30 Sentyabr 2020
10:41
1465

Məhkumlarda koronavirus aşkarlandı

Üç cəzaçəkmə müəssisəsində məhkumlarda koronavirus aşkarlanıb.

İslahat.az xəbər verir ki, Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatına görə, bu günədək ədliyyə sistemində çalışan şəxslərdən və məhkumlardan 13 minədək test nümunələri götürülüb.

Aparılmış kütləvi test müayinələri nəticəsində cəmi 18 nəfərdə, o cümlədən 4, 12 və 14 saylı cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlarda virusun göstəriciləri pozitiv çıxıb. Həmin şəxslər də dərhal izolyasiya olunmuş və xüsusi müalicə müəssisinə yerləşdirilib. Bu tibb ocağı zəruri avadanlıq və dərman vasitələri, habelə xüsusi havalalandırma sistemi ilə təchiz olunub.

Hazırda virusa yoluxmuş məhkumların sağlamlıq durumu kafidir, ağır vəziyyətdə olan yoxdur. Onların müalicəsi üçün müvafiq tədbirlər görülür və səhhətləri daim həkim nəzarətində saxlanılır. Virusa yoluxmuş məhkumlardan vaxtı çatmış 2 nəfər şərti azad olunaraq izolyasiya və müalicə üçün TƏBİB-ə təhvil verilib.

Ümumiyyətlə, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutunun şəffaf tətbiqi məqsədilə yaradılmış nazirliyin xüsusi Komissiyası pandemiya dövründə fəaliyyətini gücləndirmiş rejimdə davam etdirib və 1000 nəfərədək məhkum məhkəmələr tərəfindən vaxtından əvvəl şərti olaraq azadlığa buraxılıb, 429 həbs edilmiş şəxs isə ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad ediliblər.
 
İslahat.az