11 Oktyabr 2021
13:58
21130

Məktəbə yollanmayanlar, erkən nikahlar, selektiv abort bumu... - "Beynəlxalq Qızlar Günü"ndə Azərbaycandakı vəziyyətə baxış

Bu gün BMT Baş Assambleyasının qərarı ilə Beynəlxalq Qızlar Günü kimi qeyd edilir. Əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrı-seçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir. Təəssüf ki, ölkəmizdə qızların təhsili ilə bağlı müəyyən problemlər hələ də qalmaqdadır. Bəzi bölgələrdə ümumiyyətlə, qız övladını məktəbə yollamayan valideynlər var.

İslahat.az xəbər verir ki, bununla bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov əvvəlcə statistik məlumatlardan söz açıb.

O qeyd edib ki, 2020-2021-ci tədris ilinin əvvəlinə olan proqnoza əsasən, Azərbaycanın ümumi təhsil müəssisələrində 1 milyon 525 min 16 şagird təhsil alacaq və şagirdlərin 714 min 259-u qız, 810 min 757-si oğlandır:

"2020-2021-ci tədris ilində ölkənin ümumtəhsil məktəblərinin I siniflərinə 164 min 234 uşağın qəbulu proqnozlaşdırılır. Onların 77 min 542-si qız, 86 min 692 nəfəri oğlandır. Birinci sinfə kifayət qədər şagird cəlb olunsa da, IX və XI siniflərdə onların sayında və cins tərkibində də ciddi fərq yaranır. Belə ki, IX siniflər üzrə buraxılış imtahanında iştirak edən şagirdlərin 53.94 faizini (58130 nəfər) oğlanlar, 46.06 faizini (49638 nəfər) qızlar təşkil edib. XI siniflər üzrə buraxılış imtahanında da mənzərə demək olar, buna oxşar olub və imtahanda iştirak edən şagirdlərin 54.99 faizi (44272 nəfər) oğlan, 45.01 faizi (36230 nəfər) qız şagirdlər olub. Başqa sözlə, hər iki imtahanda oğlan və qız şagirdlərin nisbəti bir-birinə yaxındır”.

Müsahibimizin sözlərinə görə, ayrı-ayrı bölgələr üzrə bu göstəricilər arasında kəskin fərqlər müşahidə olunur:

"Məsələn, cənub rayonlarında - Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad və Masallı - 2020-cı ildə 9-cu sinif şagirdlərinin 47.21 faizini qızlar təşkil etmişdisə, 2020-ci ildə 11-ci sinif şagirdləri arasında bu göstərici 41.95 faizə bərabər olub. Göründüyü kimi, 11-ci sinifdə şagirdlərin sayında qızların payı kəskin azalıb. Qızların təhsildən uzaqlaşmasına erkən nikahlar və s. səbəb ola bilər".

Ekspert Azərbaycanda bu gün hər doğulan 100 qıza 114 oğlan düşdüyünə diqqət çəkib:

"Bu da selektiv abortların fəsadlarıdır. Beynəlxalq praktikaya görə, hər doğulan 100 qıza 105-107 oğlan düşməlidir. Rəqəmlər göstərir ki, Azərbaycanda doğulan oğlan uşaqlarının sayı qız uşaqlarına nisbətən iki dəfə yüksəkdir.Təəssüf ki, bu gün ailələr əsasən oğlan uşaqlarına üstünlük verir. Bu, həqiqətən də problemdir. Nəsilvermə əmsalı var, qızların sayı oğlan uşaqlarının sayından ciddi şəkildə fərqləndikdə nəsilvermə faizi də aşağı düşür. Oğlan uşaqlarının say üstünlüyü 20 ildən sonra oğlanların elə özləri üçün ciddi problemə səbəb olacaq. Oğlanlar ailə qurmağa loru dildə desək, qız tapmayacaq. Digər tərəfdən isə bir sıra spesifik ixtisaslar üzrə qız ixtisaslı kadr çatışmazlığı ola bilər. Xüsusilə müəllimlik, tibb və bu kimi ixtisaslar üzrə cins fərqi bu sürətlə artmaqda davam etsə, problemlər yaranacaq”.

İslahat.az