07 Yanvar 2022
13:51
21189

Koronavirusun daha bir növü aşkarlandı - 46 mutasiyanı özündə birləşdirir

COVID-19-un daha bir ştamı müəyyən edilib.

İslahat.az xəbər verir ki, Fransada 46 mutasiyanı özündə birləşdirən yeni növ aşkarlanıb. Hazırda Ümumdünya Səhiyyə Təşkilatının siyahısında olmayan varianta "İHU” adı verilib. Qeyd edilib ki, yeni ştamın yoluxma sürəti yüksəkdir və vaksinə qarşı müqaviməti güclüdür.

"B.1.640.2.” olaraq bilinən variantın ilk dəfə 10 dekabr, 2021-ci ildə "Méditerranée Infection University Hospital Institute” (İHU) qurumundakı elm adamları tərəfindən Alpes-de-Haute bölgəsindəki xəstələrin analizi zamanı müəyyən edildiyi bildirilib. Məlumata görə, həmçinin Marsel bölgəsi yaxınlığında da yeni növə 12 yoluxma faktı aşkarlanıb.

Qurumun şöbə müdiri Filipp Kolsonun sözlərinə görə, ilk yoluxma faktı noyabr ayında Afrika ölkəsi olan Kamerundan qayıdan bir kişidə qeydə alınıb. "Qayıdandan 3 gün sonra koronavirus testi müsbət çıxan xəstədə orta dərəcədə tənəffüs çətinliyi yaranıb”, - deyə Kolso əlavə edib.

Digər tərəfdən variant üzərində aparılan sınaqlar zamanı 46 mutasiya arasında E484K və N501Y mutasiyaları aşkar edilib. Buna baxmayaraq, elm adamları hesab edirlər ki, "İHU” ştamının mövcudluğuna yalnız 12 yoluxma faktı əsasında qərar vermək olmaz. Hazırda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) siyahısında olmayan varianta Fransa hüdudlarından kənarda rast gəlinməyib.

İslahat.az