04 Mart 2020
12:43
960

Məhvə məhkum xülya!

Günümüzdə tarixi mənbə və ədəbiyyatları təhlil etsək görərik ki, bədnam qonşularımız həm Azərbaycana həmdə qardaş ölkəmiz olan Türkiyəyə ərazi iddiaları olmuşdur. Bu iddiaların əsasında isə dövlətlərinin ərazilərini genişləndirib "Böyük Ermənistan” xülyasını həyata keçirməkdir.

Ermənilərin soyqırım kimi tanıtdıqları 24 Aprel günü isə soyqırım deyil. Osmanlı imperiyasının parçalanması istiqamətində təbliğat aparan və erməni millətini silahlanmaya təşviq edən, hətta onlara qoşulmayan erməniləri qətl edərək, özlərinə qoşulan ermənilərlə birlikdə müdafiəsiz və dinc Türk kəndlərinə və qəsəbələrinə soxularaq Türkləri amansızca qətl edən daşnak və xınçak komitələrinin bağlanması günüdür.

Osmanlı arxivlərinə, alimlərin araşdırmalarına və rəsmi şəxslər tərəfindən verilən rəqəmlərdən aşağıdakı təhlili aparmaq olar. Belə ki, Osmanlı İmperiyasından erməni köçü 1915-1916 – cı illərə təsadüf edir. Burada onların köç səbəbi Osmanlı İmperiyasına xəyanət etmək idi. Osmanlı xarici düşmənləri ilə mübarizə apardığı şəraitdə ermənilər daxildə öz mənfəətlərinə uyğun çaxnaşmalar yaradırdılar. Maraqlı məqam ondadır ki, 1914-cü ildə Osmanlıda təqribən 1 mln 300 min erməni yaşamaqda idi. Ermənilərin qeyd etdiklərinə görə 2 mln erməni 1915-1916-cı ildə köçə məcbur edilib. Arxiv məlumatlarına baxsaq görərik ki, ermənilərin yalnız qiyamçı və çaxnaşma törədən qrupları köçə məruz qalıb. Buradan yalan tam çılpaqlığı ilə özünü büruzə verir. 1 mln 300 min erməninin yaşadığı osmanlıda necə olur ki 2 mln erməni köçə məruz qalır.

Bir maraqlı məqamda isə köç zamanı həyatını itirən ermənilərlə bağlıdır. Belə ki, 17 mart 2009-cu il tarixdə ABŞ Təmsilcilər Məclisi Xarici İşlər Komissiyasına 1985-ci ildə amerikalı elm adamlarının hazırladığı və rəsmi sənədlərə əsaslanan bəyanat deyil, ermənilər tərəfindən hazırlanan  uydurma  bir təklif irəli sürüldü. Bu təklifin həqiqi faktlara əsaslanaraq yalan olduğunu sübut edəcik. Uydurmalara əsaslanan təklifin 2-ci maddəsində deyilir:- "1915-1923-cü ilə qədər keçən müddətdə Osmanlı İmperiyası erməni soyqırımını planladı və həyata keçirdi. Sürgünə məruz qalan 2 mln ermənidən 1 mln 500 min nəfəri öldürüldü, həyatda qalan 500 min erməni isə 2500 illik tarixi anavətənlərindən uzaqlaşdırıldılar”.  Ermənilərin bildirdikləri 1 mln 500 min insanın həyatını itirməsi iddiasına nəzər yetirək. 1914-cü ildə Osmanlıda yaşayan 1 mln 300 min ermənidən 200 min çoxdur. Buradan bu rəqəmin həddindən artıq şişirildiyini görünür. Osmanlı arxivlərində bu köç zamanı müxtəlif səbəblərdən 300 min erməninin həyatını itirildiyi bildirilir. Bu rəqəmin 1 mln 500 min olmadığını ingilis tarixçi Arkold Toynbedə bildirmişdir. Onun araşdırmasına görə  bu köç zamanı təqribi 600 min insan öz həyatını itirmişdir. Digər məsələ isə 500 min erməninin 2500 illik yaşadıqları torpaqlardan çıxarılmasıdır. Onlar bu rəqəmlə bildirmək istəyirlər ki, guya bütün ermənilər Osmanlı ərazisindən köçürülüb. 1921-ci ildə Osmanlıda 625 min erməninin yaşadığını arxivlərdən görə bilərik. Bu faktda onların yalanların ifşa edir və bütün ermənilərin köçə məruz qalmadığını sübut edir.

23 avqust 1990 və 23 sentyabr 1991-ci il tarixlərində qəbul etdikləri "Ermənistanın Müstəqillik Bəyannaməsində” heç vaxt törədilməmiş olan "soyqırımın” qəbul etdirilməsi və Türkiyə torpaqlarından pay tələbi artıq gizli istək olmaqdan çıxmışdır. Burada maraqlı məqam ondadır ki, heç bir ölkənin konstitusiyasında qarşılaşmayacığımız şəkildə qonşu ölkənin yəni Türkiyənin torpağında gözünün olduğunu bütün dünya ictimaiyyətinə bəyan etmişdir.

2004-cü ilin dekabr ayının 9-da bir məqalədə erməni gəncinin "Müqəddəs Ağrı dağı bütünlüklə Ermənistana aid olmadıqca mən özümü Erməni hesab etməyəcəm” ifadəsi mənfur düşmənlərimizin illərdir ki, dilə gətirdiyi "Böyük Ermənistan” xülyasına hələdə həyata keçirmək istədiklərinin bariz nümunəsidir. Onu da qeyd etmək istərdim ki, mənfur düşmənlərimizin törətdikləri vəhşiliklər və uydurduqları yalanların arxasında güclü Ermənistan qurmaq iddiası dayanır. Belə ki, 2004-cü ilin may ayında Ermənistanın baş naziri Makaryan çıxışında bildirmişdir:-"Qarabağ məsələsi, soyqırımın tanınması və Ankaradan torpaq təzminatı kimi məsələlər, güclü bir Ermənistan dövlətinin yaradılması ilə öz həllini tapa bilər”.

Ermənistanın ilk baş naziri Ovanes Kaçaznuninin 1923-cü ilin aprel ayında işlətdiyi ifadələri ermənilər başa düşməyə çalışmalıdırlar:- "Pis taleydən şikayət etmək və fəlakətlərimizin səbəblərini özümüzdən kənarda axtarmaq acınacaqlıdır. Bu bizim milli psixologiyamızın xarakterik bir xüsusiyyətidir. Dənizdən-dənizə Ermənistan layihəsi kimi imperialist bir tələbə meyl etdik və qızışdırıldıq. Müsəlman əhalisini qətl etdik. Terror aktlarının məqsədi Qərb ictimaiyətini qazanmaqdı.”

Ermənilər qondarma "erməni soyqırımı” iddiaları ilə beynəlxalq arenada Türkiyəyə təzyiq göstərərək hədəflərinə çatmağı planlayırdılar. Ermənistanın həyata keçirdiyi strategiyada ASALA terror təşkilatıda yer almışdı. Belə ki, dünyanın bir çox ölkələrində Türk diplomatları və dövləti təmsil edən şəxslər qətlə yetirildi. Bu terrora qurban gedən dövlət rəsmilərinin sayı 30-dan çox olmuşdur.

ASALA-nın yaratmaqda ermənilərin məqsədi öz çirkin terror əməllərini həyata keçirmək idi. ASALA – (Armenian Secret Army for the Liberation of Armenia) Ermənistan Azadlığı uğrunda Gizli Erməni Ordusu mənasını daşıyır və bu terror təşkilatı 1975-1991-ci illərdə daha aktiv fəaliyyətdə olmuşdur. Bu terror təşkilatı terrorun ən dəhşətli və insanlıqdan kənar hərəkətləri ilə özünü göstərmişdir. Terror təşkilatının əsas məqsədi "Böyük Ermənistan” qurmaq idi. Bu səbəbdən irəli gələrək ASALA Türkiyə, Şimali İran və Azərbaycanda terror aktları həyata keçirmişdir. ASALA terror təşkilatı 21 ölkənin, 38 şəhərində, 39 silahlı, 70 bombalı, 1 işğal şəklində olmaq üzrə ümumi 118 silahlı hücum həyata keçirib.

Terror təşkilatı olan ASALA Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayonun işğalı zamanı əhalidə qorxu yaratmaq və daha çox Azərbaycanlını qətlə yetirmək məqsədi ilə hərbi əməliyyatlar getdiyi yerlərdən uzaqda belə dinc Azərbaycanlı əhaliyə qarşı terror aktı törədərək onları vəhşicəsinə qətlə yetirmişdir. Onu qeyd etmək lazımdır ki, erməni terror təşkilatlarının əsas və bir məqsədi hər fürsətdən istifadə edərək Azərbaycan və Türkiyəni xaosa sürükləmək və özlərinə aid iddia etdikləri torpaqları işğal edərək "Böyük Ermənistan”ı qurmaqdır. Bu gün ermənilər haqsız istəklərini müxtəlif başlıqlı mövzularda davam etdirdiklərini görmək olar.

Türkiyəyə qarşı həyata keçirdikləri strategiya ilə yanaşı onlar məsələni Kiçik Qafqazdan Bakıya qədər həyata keçirəcək bir strategiyalarının olduğunu gec olmayaraq üzə çıxardılar. 1918-ci ilin  Mart Soyqırımı buna sübutdur. Belə ki, ermənilər Azərbaycanın müxtəlif bölgələrində həmçinin Bakıda milli mənsubiyyəti Türk olduğuna görə minlərlə insanı vəhşicəsinə qətlə yetirdi.

XX əsr tarixinin ən dəhşətli və faciəli səhifələri Azərbaycanlıların ermənilər tərəfindən kütləvi soyqırım və yurd yuvalarından didərgin salınması idi. Azərbaycan xalqına qarşı ermənilərin soyqırım siyasəti 18-ci əsrin əvvələrinə qədər gedib çıxır. 1918-ci ilin mart ayında erməni silahlı qüvvələri tərəfindən Bakı, Şamaxı, Quba, Kürdəmir, Salyan, Lənkəran və digər bölgələrdə törədilən azərbaycanlılara qarşı olan qırğınlar arasında ən ölümcül hadisələr idi. Bu dəhşətli soyqırım nəticəsində on minlərlə dinc sakin etnik və dini zəmində öldürüldü. Azərbaycanlılara qarşı soyqırım göstərişi Bakı sovetinin 1918-ci il martın 15-də keçirilən iclasda S.Şaumyan verdi.  Soyqırım siyasətində erməni kilsəsi fəal iştirak edirdi. Xalqımızın başına gələn bu dəhşətli soyqırımın alman şahidi olan Kulner 1925-ci ildə Bakıda olan hadisələrdən bu qeydləri etmişdir: "Ermənilər müsəlman (azərbaycanlı) yaşayış məntəqələrinə hücum etdilər, hamını qətlə yetirdilər, qılınc və nizə ilə öldürdülər. Soyqırımdan bir neçə gün sonra 87 azərbaycanlının cəsədləri bir yivdən çıxarıldı. Qulaqları və burunları kəsilmiş, qarınları cırılmış və cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara və yaşlı insanlara rəhm etmədilər”.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda ölüm-dirim mübarizəsi başladı. Bu proses nəticəsində ermənilərin "Böyük Ermənistan” planları pozğuna uğradı. Azərbaycanlılara qarşı həyata keçirilmiş 31 Mart soyqırımının hərtərəfli araşdırılması və dünya ictimaiyyətinin faciə ilə bağlı məlumatlandırılması kompaniyası Ümummilli lider Heydər  Əliyev tərəfindən başlandı. 1998-ci ildə Heydər Əliyev tarixi bir əhəmiyyət daşıyan "Azərbaycanlıların Soyqırımı haqqında” fərman imzaladı və 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.

Sovet ittifaqında 1980-ci illərin 2-ci yarısında bir sıra dəyişikliklər baş verdi. Ermənilər "Böyük Ermənistan” xülyalarını reallaşdırmaq üçün yenidən hərəkətə keçdilər. Onlar yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə ərazi iddiaları irəli sürməyə başladılar. Ermənistan Silahlı Qüvvələri 1992-ci ildən başlayaraq Qarabağın dağlıq hissəsində Azərbaycanlıların yaşayış məntəqələrinə hücum edərək işğal etdilər. Bu işğallar ardıcıl olaraq həyata keçirilirdi. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalıda soyqırım həyata keçirdilər. Xocalı soyqırımı Azərbaycan tarixində ən böyük faciələrdən biri oldu. Xocalı döyüşündə yüzlərlə adam həlak oldu, yaralandı, əsir götürüldü, şəhər yandırıldı. Soyqırımdan sağ çıxanlar iki yolla Ağdama qaçmağa cəhd göstərdilər. Gecənin soyuğunda çox insan dondu, yaralılar tab gətirməyib öldü. Soyqırımın səhəri günü Xocalı şəhərindən 6-7 km uzaqda Qaraqayada sağ qalan xocalılar ermənilər tərəfindən pusquya düşürülərək gülləbaran edildilər. O zaman AXC-Müsavat hakimiyyəti işğalın dayandırılmasına, torpaqların işğaldan azad olunmasına və atəşkəsin əldə olunmasına nail ola bilmədi.  Xalqın israrlı təkidi ilə hakimiyyətə gələn Ümummilli liderimiz Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü diplomatiya, milli ordumuzun gücləndirilməsi sayəsində artıq düşmən və onu himayə edənlər anladılar ki, münaqişəni zorakı metodlarla həll etmək cəhdləri perspektivsizdir. 1994-cü ilin may ayının 12-də cəbhələrdə atəşkəs əldə edildi. Bu gün cənab Prezidentimiz İlham Əliyevin prinsipial, qətiyyətli siyasəti sayəsində Azərbaycanın ardıcıl şəkildə qazandığı diplomatik uğurlar, Ermənistan rəhbərliyini çətin vəziyyətdə qoyur, həmçinin işğalçı ölkə beynəlxalq iqtisadi layihələrdən kənarda qalır. Bizlər öz torpaqlarımızda hər hansısa bir qondarma dövlətin yaranmasına və məhvə məhkum olan xülyanın reallaşmasına icazə verməyəcəyik!

Ümummilli liderimiz Heydər Əliyevin bildirdiyi:-"Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” fikrindən irəli gələrək biz gənclər daim Cənab Prezident İlham Əliyevin yanında sıralarımızı möhkəm edib, müstəqilliyimizi və dövlətimizi qorumalıyıq. Çünki bizim müstəqilliyimiz əbədidir və dönməzdir!

Babayev Xəlil Elşad oğlu