30 May 2018
03:39
1043

“Kitablaşma” - Rövşən Nəcəfov


Rövşən Nəcəfov

"Kitablaşma”
 

Kitabı uşaq kimi oxuyanda, bütün həyatın boyu oxuduqların bunu etməyi bacarmadığı halda o, sənin bir hissənə çevrilir... © "Mesajınız Var”

Kitab kütlədən fərdlər yaradır.

İnsanın özünü kəşf etməsi, dünyasını genişləndirməsi oxuduğumuz kitablardan asılıdır. Həmçinin, yaxşı kitab yaxşı dostdur. Xəyal dünyamızın yaranması, ilk oxuduqlarımızdan qaynaqlanmağa başlayır. Cəmiyyətin mədəniləşmə prosesində insanların kitablaşması vacibdir. Yəni ki, kütlədən qopmuş fərdlərin mövcudluğu və onların yaratdığı davranış nümunələri cəmiyyət anlayışını formalaşdırır.

Vərəqlədiyimiz səhifələrdə keçmişimiz və gələcəyimizin müqayisələrini aparırıq. Həyat özü böyük bir təcrübədir. Bunu bizə kitablar aşılayır. Bəzən oxuduğumuz kitablar bizdə qorxu yaradır. Kimlərinsə həyatı və ya uydurması düşüncələri çətinləşdirir. Hansı ki, insan həyatda böyük obrazların kiçik prototiplərinə çevrilir. İnsanın idealist baxışlarını real, realist baxışlarını ideala çevirən kitablar mövcuddur. Konfutsi söyləmişdir ki, "Düşünmədən öyrənmək faydasız, öyrənmədən düşünmək təhlükəlidir.” Düşünərək oxuduqlarımızdan faydalanırıq. İnsanında həyatı kitab kimidir, ilk vərəqi çevirdiyin an bitməyə başlar. Ömrün yaxşı səhifələri mövcud olsun gərək. Bəlkədə, insan ömrü təkrar-təkrar vərəqlənir müxtəlif bədənlərdə. Eyni kitab müxtəlif dillərdə, müxtəlif müəlliflərin dilində.

Varsa, kitabı var!

Bütün ideologiyalar və baxışların kitabı var. Nəzəriyyələrin, deyimlərin, qanunların söykəndiyi və bu günki tarixə çatmasının səbəbidir. Müzakirəyə səbəb olacaq kəlimələr torbalarda yığılır. Tarix isə həmin torbaları dəfələrlə açır. Xarab olmayan sətirlər və dəyişməyən insanların dünyasında yaşayırıq. Hər sətirdə yeni suallarla tanış oluruq. Birinci sualın cavabsız qaldığı halda, ikinci sual, üçüncü sual yaranır. Beynimizin axtarış funksiyası sürətli işləmək məcburiyyətində qalır. İnsan həmişə axtarışdadır. Bu axtarış xoşbəxtlik və ya azadlıq deyil. Rahatlıqdır. Oxuduğumuz tərz kitablar bizi rahatladırsa, istiqamət dəyişilmir.

Kitab oxuduğumuz zaman MƏNimizi ovlayırıq. Çünki, insan birinci özünü kəşf etmək, özünü təkminləşdirmək istəyir. Sonra isə yaşamaq istədiklərini. Yaxşı oxa yaylanmış cümlələr isə bizi ovlayır. Bəzən insanı yaralayır. Amma öldürmür. Kitabla dostlaşmaq üçün sən həmdə yaxşı ovlanmalısan. Yəni, kitaba icazə verməlisən ki, o səninlə səmimi olsun. Sənə lazım olanı təqdim etsin. Qorxusuz oxumaq çox vacibdir. Razılaşmayacağın məqamlar olacaq, amma dinlə. Sonuna qədər oxu, sonra mühakimə et. Nəticə isə yalnız sənin qəbul etdiklərinlə tamamlanacaq.

Kitab oxumaq insanda kitab oxutdurmaq həvəsi yaradır. Sən dəyişdikcə, ətrafınıda dəyişməkdə niyyətli olursan. Kitablaşmış insan daha yaradıcı və daha mədəni həyat sürür. Onun həyatı ölümə gedən səhifələrdə daha maraqlıdır.

SON:

Dəyər bildiyimiz hər şey kitablardan gəlib. Bizim üçün isə nəsnələr mövcuddur. Hər kəsi və hər şeyi var edən yazılanlardır.