09 Mart 2022
12:38
22795

Masallıda 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olundu

5 mart 2022-ci il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilmişdir.

İslahat.az xəbər verir ki, "Yeni Gündəm”-ə istinadən xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Masallı şəhər Heydər Əliyev Parkında Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Ara məsafəsi gözlənilmək şərtilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov bayram münasibətilə qadınları təbrik edərək onların cəmiyyətdəki rolundan söhbət açmışdır.
Rayon rəhbəri çıxışında dövlətin hərtərəfli qayğısı ilə əhatə olunan Azərbaycan qadınının bu gün ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatının fəal iştirakçısına çevrildiyini xüsusilə qeyd etmişdir. Azərbaycan qadınlarının ölkəmizin həyatındakı çoxşaxəli rolundan danışan natiq bu sahədə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi xidmətlərini qeyd etmişdir. İcra başçısı həmçinin vurğulamışdır ki, Azərbaycan qadınları ilə bir sırada inamla addımlayan Masallı qadınları da bu gün iqtisadiyyatımızın gücləndirilməsində, idarəetmə, təhsil, səhiyyə, mədəniyyət, aqrar və digər sahələrdə həvəslə işləyirlər. Qadınlar cəmiyyətimizin istər ailə, istər sosial, istərsə də ictimai həyatında kişilərə yardımcı olan böyük qüvvədirlər. Qadınlar Vətənə layiqli vətəndaş, vətənpərvər insan yetişdirən və onlara tərbiyə verən anadırlar. İstərdik ki, həyatlarının bütün günü onlar üçün bayram olsun. Çünki bütün qadınlar, xüsusilə analar bütün bayramlara layiqdirlər.
Sonra Masallı RİHB-nın Hişkədərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qumra Cəfərova, Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, "Regional hüquqi və iqtisadi maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova, MRX PHŞ-də baş tibb bacısı Leyla Məmmədova, Masallı Tarix Diyarşünaslıq muzeyinin direktoru, Əməkdar Mədəniyyət işçisi Əntiqə Tağıyeva, Masallı Dövlət Regional Kollecinin tələbəsi, könüllü Səbinə İbrahimli və başqaları çıxış etmişlər. Bayram münasibətilə xoş arzularını bildirən qadınlar Azərbaycanda qadına, anaya daim böyük ehtiram və hörmət bəslənməsindən, müdrik, cəsur, istedadlı qadınlarımızın adlarının çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılmasından danışmışlar. Onlar qadınlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və icra başçısına dərin minnətdarlıqlarını bildirmişlər.
Bayram tədbirində rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirakına görə bir qrup qadına Masallı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Fəxri fərman və qiymətli hədiyyələr təqdim edilmişdir.

İslahat.az