10 Fevral 2021
15:46
12394

Könüllülər pandemiya ilə mübarizədə fəaliyyətlərini gücləndirirlər - FOTO

Azərbaycan könüllüləri ölkədə karantin rejiminin yumşaldılması ilə əlaqədar xəstəliyin yayılmasının qarşısının alınması üçün dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərə töhfə vermək, eləcə də koronavirus (COVID-19) ilə mübarizədə yorulmadan fəaliyyət göstərən polis əməkdaşlarına dəstək məqsədilə "Bir-birimizi qoruyaq!” kampaniyasına yenidən start veriblər.

Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Bakı şəhər Baş Polis İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən kampaniya çərçivəsində könüllülər polis əməkdaşları ilə birlikdə insanların kütləvi toplaşdığı yerlərdə sosial məsafənin təmin olunması, maskadan düzgün istifadə və pandemiya dövründə davranış qaydaları haqqında ictimai maarifləndirmə işləri aparıb, eləcə də vətəndaşlara qoruyucu tibbi ləvazimatlar, üzərində təbliğat və təşviqat yazıları əks olunmuş bukletlər paylayıblar.

Kampaniyanın 12 fevral tarixinə qədər davam etməsi nəzərdə tutulub.

 

Qeyd edək ki, Azərbaycan könüllüləri bundan öncə də pandemiya ilə mübarizə və vətəndaşlarımızın sağlamlığının qorunması məqsədilə Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşəbbüsü ilə həyata keçirilən "Könüllü Qonşu”, "Böyüklərimizi qoruyaq!”, "Könüllü Donor”, "Gələcəyimizi qoruyaq!” kimi sosial layihələrin və yardım kampaniyalarının həyata keçirilməsində yaxından iştirak ediblər.