29 Avqust 2019
12:42
953

Lənkəran sakini quyu qazdı, qədim saxsı qablar, çıraqlar tapdı - FOTOLAR

Lənkəranda qədim maddi-mədəniyyət nümunələri tapılıb.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, tapıntılar rayonun Sütəmurdov kənd sakini Xəyal Məmmədovun həyətyanı sahəsində təzəcə qazılmış su quyusundan aşkar edilib.

X.Məmmədov deyib ki, 15 il əvvəl də həyətində quyu qazılarkən oxşar hadisə ilə qarşılaşıb. Amma əhəmiyyət verməyib. Bu dəfə quyuda aşkarlanan müxtəlif ölçülü sınıq küplər, boşqab qalıqları, çıraqlar diqqəti cəlb edib.

Bu barədə məlumatlandırılan AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşları quyuya baxış keçiriblər. Təqribən eni bir, dərinliyi beş metr olan quyunun profilində qalınlığı üç metrdən yuxarı olan mədəni təbəqə aşkarlanıb. Məhz həmin təbəqədə aşkarlanan tapıntıların orta əsrlər dövrünə aid olduğu müəyyən edilib.

Mütəxəssisin bildirdiyinə görə, mədəni təbəqənin profilində 0,7 metr qalınlığında yanğın izləri, saxsı qırıntıları, kömür qalıqları və qalın kül qatı sübut edir ki, burada həyat ardıcıl, intensiv davam edib. Sonralar abidənin üzərində yaşayış yeri salındığından mədəni təbəqə qismən də olsa, dağıntılara məruz qalıb.

Tapıntılar tədqiq olunması üçün Lənkəran Regional Elmi Mərkəzinin arxeologiya şöbəsinə təqdim olunub. Tədqiqat işləri başa çatdırıldıqdan sonra abidə haqqında elmi məqalə hazırlanaraq elmi ictimaiyyətə çatdırılacaq.
 
İslahat.az