06 İyul 2022
15:54
21176

Metrodakı “baltalı kişi” videosundan çıxan nəticə – Homoseksuallara qarşı niyə aqressivik?

Dünən metroya əlində balta ilə girən şəxsin videogörüntüləri sosial mediada müzakirə obyektinə çevrilib. Həmin şəxsin LGBT üzvlərini hədələməsi, "Qaşını alan oğlan görsəm, balta ilə başını kəsəcəm” müraciəti insanların etirazına səbəb olub.

Maraqlıdır, cəmiyyətdə LGBT üzvlərinə qarşı olan aqressiyanın kökündə nələr dayanır?

Bununla bağlı Sfera.az-a açıqlama verən psixoloq Rövşən Nəcəfov deyib ki, insanların şəxsi həyatını müzakirə etmək etik deyil və cəmiyyətdə yaranmış təşvişin müxtəlif psixoloji səbəbləri var:

"”LGBT” olaraq ifadə etdiyimiz şəxslərlə bəzi heteroseksuallar arasında yaranmış uçurum təşvişin və qorxunun göstəricisidir. Homofob insanlar eyni cinsli şəxslərin münasibətini qəbul etmir. Homofobiya anlayışının yaranması heteroseksualların qorxuları ilə bağlıdır. Yəni, homofobiya homoseksuallara qarşı qorxunun ifadəsidir. Ziqmund Freydə görə insanın qorxuları, yəni fobiyaları təşvişlə əlaqədardır. Qorxu yaradan hadisə və obyektlərlə qarşılaşanda yaranmış təşviş şəxs üçün fərqli və xüsusi çətinliklər yarada bilər. İnsanların psixikası fərqlidir. Buna görə də homofobiya sosial deyil, fərdidir. Homofobiya ictimai sferalarda fiziki və psixoloji zorakılığa, təqib və qətllərlə nəticələnir. Patriarxal mədəniyyətlərin üstün olduğu cəmiyyətlərdə kişi və qadının rolları dəqiq müəyyən edilir. Davranışları təyin edən bu rollar həm də seksual həyatı diqtə edir. Konservativ cəmiyyətlərdə şəxsin seksual həyatı "gündəm” mövzusu ola bilir”.

Müsahibimiz bildirib ki, valideynlər övladlarının fikirlərinin sağlam böyüməsinə zaman ayırmağı öyrənməlidirlər:

"Homoseksuallara münasibət də insanın şəxsi seçimidir. Amma insanlar başqalarının həyatına müdaxilə etməməlidir. Valideynlər övladlarını qəbul etmədiklərinə qarşı böyütdükcə, evdə cinayətkar böyütmüş olurlar. Təqib və cinayətlərin səbəbi tərbiyənin verdiyi tərbiyəsizlikdir. Tərbiyə təhrik olmamalı, nümunə yaratmalıdır. Bəzən tolerant şəxslər belə homoseksuallara dəstək verməklə, cəmiyyətin qınağına tuş gəlməkdən qorxur, dəstək verərlərsə, özlərinin də homoseksual sayıla biləcəyindən ehtiyat edirlər. İnsanların cinsi maarifləndirməyə ehtiyacı var. Heç bir hal və ya fikir cinayətə haqq qazandırmamalıdır. Şəxsin heteroseksual və ya homoseksual olmasından asılı olmayaraq dövlətin qanunları var və hər kəs vətəndaş olaraq həmin qanunlar qarşısında məsuliyyətli olmalıdır”.

Günay Rəsulqızı – "Sfera.az”

İslahat.az