05 Noyabr 2021
15:33
20386

Koronavirusdan ölüm riskini kəskin azaltdığı deyilən antidepresantlarla bağlı XƏBƏRDARLIQ

Son günlər antidepressant dərmanların koronavirusa təsiri müzakirə obyektinə çevrilib.

Elm adamları bu dərmanların ölüm riskini 32 faiz azaltdığını bildirib. Məsələn, bu barədə Kanadanın Mcmaster universitetinin sağlamlıq tədqiqatçısı Edvard Mils "COVID-19-a qarşı ucuz, geniş yayılmış və effektiv müalicə üsullarının müəyyən edilməsi böyük əhəmiyyət kəsb edir. "Fluvoksamin” adlı SSRİ antidepressantı olan dərman depressiya və obsesif-kompulsiv pozğunluğu müalicə etmək üçün uzun illərdir istifadə olunur və təhlükəsizdir”, - deyə qeyd edib.

İslahat.az xəbər verir ki, məsələ ilə bağlı tibb elmləri doktoru, professor Musa Qəniyev bildirib ki, fluvoksamin həm depressiya əleyhinə, həm də anksiolitik (qorxuəleyhinə) təsiri özündə birləşdirən üçüncü nəsil antidepressantlardan biridir:

"Hələ 2020-ci ilin may ayında COVİD-19-a yoluxmuş 148 xəstə, 2021-ci ilin yanvar-avqust aylarında isə, Braziliyada bu virusa yoluxmuş 1500 xəstə qrupu üzərində aparılan klinik tədqiqatlar göstərdi ki, fluvoksamin xəstələrin hospitalizasiya, ağırlaşma və ölüm riskini müəyyən faiz nisbətində azaldır. Bəli, koronavirusun müsbət proqnozunun həlledici şərtlərindən biri, dəfələrlə söylədiyim kimi stress, ruhi sarsıntı və depressiyaya düşməməkdir. Lakin fluvoksaminin COVİD-19 əleyhinə effektivliyinin, onun depressiya əleyhinə təsirilə birbaşa əlaqəsi yoxdur. Bunun səbəbi antidepressantlar içərisində fluvoksaminə xas olan fərdi spesifiklikdir”.

Professor qeyd edib ki, koronavirus zamanı xəstələrin ağırlaşması və ölümün birbaşa səbəbi, immun sistemin hiperaktivliyi, yəni "sitokin fırtınasıdır”:

"Mərkəzi lokalizasiyalı siqma reseptorlarının fluvoksemin fonunda törənən blokadası, immunosupressiv təsir effektinin meydana çıxmasına səbəb olduğundan sitokin fırtınasının qarşısı müəyyən faiz nisbətində alınır. Nəticədə COVİD-19-un törətdiyi ağırlaşma və letallıq əmsalı nəzərəçarpacaq dərəcədə azalır. Başqa sözlə, fluvoksaminin koronavirus əleyhinə təsirinin meydana çıxmasında, onun antidepressiv təsiri deyil, yalnız immunosupressiv təsiri əsas rol oynayır. Fluvoksamin immunosupressiv təsirinə görə, "sitokin fırtınası” zamanı istifadə olunan qlikokortikoid- deksametazondan nəzərəçarpacaq dərəcədə geri qalır, yəni bu halda fluvoksamin seçim preparatı hesab oluna bilməz”.

Mütəxəssis əlavə edib ki, fluvoksamin COVİD-19-la mübarizədə əsas müalicə vasitələrindən biri kimi təqdim olunmamalıdır:

"Bəlkə də gələcəkdə, hərtərəfli klinik tədqiqinin müsbət nəticələri təsdiqlənərsə, koronavirus zamanı müalicə protokoluna salına blər. Hətta bu hal olsa belə, o, yalnız köməkçi vasitə kimi tövsiyyə olunmalıdır. İnsanlar təcili olaraq apteklərə üz tutub, bu dərmanı almamalı və istifadə etməməlidir. Bilməlisiniz ki, hazırkı istehsalçıları Fransanın "Maylan Lebaratorus SAS” və Rusiyanın "Rafarma”, "Edvansfarma” kimi iri dərman birlikləri olan bu preparatın təbliği də, yalnız "nüfuzluların" maddi maraqlarına xidmət edir”.

İslahat.az