri Qorxmaz Hüseynovun iştirakı ilə ölkədəki su problemi ilə bağlı dinləmələr keçirilib.

İslahat.az xəbər verir ki, adıçəkilən Komitənin sədri Sadiq Qurbanov "AzPolitika.info"-ya açıqlamasında bildirib ki, müzakirələr Prezident İlham ƏIiyevin VI çağırış Milli Məclisin ilk iclasında proqram xarakterli çıxışında parlamentin fəaliyyəti ilə bağlı tövsiyələrindən irəli gəlib. Həmin tövsiyələrdən çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova komitə rəhbərliyinə aidiyyatı qurumlarla hazırda ölkənin aktual problemlərindən biri olan su təchizatı ilə bağlı yaranmış vəziyyətin müzakirəsini təklif edib: "Bilirsiz ki, bu problem çox ciddidir, onun aradan qaldırılması istiqamətdinə işlər aparılır. Biz də "Azərsu" ASC-nin rəhbəri hörmətli Qorxmaz Hüseynovu dinləmələrə dəvət etdik. Komitə üzvlərinin, habelə başqa komitələrin sədrlərinin də iştirakı ilə çox geniş, əhatəli müzakirələr aparıldı. Belə ki, Azərbaycanda təbii su ehtiyatları, içməli su mənbələri, əhalinin ehtiyaclarının ödənilməsi, bu sahədə olan problemlər, habelə içməli suyun hazırlanmasında və ötürülməsində yeni texnologiyaların tətbiqi və s. məsələlər müzakirə olundu. Qərara gəlindi ki, Azərbaycan parlamenti bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi məsələlərilə bağlı üzərinə düşən bütün işləri görməyə hazırdı".

S.Qurbanov daha sonra bildirib ki, dinləmələrdə kanalizasiya xətlərinin çəkilməsi, yağış sularının ötürülməsi, tullantı suların təkrar emalı ilə bağlı da müzakirələr aparılıb.

İslahat.az