25 İyul 2022
03:35
18948

Media intihar xəbərlərini verməsə, özünəqəsdlər azalacaqmı? - ekspert rəyləri

Medianın İnkişafı Agentliyi (MEDİA) mediada intihar hallarının işıqlandırılması ilə bağlı narazılıqlara münasibət bildirib. MEDİA açıqlama yayıb ki, son zamanlar bir sıra media subyektləri tərəfindən intihar halları ilə bağlı xəbərlərin geniş tirajlanması, xüsusən də yetkinlik yaşına çatmayan şəxslərin özünə qəsd etməsi ilə əlaqədar mövzuları işləyərkən jurnalist peşəkarlığı baxımından yol verilən qüsurlar cəmiyyətdə narahatlıq yaratmaqla, haqlı olaraq ictimai narazılığa səbəb olur.

Agentlik xüsusi vurğulayıb ki, Azərbaycan Respublikasının Audiovizual Şurası və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən bu ilin aprel ayında ölkənin bütün media subyektlərinə tövsiyə olunmuş "Redaksiya siyasəti və peşə etikası qaydaları”nda qeyd olunduğu kimi intihara cəhdlə bağlı xəbərlərin təsviri təqlid hissi oyatmamalıdır.

Qurum intihar halları və bu qəbildən olan digər təzahürlərlə bağlı materialları işıqlandırarkən medianı ictimaiyyət qarşısındakı məsuliyyətinə diqqətlə yanaşmağa və peşəkar həssaslıq nümayiş etdirməyə çağırıb.

Bir sıra ekspertlər, psixoloqlar hesab edir ki, ümumiyyətlə, intihar xəbərlərinin mediada işıqlandırılması digərlərini də buna sövq edə bilir.

Qeyd edək ki, bir sıra Avropa ölkələrində mətbuatda özünə qəsd xəbərlərinin dərci qadağandır.

Ancaq bir qisim ekspertlər də hesab edir ki, intiharların artmasında medianın yox, sosial şəbəkələrin rolundan danışmaq daha vacibdir. Yəni indi intihar xəbərləri anındaca sosial şəbəkələrdə tirajlanır və hər kəsin də bundan xəbəri olur. Sayt, qəzet oxuyan adamlar ölkə əhalisinin 10-15 faizini təşkil edirsə, sosial şəbəkələrdə əhalinin 70-80 faizi baxır. Ona görə də bu məsələdə bütün cəmiyyətlər, ölkələr dalana dirənmiş kimi görünür. Mümkündürmü gələcəkdə özünəqəsd xəbərlərini, videoları vahim və təşviş yaradan formada, açıq şəkildə yaymaq sosial şəbəkələrdə də yaymaq məsuliyyət yaratsın? Qlobal səviyyədə buna nail olmaq mümkündürmü?

Yeri gəlmişkən, Avropada "Gənc Verterin iztirabları” adlı əsər yayımlananda, o zaman bu kitabın satışını dayandırıblar. Çünki əsərin yayımından sonra intiharlar kütləvi şəkildə çoxalmağa başlayıb. Orada qəhrəman sevgisının əzabını çəkir və sonda buna dözməyib intihar edir. Mütəxəssislər qeyd edirlər ki, əgər insan bir dəfə intihara cəhd edibsə, üç il ərzində bu fikir onun beynindən çıxmır. Bu müddətdə ailəsi, dostları tərəfindən diqqətdə saxlanılmalıdır, ona bu vəziyyətdən çıxmağa kömək etməlidirlər.

Psixoloq Rövşən Nəcəfov: "İntihar xəbərləri verilməsə, biz necə ”SOS" elan edəcəyik?!"

Elşad Hacıyev: "Ailələrə tövsiyə edirəm ki, övladlarının sosial şəbəkələrdən istifadəsinə diqqət etsinlər”

Psixoloq Rövşən Nəcəfov mövzu ilə bağlı "Yeni Müsavat”a bunları şərh etdi: "Pandemiya dövründə müşahidələr onu göstərdi ki, insanlar rəsmi xəbərlərə yox, şayiələrə daha çox inanırlar və tirajlamağa çalışırlar. Bu gün biz sosial şəbəkələrdə müşahidə edirik ki, bəzən elə bir informasiyaya insanlar müsbət reaksiya verir ki... Yəni bir balaca empati qurub, məntiq qoysaq, görərik ki, o informasiyanın heç bir əhəmiyyəti yoxdur. Amma insanlar şayiələrə daha çox inanmaq istəyirlər. İstənilən informasiya insanlara təsir edir və cəmiyyətin ümumi psixoloji mənzərəsini formalaşdırır. İnformasiyanın tirajlanmasına qarşı fikirlər söyləmək uğursuzdur. Vacib məqam odur ki, yayılmış və ya yayılacaq mənfi emosiyaları özündə ehtiva edən informasiyalara qarşı hansı fikir immunitetini formalaşdırmaq lazımdır”.

Psixoloq onu da əlavə edib ki, intihar xəbərlərinin verilməsi təbliğat xarakteri daşıyır: "Amma bu xəbərlər verilməsə, biz necə ”SOS" elan edəcəyik? Cəmiyyətə necə eşitdirəcəyik ki, belə hallar baş verir və bizim ətrafımzdadır bu hallar? İntihar xəbərlərinin özünəqəsdə təhrik etməməsi üçün məlumat peşəkar və maarifləndirici hazırlanmalıdır. İnsanlarda da hansısa informasiyanın paylaşma mədəniyyəti formalaşmalıdır. İstənilən xəbərdə maarifləndirici məqam yoxdursa, xəbər təbliğat xarakteri daşıyacaq. Xəbərin necə çatdırılması, insanların sosial şəbəkələrdə hansı fikirləri yazması informasiyanın emosiyalarını müəyyən edir. İnsan psixologiyasının əsas meyarı fikirdir. Fikir şəraitin özüdür və şəraitə uyğunlaşır".

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev mövzu ilə bağlı "Yeni Müsavat”a fikirlərini açıqladı: "İntiharlar, insanlarda ruh düşkünlüyü yaradan xəbərlərin manşetləşdirilməsi nəinki dünyada, bədii kriminalistik kitablarda, hüquq ədəbiyyatlarında da qadağan olunan informasiyalar siyahısına daxildir. Bir çox Şərq və Avropa ölkələrində intihar xəbərlərini yayan şəxsləri cinayət məsuliyyətinə cəlb edirlər. Eyni zamanda bu, istiqamətləndirmək, yönləndirmək kimi niyyəti olan bəzi insanların hansısa təriqətlərin, başqa-başqa qruplaşmaların əllərində bir mexanizm kimi istifadə olunur. Mən elm adamı kimi araşdırmalarımda müəyyən etmişəm ki, intihar hadisələrinin sosial məsələlərlə qəti əlaqəsi yoxdur. Dünyada gündə orta hesabla 1000 insan intihar edərək həyatına son verir. İntiharlar yaş və cinsə görə fərqlidir. İnsanın qəfil keçirdiyi psixoloji-affekt vəziyyətinin yaranması səbəblərdən biri kimi hipotiroid olduğu ortaya çıxıb. Hipotiroid, böyrəküstü vəzi xəstəlikləri ilə bağlıdır. Bir sıra ürək dərmanları orqanizmdə hormonların səviyyəsini zədələməklə onun iş funksiyasını dəyişir. ABŞ və Avropada istintaqçılar ölüm həddinə çatdırma ilə bağlı cinayət işlərinin istintaqını apararkən zərərçəkmişin tibbi-psixoloji vəziyyətini müəyyən edib. Xüsusilə insanın hormon səviyyəsi yoxlanılmaqla standart meyarı müəyyənləşdirilib. Məlum olub ki, insanın psixoloji xəstəlik keçirməsi orqanizmində birdən-birə ortaya çıxmır. Depressiya, nevroz kimi psixoloji xəstəliklər, ürək, damar, beyin, mədə-bağırsaq sisteminin pozulması nəticəsində psixoloji vəziyyət dəyişməklə insan özünə nəzarəti itirir. Psixoloji problemi olan insanlarda ürək tutması, yüksək təzyiq (hipertəzyiq), beyin qanaması (felç), mədə qastiriti, infeksiyaya tutulma, xərçəng, qansızlıq kimi xəstəliklər geniş yayılıb. Orqanizmin əsasını təşkil edən karbohidrat, protein, yağ, vitamin, minerallar, zülalların vahid qarşılıqlı əlaqəsi bir-birini tamamlamalıdır. Bu təməl quruluşun kəmiyyətinin normal olduğu müddətdə orqanizmdə hər hansı bir xəstəlik olmur. Fəqət bu maddələr mübadiləsinin pozulması nəticəsində (kəmiyyəti artdığında və azaldığında) organik (somatik) xəstəliklər meydana çıxmaqla, ruhi-psixoloji problemlər doğurur. Qərbin məşhur psixo-analitikləri hesab edir ki, tiroid hormonları aşağı olan xəstələrdə depressiya müşahidə olunmaqdadır”.

Polis rəisi valideynləri diqqətli olmağa çağırıb: "Hər birimiz çətinlikdən keçmişik. Kim həyatında çətinlik görməyib ki?! Xüsusilə valideynlərə çağırış edirəm, evdə yeniyetməlik yaşına çatan uşaq böyüdən ailələrə tövsiyə edirəm ki, övladlarının sosial şəbəkələrdən istifadəsinə diqqət etsinlər. Azyaşlıları kitaba, mütaliəyə cəlb etsinlər. Ola bilər ki, övladınız hansısa satanist qrupların təsirinə düşə bilər. Əsasən cinayətkarlığın təbliğatı, dini radikalizm, narkotik vasitələrlə bağlı paylaşımlar, informasiyalar yayılır ki, bunlar cəmiyyət, azyaşlılar üçün ciddi problemlər yarada bilər. Onların dünyagörüşünə, həyata baxışına təsir edə bilər. Bir yeniyetmənin hansısa cinayətkar dəstənin simvollarından, onların jarqonlarından istifadə etməsi, onların üslubunda danışıqlar aparması narahatlıq doğurur. DİN bu istiqamətdə ali və orta təhsil müəssisələrində gündəlik olaraq profilaktik tədbirlər keçirir, bütün narahatlıq doğuran məqamları diqqətə çatdırır. Uzun illər bu sahədə çalışan biri kimi deyə bilərəm ki, kriminal mahiyyət daşıyan, seksual əhəmiyyət daşıyan informasiyaların verilməsində media maraqlı görünür. Biz DİN olaraq tövsiyə edirik ki, bu informasiyalar, cəmiyyəti narahat edəcək, insanların həyatına mənfi təsir edəcək xəbərlər ictimailəşməsin. Əvvəllər də intihar hadisələri olurdu, amma bu qədər işıqlandırılmırdı. İndi nə qədər insan varsa, demək ki, o qədər ”operator" var, "rejissor” var, telefonu ilə çəkir, sosial şəbəkələrdə paylaşır. Nəticədə insanların əhval-ruhiyyəsinə mənfi təsir göstərir. Elm adamlarından, yazarlardan, jurnalistlərdən, rejissorlardan xahiş edirəm ki, bu məsələdə diqqətli olsunlar. Dünya təcrübəsində də bu məsələdə əsas yük fikir adamlarının üzərinə düşür".

Yeri gəlmişkən, ötən gün Mətbuat Şurasında təşkil olunan tədbirdə intihar və intihara cəhd hadisələrinin baş verməsinin minimuma endirilməsi və bu sahədə qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə yaradılmış İşçi Qrupun üzvü Şəmsəddin Əliyev açıqlamasında dünyada intiharlarla bağlı statistika ilə Azərbaycan reallığı arasında paralel aparıb. O bildirib ki, ölkəmizdə il ərzində 500 intihar hadisəsi baş verib. Bu rəqəm dünya dövlətləri ilə müqayisədə kiçik sayılsa da, narahatlıq üçün əsaslar verir. İntiharı və intihara cəhdi doğuran səbəblər ətrafında söz açmış Ş. Əliyev bu baxımdan alkoqol asılılığını, narkotik maddə aludəçiliyini önə çəkib. O, həmçinin bildirib ki, intihar və intiharı doğuran halların araşdırılması üçün ayrıca elmi-tədqiqat mərkəzinin yaradılması daha faydalı olardı: "İntihar halları birbaşa Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən araşdırılır və mediaya onunla əlaqədar məlumatın bu dövlət orqanı tərəfindən nəzərdən keçirildikdən sonra verilməsi məqsədəuyğundur”.

Afaq MİRAYİQ - "Yeni Müsavat”