24 Oktyabr 2019
14:04
535

Mikayıl Cabbarov ciddi dəstək qazanacaq - ŞƏRH

Dövlət başçısı yeni İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən sahibkarlıq fəaliyyətin inkişafına, bununla bağlı dövlət siyasətinə mane olan qüvvələrə qarşı sərt tədbirlərin görüləcəyini bəyan etdi.

İslahat.az
xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib.

Deputatın sözlərinə görə, Azərbaycanda özəl sektorun Ümumi Daxili Məhsulda payı 85 faizdir. Deputat söyləyib ki, özəl sektor iqtisadiyyatın inkişafının əsas hərəkətverici qüvvəsinə çevrilməlidir.

"Bu, aparılan iqtisadi islahatların əsas hədəflərindən biridir. Məhz bu hədəf ölkə iqtisadiyyatının sürətli inkişafını, yeni iş yerlərinin açılmasını, iqtisadiyyata daha çox investisiyaların qoyulmasını, insanların maddi rifah halının daha da yaxşılaşmasını təmin edəcək”, - deyə T.Mirkişili bildirib.

Onun sözlərinə görə bu müsbət tendensiyaya mane olan hər bir qüvvə dövlətə və xalqa qarşıdır.

İqtisadçı Rəşad Həsənov Prezident İlham Əliyevin qəbulda səsləndirdiyi fikirləri müsbət qiymətləndirdiyini deyib.

Onun fikrincə, hazırda mövcud problemlərin ən ali səviyyədə dilə gətirilməsi çox müsbət məqamdır.

"Bütün bunlar problemlərin həlli və iqtisadiyyatın liberallaşması istiqamətində konkret addımların atılması üçün daha əlverişli konyunktura formalaşdırır”, - R.Həsənov qeyd edib.

Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilir.

"Haqsız rəqabət, bu da bizim üçün böyük yaradır. Buna təkan verən dövlət məmurlarıdır, hansıların ki, biznes maraqları var. Onlar öz imkanlarından istifadə edərək rəqibləri sıradan çıxarırlar, bəzi hallarda şərləyirlər”

Bunu Prezident İlham Əliyev Mikayıl Cabbarovu yeni vəzifəyə - İqtisadiyyat naziri təyin olunması ilə əlaqədar qəbul edərkən bildirib.

R.Həsənovun fikrincə, bundan sonra İqtisadiyyat naziri Mikayıl Cabbarovun qarşısında daha ciddi problemlərin həlli və öhdəliklər dayanır.

Ekspert hesab edir ki, bəzi məmurların biznesdən uzaqlaşdırılması üçün addımlar atılmalı, inhisarçılığa qarşı mübarizə ən kəskin formada davam etdirilməlidir.

R.Həsənovun fikrincə, bəzi məmurlar öz səlahiyyətlərindən istifadə edərək vergi öhdəliklərindən yayınır:

"Məmurların biznesdən kənarlaşdırılması, kölgə iqtisadiyyatı ilə bağlı problemlərin həllinə gətirib çıxara bilər. Azərbaycanda kölgə iqtisadiyyatının miqyası çoxdur. Qeyri-dövlət sektorunda dövriyyənin 60-70 faizi qeyri-rəsmidir.

Bu vəziyyət cənab nazir Mikayıl Cabbarov qarşısında ciddi öhdəliklər müəyyənləşdirir. Ümid edirəm ki, Mikayıl Cabbarov bu istiqamətdə atılacaq addımlarda ciddi siyasi dəstək qazanacaq”.
 
İslahat.az