25 Yanvar 2019
13:46
740

Məleykə Abbaszadədən dövlət qurumlarında aparılan struktur islahatlarına MÜNASİBƏT

"Qiymətləndirmə və qərar qəbuletmə amili dövlət qulluğunda çalışan insanlar üçün daha böyük məna kəsb edir. Əgər hansısa özəl sahədə işləyən işçinin verdiyi qərar həmin şirkətin çalışdığı sahəyə şamil olunursa, dövlət qulluqçusunun qəbul etdiyi qərarın əhatə dairəsi daha geniş olur və onun verdiyi səhv qərarın nəticələri miqyas və əhatə baxımından digər insanların qərarı ilə müqayisə olunmazdır. Hər bir dövlət qulluqçusu bunu aydın şəkildə anlamalıdır: "Bu baxımdan dövlət qulluğu vəzifələrinə seçim prosesində obyektiv qiymətləndirmənin aparılması özünün birbaşa təyinatından daha geniş kontekstdə dəyərləndirilməlidir. Bu proses ali təhsilin müxtəlif səviyyələrində tətbiq olunan mərkəzləşdirilmiş qəbul sistemini məntiqi cəhətdən tamamlayır və davamlı öyrənmənin, sağlam rəqabət qabiliyyətinin həyatda irəliləmənin əsas meyarı olması barədə cəmiyyətdə fikir formalaşdırır".

İslahat.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

DİM sədri əlavə edib ki, dövlət qulluğu sahəsinin inkişaf etdirilməsi birbaşa təhsil sistemi ilə bağlıdır: "Bu sahədə biz təkcə dövlət qurumları ilə deyil, ali təhsil ocaqları ilə də sıx əlaqələr qurmalıyıq. Ali təhsil müəssisələrimizdə təhsil əmək bazarının tələblərinə uyğun şəkildə təşkil olunmalıdır". 

O bildirib ki, Dövlət idarəetmə sistemində aparılan son struktur islahatları standartların dəyişməsinə, müasir tələblərə uyğunlaşmanın vacibliyinə dəlalət edir və bu, "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafı Strategiyası ilə (2019-2025-ci illər)” uyğunluq təşkil edir.

DİM sədri əlavə edib ki, Azərbaycanda dövlət qulluğunu keyfiyyət baxımından daha yüksək səviyyəyə qaldırmaq günün əsas tələbidir: "Buna nail olmaq üçün yeni Tvinninq layihəsinin – müasir kommunikasiya və qiymətləndirmə vasitələrinin inkişafı üçün texniki yardımın göstərilməsini nəzərdə tutan layihənin həyata keçirilməsi məqsədəuyğun olardı. Ümidvaram ki, Avropa İttifaqı ölkədə dövlət qulluğu sahəsində qəbul edilmiş strategiyanın məqsədlərinə nail olmaq üçün yaxın zamanlarda belə bir layihənin Dövlət İmtahan Mərkəzi ilə birgə keçirilməsini mümkün hesab edəcək. Bu, daha əhəmiyyətli nəticələrin əldə olunmasına gətirib çıxaracaq".
 
 
İslahat.az