28 Oktyabr 2019
12:50
846

Mikayıl Cabbarov kollektivə təqdim olundu

Bu gün Azərbaycanda yeni təyin olunmuş İqtisadiyyat naziri Mikayıl Cabbarov kollektivə təqdim olunub.

İslahat.az-ın məlumatına görə, yeni naziri kollektivə Baş nazir Əli Əsədov təqdim edib.

Qeyd edək ki, oktyabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Mikayıl Cabbarov Vergilər naziri vəzifəsindən azad edilərək İqtisadiyyat naziri təyin olunub.

M.Cabbarov 1976-cı ildə Bakıda anadan olub. O, 1992-1997-ci illər - Bakı Dövlət Universitetində təhsil alıb, beynəlxalq hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.

2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb.

1995-ci ildə bank sektorunda fəaliyyətə başlayıb. 1999-2002-ci illərdə özəl sektorda hüquqşünas kimi fəaliyyət göstərib. 1999-cu ildən ABŞ-ın Nyu-York ştatında Vəkillər Kollegiyasının üzvüdür.

2002-2003-cü illərdə İqtisadi İnkişaf Nazirliyində nazir müşaviri vəzifəsində çalışıb.

2003-2004-cü illərdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrində çalışıb. 2004-cü il isə iqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin edilib.

Yeni İqtisadiyyat naziri 2009-cu ildə Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsinə, 2013-cü ildə təhsil naziri, 2017-ci ildə isə Vergilər naziri vəzifəsinə təyinat alıb. 

İlham Əliyevin 2019-cu il, 9 fevral sərəncamı isə ona 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib.

İslahat.az