15 Sentyabr 2021
13:14
22138

"Mən dəliyə oxşayıram ki, bu yaşımda elə bir söz deyim?" - Metro istifadəçilərini təhqir etdiyi deyilən Manaf Ağayevdən AÇIQLAMA

"Məni tanıyanlar bilir ki, həmişə yetim-yesirin, kasıbın yanında olmuşam. Heç vaxt kasıba yanlış söz demərəm, çünki özüm də elə idim”.
 
İslahat.az bildirir ki, bunu müğənni Manaf Ağayev onun adından yayılan "Müğənninin metrodan istifadə etməsi doğru deyil. Deməzlər ki, bu nə gündədir metro ilə gedir? Mən özümə o sözü dedizdirmərəm. Metro bizlər üçün deyil", sözlərinə aydınlıq gətirərkən deyib.

İfaçı əvvəllər yataqxanada yaşadığını xatırladıb:

"Sevdiyim iki nəqliyyat vasitəsi var, biri təyyarə, biri də metrodur. Hər ikisi ucuz və keyfiyyətlidir, qəzalar da az olur. Gəncliyim metroda keçib, 5 il boyu universitetdə təhsil aldığım zamanlarda bu nəqliyyat vasitəsindən istifadə etmişəm. Qardaşım, bacım balaları da tələbədir və dərsə metro ilə gedirlər.Guya metroya minənləri təhqir etmişəm. Belə çıxır ki, öz nəslimi, kökümü təhqir etmişəm? Mən dəliyə oxşayıram ki, bu yaşımda elə bir söz deyim?”.

M.Ağayev 4 il əvvəl Tolikin verilişində metro ilə bağlı dediyi sözləri izləyicilərinin yadına salıb: 

"Orda bir müğənninin metroya minmədiyini bildirdilər və mənim də fikrimi öyrənmək istədilər. Mən də metronun gözəl olduğunu dedim. Amma nə dərəcədə düzdür ki, tanınmış müğənni gecə geyimində, salondan çıxıb metroya minib tədbirə gedir. Baxan deyəcək 2-3 manatı yoxdur taksiyə minib getsin? Bu, metrodan istifadə edənləri təhqir etməkdir? Bilirəm bunu kim edir. Neçə vaxtdır mənim üstümdə qara piar gedir. Bunun sonu yaxşı olmayacaq. Əsəbim yerində deyil. Mən belə söz deməmişəm. Allah onu yazanın bəlasını versin”.
 
İslahat.az