Əsl liderliyin nümunəsi
1969-cu ildə Heydər Əliyev Azərbaycan SSR-in Mərkəzi Komitəsinin birinci katibi təyin edildiyi gündən dövrün ideoloji ağırlığına baxmayaraq, respublikanın bütün iqtisadi, ictimai, sosial sahələrində olduğu kimi, elm və təhsildə də azərbaycançılıq siyasətini həyata keçirməyə başladı. Bu siyasət çox incə məqamları hədəf alaraq gələcəyə köklənmiş strateji məqsədləri əhatə edirdi. Elm və təhsil strategiyasını milli maraqlara bağlayan Heydər Əliyev Azərbaycanın elmi potensialını tez bir zamanda artırmağı hədəf alaraq respublikanı SSRİ-də ön sıralara çıxarmağı bacardı. Onun respublikaya rəhbərlik etdiyi birinci dövr elmi potensialın yüksəldilməsi, xaricdə təhsil alan tələbələrin sayının artırılması, yüksək ixtisaslı kadrların hazırlanması işinin intensivləşməsi, yeni təhsil və elm sahələrinin açılması, ilk hərbi məktəbin təşkili və digər milli-strateji əhəmiyyətli fəaliyyətlə xarakterizə olunur.
Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin təməl prinsipi olan vətənpərvərlik
tərbiyəsi hər bir sahədə olduğu kimi, Azərbaycan tarixi məsələlərində də ön
planda idi. Respublikamızda tarix elminin tədqiqi və təhsili işinin yüksəlişi
də Heydər Əliyevin hakimiyyətinin birinci dövründən başlamışdır. 1974-cü ildə
yerli arxeoloq kadrların olması nəzərə alınaraq, arxeoloji kəşfiyyat işlərinin
keyfiyyətini artırmaq məqsədilə Azərbaycan Elmlər Akademiyası Tarix
İnstitutunun tərkibində arxeologiya və etnoqrafiya sektoru təşkil edildi.
Heydər Əliyevin sovet rejimi dövründə tarix - arxeologiya sahələrinin
dirçəldilməsinə və inkişafına xüsusi diqqət yetirməsi təsadüfi deyildi. Belə
ki, XX əsrin 70-ci illərində ermənilərin ərazi iddiaları bir daha baş
qaldırmışdı. Ulu öndər bu iddiaların qarşısını almaq məqsədi ilə ölkənin
qabaqcıl tarixçilərinə müraciət etmiş, erməni siyasətçilərinin və onların
havadarlarının hücumlarına elmi əsaslarla cavab verilməsinə nail olmuşdu.
Bu prosesləri izləmək üçün akademik İqrar Əliyevin Heydər Əliyev haqqında
yazıları diqqəti cəlb edir. Alimin 2002-ci ildə "Elm” qəzetinin xüsusi
buraxılışında "Heydər Əliyev və Azərbaycan tarix elmi” adlı məqaləsində ulu
öndərin idarəçilik qabiliyyətinin, azərbaycançılıq məfkurəsinin görünməyən
tərəflərini izləmək mümkündür.
Arxeoloq alim Əsədulla Cəfərovun "Heydər Əliyev və Azərbaycanda arxeologiya
elminin inkişafı” adlı məqaləsində toxunduğu bir fakta diqqət yetirmək yerinə
düşər: "1970-ci illərin ortalarında Azərbaycan Albaniyasının paytaxt şəhəri
olan Qəbələnin məhv olmaq təhlükəsi yaranmışdı. SSRİ Müdafiə Nazirliyinin
planına əsasən, Qəbələ radiolokasiya stansiyasının (RLS) tikintisi üçün yüksək
gərginlikli elektrik xətlərinin qədim Qəbələ şəhərinin ərazisindən keçməsi
nəzərdə tutulmuşdu. Bu barədə Tarix İnstitutunun direktoru, akademik İqrar
Əliyev o vaxt Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevə məlumat verdikdən
sonra, məsələ Sov. İKP MK Siyasi Bürosunda müzakirə edilmiş və ulu öndərin
nüfuzu və dəmir məntiqi sayəsində qədim Qəbələ şəhərinin zəngin maddi-mədəni
tarixi abidələri məhv olmaq təhlükəsindən xilas edilmişdi”.
Məhz 70-ci illərin ortaları sovet totalitar rejimin ən sərt dövrü zamanı
yuxarıda qeyd olunan böyük hərbi-strateji layihənin gedişinə nüfuz etmək, hakim
dövlətin gördüyü işi respublikanın milli maraqlarına uyğunlaşdırmaq asan
deyildi.
Qədim tarixə malik Qəbələnin məhv edilməsi təhlükəsinin qarşısının alınması
məqsədilə respublika rəhbəri Heydər Əliyev Q.Xəlilovun (Azərbaycan SSRİ Ali
Soveti Rəyasət Heyətinin katibi) sədrliyi altında Dövlət Komissiyası
yaratmışdı. Vəziyyəti araşdırmaq üçün komissiya üzvləri Qəbələyə yollanmışlar.
Məlum olur ki, Qəbələ RLS-nin tikinti layihəsi o zaman Azərbaycan SSR layihə
institutlarının birində işləyən milliyyətcə erməni qadın tərəfindən
hazırlanıbmış.
Heydər Əliyevin bu məsələ ilə bağlı qətiyyəti nəticəsində qədim Qəbələ şəhəri
üzərində qurulmuş bütün qurğular sökülmüş, Azərbaycan xalqının dövlətçilik
abidəsi olan şəhər xilas edilmişdi.
Bu hadisə sovet dövründə yüksək rütbəli şəxs tərəfindən atılmış cəsarətli addım
və eyni zamanda, xalqın milli mənafeyinin açıq-aşkar qorunmasının bariz
nümunəsi idi.
Erməni təxribatı bununla da bitməmişdir. 1978-ci ilin əvvəlində ermənilərin
ərazi iddiaları yeni vüsət almışdı. Dövrün ideoloji ağırlığına baxmayaraq
Heydər Əliyev bu istiqamətdə təəssübkeş fəaliyyətinə siyasi incəliklə davam
etmişdi. İqrar Əliyevin məsələ ilə bağlı müharibədən sonra Mircəfər Bağırovun
tələbi ilə hazırladığı arayışın tapılması xahişi dərhal yerinə yetirilir və bir
ay ərzində alim Dağlıq Qarabağ tarixinə aid arayışı təqdim edir. Məhz bu
arayışın əsas müddəaları ilə bağlı Mərkəzi Komitənin bürosunda müzakirələr
aparılır. Akademikin sözləri ilə desək, Heydər Əliyev hələ o zaman ermənilərin
Azərbaycan xalqına qarşı hazırladıqları təxribatın qarşısını vaxtında ala
bildi. Böyük rəhbərin sovet idarəçilik sistemində nüfuzu xalqın rifahının
yaxşılaşdırılmasına, vətənin ermənilərin ərazi iddialarından qorunmasına, milli
şüurun dirçəldilməsinə, milli-mənəvi dəyərlərin qorunmasına, gənc nəslin
vətənpərvərlik ruhunda tərbiyə olunmasına və azərbaycançılıq məfkurəsinin digər
əsas prinsiplərinin həyata keçirilməsinə yönəlmişdi.
Akademik Yaqub Mahmudovun "Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti”,
"Heydər Əliyev ideyalarının zəfər yürüşü” adlı kitablarında ulu öndərin
kommunist rejimi illərində milli mənlik şüurunun oyanmasının, milli müstəqillik
duyğularının baş qaldırmasının, eləcə də gələcəkdə müstəqil Azərbaycanın
qurulması üçün zəmin yaradılması məsələlərinin müəllifi olduğu təhlil
edilmişdir. Heydər Əliyevin irsində Azərbaycanın XIX əsr tarixi məsələləri
xüsusi yer tutmuşdur. Belə ki, akademik Yaqub Mahmudov "Azərbaycan: qısa
dövlətçilik tarixi” adlı kitabında bununla bağlı bir məqamı xatırladır: "Heydər
Əliyevin rəhbərliyi dövründə, XX əsrin 60-cı illərinin sonu - 70-ci illərində,
Azərbaycanın ümumi yüksəlişi fonunda xalqımızın tarixi keçmişinə də maraq artdı,
bu sahədə də oyanış başlandı. O zaman ölkəmizdə milli dirçəlişin əsas
mərkəzlərindən biri böyük mütəfəkkirimiz Rəsul Rzanın başçılıq etdiyi
Azərbaycan Ensiklopediyası idi. Ensiklopediyanın baş redaksiyası, redaksiya
ətrafında toplanmış alimlərin böyük əksəriyyəti çox cəsarətli çıxışlar
edirdilər. Xalqımızın təşəkkülündə türk etnoslarının həlledici rol oynaması,
Şimali Azərbaycanın Rusiya tərəfindən işğalı, Azərbaycan Xalq Cümhuriyyəti
xadimlərinin tariximizdə mütərəqqi rol oynaması, cümhuriyyət dövrü xadimlərinə
obyektiv qiymət verilməsi, 1920-ci ilin aprel işğalı kimi bir çox məsələləri o
zaman məhz ensiklopediyaçılar qaldırdılar. Rəsul Rzanın köməyi ilə bu
sətirlərin müəllifi Kiyevin xəritə fabrikində ilk dəfə Azərbaycan tarixi
xəritələrinin hazırlanmasına və çapına nail oldu. 1972-ci ildə Ensiklopediyanın
baş redaksiyası Rəsul Rzanın redaktorluğu ilə "Azərbaycan SSR xəritələri”
(Azərbaycan və rusdillərində) adlı atlas nəşr etdi. Göstərilən tarix xəritələri
həmin atlasa daxil edildi. Lakin "sapı özümüzdən olan baltalar” bütün bu
məsələləri Moskvaya çuğulladılar, Ermənistandakı tarixçi "dostlarını” köməyə
çağırdılar. Bizə "millətçi”, "burjua məfkurəçiləri”, "sovet hökumətinin və
Rusiyanın düşmənləri” damğasını vurmaq məqsədilə xalqımıza qarşı 1918-ci il Mart
soyqırımını törətmiş S.Şaumyanın oğlu L.S.Şaumyanı Bakıya gətirtdilər.O zaman
"Böyük Sovet Ensiklopediyası” baş redaktorunun birinci müavini, həm də sovet
ideologiyasının başında duranlardan biri olan oğul Şaumyan əlinə düşən
fürsətdən istifadə edərək, Azərbaycan ziyalılarına zərbə vurmaq üçün çox
çalışdı. Lakin məqsədinə çata bilmədi. Çünki Azərbaycana doğma yurdunun
təəssübkeşi olan qüdrətli bir şəxsiyyət başçılıq edirdi. Məhz Heydər Əliyevin
müdrikliyi və cəsarəti sayəsində o zaman həm ensiklopediyaçılar, həm də
ziyalılarımızın böyük bir dəstəsi nəinki KQB-nin təqiblərinə düçar oldu, hətta
partiya cəzasından da yaxa qurtara bildilər.”
İctimai elmlərin inkişafına kommunist ideologiyasının güclü təzyiqi mənfi təsir
göstərirdi. Yerli xalqların tarixi SSRİ tarixinin kölgəsində qalırdı.
"Beynəlmiləlçilik” şüarı altında xalqların soy kökü, milli dəyərləri, vətən
tarixi unutdurulur, "sovet gənclərinə” "SSRİ tarixi” adı altında rus-slavyan
xalqlarının tarixi tədris və təbliğ edilirdi.Azərbaycan SSR-də isə Azərbaycan
tarixinin, ədəbiyyatının, mədəniyyətinin sovet dövrü birtərəfli öyrənilir,
mövcud olan dərin ziddiyyətlər və onların kökü, ictimai quruluşun, müstəmləkə
sisteminin qüsurları açıqlanmırdı. Bir misalı qeyd etmək yerinə düşər: Ötən
əsrin70-ci illərində müttəfiq respublikaların elmlər akademiyalarının tarix
institutlarının əksəriyyəti öz xalqlarının çoxcildlik tarixini hazırlamağı
planlaşdırmışdılar, o cümlədən Azərbaycan EA Rəyasət Heyəti də "Azərbaycan
tarixi”nin (9 cilddə) yazılması qərarı ilə baş redaksiya şurası yaratmış,
cildlərin redaksiyaları, müəllifləri artıq fəaliyyətə başlamışdılar. Bu
təşəbbüs "ideoloji rəhbərliyi” (ələlxüsus, MK-nın katibi M.A.Suslovu) çox
narahat etmişdi. Hətta Sov.İKP Mərkəzi Komitəsində bu məsələ respublika
rəhbərlərinin və tarixçilərinin iştirakı ilə müzakirə olunmuşdu. Müzakirədə hər
respublikanın fərdi "çoxcildlik” tarixinin əvəzinə regionlar üzrə birgə kitabın
yazılması məsləhət görülmüşdü. Bu səbəbdən bir müddət respublikalar üzrə
çoxcildlik tarixin yazılması ləngidildi. Ancaq Azərbaycan KP MK-nın birinci
katibi Heydər Əliyevin və Qazaxıstan KP MK-nın birinci katibi D.Ə.Kunayevin
Moskvaya məktubları sayəsində işə yenidən başlanıldı.
Respublikada ictimai elmlərin tədrisi sahəsində işlər daim diqqət mərkəzində
idi. Azərbaycan Dövlət Universitetində Tarix fakültəsinin yuxarıda göstərilən
kafedraları ilə yanaşı, 1980-ci ildə "mənbəşünaslıq, tarixşünaslıq və metodika”
kafedrası yaradıldı. 1981-ci ildən etibarən isə "Qədim dünya və orta əsrlər
tarixi” kafedrası fəaliyyətə başladı. Bu kafedraların açılması tarix elminin
tədrisində səmərəli şaxələnmə kimi qiymətləndirilə bilər. Dövrün ideoloji
təsirlərinə baxmayaraq tarix fakültəsində belə kafedraların, fakültələrin
açılmasının tarix elminin tədrisinin keyfiyyət artımına təsiri danılmazdır.
Gələcəyə köklənmiş uzaqgörən işlər sırasında C. Naxçıvanski adına Hərbi
Məktəbin açılması mühüm əhəmiyyətə malikdir. Maarif Nazirliyi və respublika
Hərbi Komissarlığı Azərbaycan KP MK bürosunun 1971-ci il 29 aprel qərarını əsas
götürərək, hərbi təmayüllü internat məktəbinin açılması üçün 1971-ci il iyunun
16-da müraciət hazırlayır. Bu müraciət dərhal müzakirə olunur və 1971-ci il
iyulun 20-də "İxtisaslaşdırılmış internat məktəbinin yaradılması haqqında”
Azərbaycan KP MK bürosu qərar qəbul edir.
1971-ci ilin noyabr ayında məktəbin açılışı olur. Heydər Əliyev bu təntənəli
mərasimdə iştirak edir və bildirir ki, yeni məktəbə diviziya komandiri general
Cəmşid Naxçıvanskinin adını veririk. Arxiv materialları içərisində
C.Naxçıvanskinin adının əbədiləşdirilməsi haqqında Mərkəzi Büronun qərarı bu
faktı təsdiq edir. Heydər Əliyev o zaman 3 il idi ki, respublikaya rəhbərlik
edirdi. Azərbaycanlı gənclərin hərbi təhsil alması məsələsinin vacibliyi onu
təxirəsalınmaz işlər görməyə vadar etmişdi. Bu onu göstərir ki, Heydər Əliyev
Azərbaycan tarixini gözəl bilirdi və müstəmləkə dövründə xalqımızın hərb
sənətinin unutdurulması məsələsinin hansı nəticələr verəcəyini görürdü. Əsası
70-ci illərin əvvəlində qoyulmuş hərbi məktəbin səmərəli nəticələri 30-40 il
sonra Azərbaycan ordusunun tam formalaşması ilə özünü göstərdi. Ulu öndər hərbi
işin təşkilində Azərbaycan tarixindən bəhrələnmişdir, desək yanılmarıq.
Kommunist rejimi dövründə ümummilli lider Heydər Əliyevin tarixi şəxsiyyətlərə
xüsusi yanaşmasını arxiv materiallarında da izləmək mümkündür. Azərbaycan SSR
KP-nin Mərkəzi Bürosunun qərarları içərisində Nəriman Nərimanovun yubiley
tədbirlərinin təşkili xüsusi diqqət cəlb edir. Belə ki, yubiley tədbirlərinın
təşkili və keçirilməsi 1970-ci ildə qərara alınsa da, N. Nərimanovun adının
əbədiləşdirilməsi və Bakının ən görkəmli yerində heykəlinin ucaldılması
məsələsi Heydər Əliyevin şəxsi təşəbbüsü və rəhbərliyi ilə yalnız 1972-ci ildə
həyata keçirmək mümkün olmuşdur. Tədbirlərin iki il gecikdirilməsi N.Nərimanova
"millətçi” damğasının vurulması ilə bağlı idi. Lakin Heydər Əliyev bütün
maneələri dəf etməyi bacardı.
Arxiv sənədləri içərisində, eləcə də Azərbaycanın böyük şairi İmadəddin
Nəsiminin 600 illik yubileyinin (1971) , Aşıq Ələsgərin 150 illik yubileyinin
(1972) , Hüseyn Cavidin 90 illik yubileyinin (1974) geniş və təntənəli şəkildə
qeyd olunması haqqında qərarların altında Heydər Əliyevin şəxsi imzası vardır.
Saysız-hesabsız arxiv sənədləri sübut edir ki, sovet rejimi illərində də ulu
öndərin irsində Azərbaycan tarixi məsələləri xüsusi yer tutmuşdur.
Hələ kommunist rejimi dövründə Heydər Əliyevin uzaq gələcəyə yönəlmiş
tədbirləri sırasında Naxçıvan tarixinin tədqiqi və təbliğinin ön plana
çəkilməsi də əsas məsələ kimi qarşıda dururdu. Məhz həmin illərdə XII əsrin
mədəniyyət abidəsi olan Möminə Xatun məqbərəsi yanında memarlıq və incəsənət
muzeyi təşkil olundu. Naxçıvan MR-də 1970-ci ildə cəmi iki muzey var idisə,
1980-ci ildə onların sayı dörd, 1985-ci ildə isə on birə çatdırıldı. Heydər
Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə 70-ci illərdə və 80-ci illərin
əvvəllərində Naxçıvan şəhərində və Şahtaxtı kəndində görkəmli Azərbaycan
dramaturqu və şairi Hüseyn Cavidin, Naxçıvan şəhərində görkəmli sərkərdə
C.Naxçıvanskinin, Ordubad şəhərində yazıçı-dramaturq M.S.Ordubadinin, akademik
Y.Məmmədəliyevin ev muzeyləri yaradılmışdı.
Sovet illərində milli-mənəvi dəyərlərin qorunması məsələsi də ulu öndərin
möhkəm iradəsi ilə mümkün olmuşdur. Milli-mənəvi dəyərlərin Azərbaycan tarixi
məsələləri ilə birgə ideologiyanın qurbanına çevrilməsi Heydər Əliyevin
bilavasitə xüsusi incə yanaşması ilə qorunmuşdur. Bu, azərbaycançılıq
ideologiyasının təməl prinsipi idi. Heydər Əliyevin Azərbaycan mədəniyyəti
qarşısında ən uğurlu xidmətlərindən biri xalqımızın görkəmli simalarının, elm
və mədəniyyət xadimlərinin xatirəsinin əbədiləşdirilməsi sahəsində həyata
keçirdiyi qətiyyətli tədbirlərdir. Onun Azərbaycan SSR-ə rəhbərliyi dövründə
Bakıda, digər şəhərlərdə çoxlu görkəmli xadimlərimizin ev muzeyləri fəaliyyətə
başlamışdı.
Nizami Gəncəvinin 840 illiyi (1981), Memar Əcəminin, İmadəddin Nəsiminin 600
illiyi (1973), Nəsirəddin Tusinin 780 illiyi (1981), Molla Pənah Vaqifin, Aşıq
Alının 180 illiyi (1981), Aşıq Ələsgərin 150 illiyi (1972), Üzeyir Hacıbəylinin
(1984), Müslüm Maqomayevin 100 illiyi (1984), Qasım bəyZakirin 200 illiyi
(1984), Hüseyn Cavidin 100 illiyi (1981), M.F.Axundzadənin 175 illiyi (1985),
M.A.Əliyevin (1984), M.S.Ordubadinin 100 illiyi (1972) və başqa ədəbiyyat,
incəsənət, elm xadimlərinin, Azərbaycan teatrının 100 illiyi (1974) yubileyləri
təntənə ilə qeyd olundu. İmadəddin Nəsiminin UNESCO-nun himayəsi altında
(1979-cu ildə) keçirilən 600 illik yubileyi böyük ədəbi-mədəni hadisəyə
çevrildi. Nəsimi əsərlərinin elmi-tənqidi mətni üç cilddə nəşr olundu, onun
yaradıcılığını əhatə edən monoqrafiyalar, elmi-tədqiqat əsərləri çap olundu,
bir çox əsərləri müxtəlif dillərə tərcümə edildi. Onun Bakıda keçirilən yubiley
təntənələrində SSRİ-nin hər yerindən və 25 xarici ölkədən gəlmiş nümayəndələr
iştirak etmişdi.
Ulu öndər xüsusilə Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunmasını,
xalqımızın tarixinin obyektiv araşdırılmasını, həqiqəti ortaya çıxaran
əsərlərin yaradılmasını daha çox diqqət mərkəzində saxlayırdı. Bəxtiyar
Vahabzadənin "Latın dili” şerinin və "Gülüstan” poemasının, İsmayıl Şıxlının
"Dəli Kür” romanının və filminin, "Dədə Qorqud”, "Babək”, "Bir cənub
şəhərində”, "İstintaq” filmlərinin, "Şəhərin yay günləri” tamaşasının məhz
70-ci illərin məhsulu olması, "Qobustan” ədəbi-publisistik jurnalının nəşri bu
baxımdan təsadüf sayıla bilməz. Bütün bunlar ümummilli lider Heydər Əliyevin
vətənpərvərliyinin, xalq təəssübkeşliyinin məntiqi nəticəsi kimi
dəyərləndirilir.
Ulu öndərin hakimiyyətinin birinci dövründə humanitar-ictimai elmlər sahəsində
də mühüm nailiyyətlər əldə edilmişdi. "Azərbaycan tarixi” yeddicildliyində
ictimai elmlərin nümayəndələrinin formalaşaraq inkişaf etmələri böyük rəhbərin
bilavasitə qayğısı nəticəsində baş verdiyi qeyd olunmuşdur. Ziya Bünyadov,
Cəmil Quliyev, İqrar Əliyev, Sara Aşurbəyli, Teymur Bünyadov, Tofiq Köçərli,
Qaraş Mədətov, Mahmud İsmayılov və b. Azərbaycan tarixinə aid, Məmmədağa
Şirəliyev, Zərifə Budaqova, Əziz Əfəndizadə, Ağamusa Axundov, Əlövsət
Abdullayev və Yusif Seyidovun Azərbaycan dilinə aid, Əziz Şərif, Məmməd Cəfər,
Mir Cəlal, Həmid Araslı, Abbas Zamanov, Məmmədhüseyn Təhmasib, Mirzə İbrahimov,
Kamal Talıbzadə, Əziz Mirəhmədov, Bəkir Nəbiyev, Yaşar Qarayev, Azadə Rüstəmova
və başqaları Azərbaycan ədəbiyyatına aid, Aslan Aslanov, Firudin Köçərli, Fuad
Qasımzadənin fəlsəfəyə aid, Əhməd Mahmudov, Asəf Nadirov, Ziyad Səmədzadə,
Bəhman Axundov, Ağasəlim Ələsgərov, Teymur Vəliyev və digərlərinin başqa
elmlərə aid tədqiqat işləri xalqın mənəvi sərvətinə çevrilmişdi. Azərbaycanda
pedaqogika elminin inkişafında və xalq maarifinin təşkilində görkəmli alim,
SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü Mehdi Mehdizadə böyük rol
oynamışdı. O, UNESCO xətti ilə inkişaf etməkdə olan ölkələrdə təhsilin inkişafı
planının hazırlanmasında fəal iştirak etmişdi.
XX əsrin 70-ci illərinin əvvəllərindən başlayan milli dirçəliş, iqtisadiyyat,
mədəniyyət, elm, təhsilin inkişafı, mənəvi mühitin sağlamlaşdırılması
bütövlükdə milli özünüdərkə təkan verdi. 70-80-ci illərdə Heydər Əliyev böyük
qətiyyət, əzm və cəsarətlə xalqın tarixi yaddaşının qorunmasına, mədəniyyətimizin
tərəqqisinə, Azərbaycanın bütün dünyada tanınmasına çalışırdı.
Həmin dövrün mövcud siyasi reallıqları diaspor problemi ilə milli ideoloji
zəmində açıq və sistemli şəkildə məşğul olmağa imkan verməsə də, mədəniyyət,
incəsənət, elm sahəsində ciddi iş aparılır, respublikamızın nailiyyətləri
təbliğ edilir, dünya azərbaycanlılarının Vətənlə əlaqəsinə xidmət edəcək hər
bir imkandan istifadə edilirdi. Xarici ölkələrlə mədəni əlaqələrin güclənməsi,
tərcümə işinin vüsət alması, xaricdə yaşayan həmvətənlərlə Azərbaycan Mədəni
Əlaqələr Cəmiyyətinin ("Vətən” Cəmiyyəti) yaradılması həmvətənlərimizin
birliyinə və Vətənlə əlaqəsinə xidmət edən belə mühüm addımlardan idi. İlk
növbədə isə respublikamızın hərtərəfli inkişafı həmvətənlərimizdə milli qürur hissi
oyadaraq onlarda ana yurda maraq və bağlılığı artırırdı.
Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının elmi-intellektual
potensialının gücləndirilməsi məsələlərinə həmişə böyük diqqətlə yanaşırdı.
Məhz elə bu diqqətin sayəsində onun rəhbərliyi dövründə yüzlərlə həmvətənimiz
SSRİ-nin ən nüfuzlu təhsil ocaqlarında təhsil almaq imkanı əldə etmişdilər.
Belə ki, keçmiş SSRİ məkanının 50-dən çox böyük şəhərinin 170-dən artıq ali
təhsil ocağında elm, iqtisadiyyat, mədəniyyət, istehsalat və digər sahələri əhatə
edən və ən zəruri ehtiyac duyulan 250-dən artıq ixtisas üzrə 15 mindən çox
azərbaycanlı gənc təhsil almış və yüksək biliyə yiyələnmişdir. Bu kadrların
çoxu yenidən Azərbaycana qayıtmış və respublikanın ümumi inkişafına öz
töhfələrini vermişdilər. Lakin onların bir qismi təhsil aldıqları şəhərlərdə
məskunlaşmışdı. Respublikamızdan kənarda əmək fəaliyyətinə başlayan həmin
mütəxəssislər isə bir tərəfdən həmvətənlərimizin mütəşəkkilliyinin
güclənməsinə, digər tərəfdən elm və mədəniyyətimizin inkişafına yardım
göstərmişlər. Dünya azərbaycanlılarında milli şüurun güclənməsində Heydər
Əliyevin Moskvada sovet dövlətinin rəhbərlərindən biri kimi fəaliyyətinin də
xüsusi rolu olmuşdur. Həmvətənlərimiz milli liderimizin dünya miqyaslı siyasi
fəaliyyətini milli idrak və xarakterin parlaq təzahürü kimi qəbul edir,
xalqımızın özünə inamı, özünüdərki və mütəşəkkilliyi güclənirdi.
XX əsrin 70-ci illərində və 80-ci illərin əvvəllərində ümummilli lider Heydər
Əliyev məqsədyönlü fəaliyyəti ilə Azərbaycanın gələcəkdə müstəqillik
qazanmasına elmi əsaslarla zəmin yaratdı. Azərbaycan gənclərinin milli ruhda
formalaşması, vətənpərvərlik tərbiyəsi özsəmərəli nəticəsini verdi. 70 il sovet
rejiminin ağır ideoloji təsirləri altında vətəndə və SSRİ-nin müxtəlif
şəhərlərində təhsil alıb formalaşan gənclər məhz 1980-ci illərin sonunda
başlamış milli hərəkatda hərəkətverici qüvvə oldular. Milli özünüdərk, milli
şüur öz bəhrəsini verdi. Azərbaycan öz müstəqilliyini bərpa etdi.
Leyla Hüseynova
AMEA Tarix İnstitutunun "Əliyevşünaslıq” şöbəsinin aparıcı elmi işçisi,
tarix üzrə fəlsəfə doktoru
İslahat.az