15 Aprel 2020
18:27
3103

#KarantinQeydləri “Beynimizdəki viruslar” - Rövşən Nəcəfov

İnsan psixologiyasının formalaşması onun xarakterini nümayiş etdirməsinə bağlıdır. Zaman və ünvanın təyin olunması bizdən asılı olmadığı üçün insanlar öz xarakterlərini necə ifadə etməli olduqlarını müəyyən edə bilmirlər. İnsanlar rahatlıq üçün ətrafında baş verən bütün proseslərə uyğunlaşmağa çalışırlar. Sürü psixologiyasının cəmiyyət üçün təqdim etdiyi dırnaqarası biliklər insanlara təcrübə kimi görünür.

Tibbi və psixoloji olaraq xəstəliklərin müalicəsi üçün aidiyyatı mütəxəssislərə müraciət edilir. Bəzən, psixoloji olaraq formalaşan pozuntularımızın adını xarakter qoyub həyata davam edirik. Buna səbəb isə ətrafımızda olan insanların adını xarakter qoyduğumuz psixoloji pozuntulara adaptasiya olmalarıdır. Müxtəlif bənzətmələrlə bir-birimizi yola veririk. Dünyamızın qaralmasına səssiz tamaşa edirik. Nəticədə ağır fəsadlar baş verir. Çünki, insan psixologiyasının pozulması onun ətrafında olan insanlara və ən əsası özünə vurduğu ziyanın müşahidəsidir.

Hər gün müşahidə etdiyimiz mənfi hadisələr, insanların fiziki və mənəvi cinayətləri görünməyən psixoloji pozuntulara bağlıdır. Təbliğ olunanlarla yaşamaq metodları, insanların daxilindəki enerjinin sönməsi ilə nəticələnir. Müxtəlif hekayələr və fikirlər oxuyaraq özümüzə gün ağladığımızı düşünürük. Fikirləşirik ki, insanlara həqiqəti çatdırmaq olar. Nəticədə isə fərd şəklində uğurlu ola bilirik. İstənilən cəmiyyəti məhv edən, mənəvi virusların mövcudluğudur. Beynimizdə məskunlaşmış həmin viruslar özümüzün və ətrafımızın məhv olmasına gətirib çıxarır.

Beynimizdəki virusların yaranma səbəbi isə çox sadədir. Cəmiyyətin bizə təqdim etmədiyi seçimlər və bizim etdiyimiz seçimlər. İrəli getmək üçün hər şeyi gözə almaq, güclü olmaq üçün başqalarının məhv olmasına tamaşaçı olmaq və sürü psixologiyasının fironluq etməsinə töhfə vermək mənəviyyatı tamamilə yox edir. Merkantil yanaşmaları kənara qoyub doğru olanı düşünmək çox çətindir. Həm fərd olaraq, həm də cəmiyyət olaraq doğru olanı düşünməsək, doğru olanları dəstəkləməsək və doğruya doğru getməsək yaranmış mənzərəni dəyişə bilməyəcəyik. Çünki, beynimizdəki virusların qarşısını nə karantin, nə də ağır qaydalarla almaq qeyri-mümkündür.

Beynimizdəki virusların adları hər kəsin lüğətində var. Biz dərk etmək istəmirik ki, bu artıq bizim həyat tərzimizə çevrilib. Bütün tənqidlərə və fərqli fikirlərə tolerant olduğumuzu ifadə etməyimizə baxmayaraq, daxilimizdə böyüyən mənəvi virusların bir gün köləsinə çevrilirik.

Beynimizdəki virus: "Biganəlik”

İnsanlarda müşahidə etdiyimiz müsbət keyfiyyətlərə məhəl qoymuruq. Görülən yaxşı işlərə dəstək vermək imkanımız var, amma etmirik. Bizim üçün faydalı və nümunəvi addımlar atmaq istəyən insanları saymırıq. Bütün bunların qarşılığında cəmiyyətə və insanlara heç bir faydası olmayan, şəxsiyyət problemi yaşayan və natamamlıq kompleksinin içində boğulan insanları həyatımıza cərəyan verməsinə nail oluruq. Fədakarlıq edən insanlara məhəl qoymamaq, faydalı fikirlərin müəlliflərini saymamaq və nümunə yaradan şəxsləri gözdən salmaqla gələcəyimizi məhv edirik.

Beynimizdəki virus: "Bayağılıq”

Heç bir məntiqə əsaslanmayan, elmin və biliyin düşməni olan bu virus cəmiyyəti düşünmək kimi anlayışdan məhrum edir. Baş vermiş emosional hadisəyə bir qulp və gülüş qoşaraq sürü psixologiyasını gücləndirir. Fikir adamlarının əsrlərlə inşa etdiyi dəyərləri bir günə yox etdilər. Bayağılıq artıq bir peşəyə çevrilib. İrəli getmək istəyən yeni nəsil üçün bu artıq nümunədir. Yəni, varlı olmaq üçün böyük bir yoldur. Kimsə bayağılıq peşəsinin sahiblərini söyərək yox edəcəyini düşünürsə, səhv edir. Çünki, söyüş insanı gücləndirir. Biz, imtina etməyi bacarmalıyıq. Bir insanı var edən odur ki, biz onu görürük, biz onu eşidirik, biz ona toxunuruq və biz onu hiss edirik. Bunlar olmadığı halda o insan və ya insanlar yox olacaqlar.

Beynimizdəki virus: "Paxıllıq”

Paxıllıq anlayışı təcrübədə "torba tikmək”, "bir-birinin ayağının altını qazmaq” və "onsuzda alınmayacaq” kimi ifadələrlə özünü büruzə verir. Bəlkə də, deyəcəksiniz ki, paxıl olmayan insan var? Başqasının həyatını müzakirə etmiriksə, deməli paxıl olmayan insanlar var. Başqasının xoşbəxtliyinə, üstünlüyünə və uğuruna sevinməyi bacarmaq lazımdır. Kiminsə xoşbəxtliyi bizi bədbəxt etmir. Kiminsə üstünlüyü bizi kiçiltmir. Kiminsə uğuru bizi yox etmir. Bunları qəbul etməyə bilərik. Amma, həqiqət odur ki, başqasının xoşbəxtliyi, üstünlüyü və uğuru bizim üçün yaxşı təcrübədir. Paxıl insanların əsas xüsusiyyəti isə ikiüzlülükdür. Səninlə dost olduğunu deyir, amma, sən olmayanda səni istifadə etdiyini düşünür. Kiminsə paxıllığını çəkən insan ömrü boyu dərd çəkir.

Beynimizdəki virus: "Nifrət”

Nifrət sevgidən daha səmimidir. İnsanlar tarix boyu bu virusun köləliyini ediblər. Həm şəxsi müstəvidə, həm də cəmiyyət olaraq nifrətlərini göstəriblər. Nifrət etmək fikir cinayətidir. Kimsə sənin kimi düşünmürsə, o demək deyil ki, o sənin düşmənindir. Nifrət insanın təbii halıdır. Amma qarşındakı insanın məntiqinə söykənmək ayrıca güc tələb edir. Düşmənin belə ehtirama layiq olanı var. Yanımızda olan insana necə nifrət etmək olar? Daxilimizdə məskunlaşan və bizə rahatlıq gətirməyən mənfi enerjini yox etdiyimiz an sevginin nə olduğunu hiss edəcəyik. Nifrət qorxaq insanların müdafiəsidir. Həyatdan qorxan insanlar başqalarının var olmaqlarına nifrət edirlər. Qorxaq insanlar kiminsə varlığnın səbəbini özlərinin yox olacaqlarına səbəb olduğunu düşünürlər.

Beynimizdəki virus: "Cəhalət”

Yaşadığımız dövrdə cəhalətə qarşı mübarizə aparmaq dəlilik əlamətidir. Dövrümüzün dəliləri atalarının gözünü çıxartdı ki, onlara Koroğlu desinlər, amma onlara kor kişinin oğlu dedilər. Təəssüf ki, dövrümüzün cəhaləti dünyamızın elmini məğlub edib. Cəhalətə xidmət edən insanların gücünü zəiflədə bilmirik. Müşahidə edirik və görürük. Onlar nə edirlər? Cin çıxarırlar, onlara vergi verildiyini iddia edirlər. Cəhalətə xidmət edən insanlar gündəmə və proseslərə istiqamət verirlər, hər gün efirdədirlər və məşhurdurlar. Bizi isə cəmiyyət bu cür qiymətləndirir: "Oxumaqdan başı xarab olub”. Çünki, təkrar edirəm: "Yaşadığımız dövrdə cəhalətə qarşı mübarizə aparmaq dəlilik əlamətidir”.

Son:

Bizi özünə kölə edən beynimizdəki viruslara qarşı immunitet yaratmalıyıq. Zamanımızı özümüzə və başqalarının rifahına xərcləməyi bacarmalıyıq. Özümüzə sahib çıxmalıyıq ki, başqalarına da sahib çıxa bilək. Təhsil almalıyıq və öz peşəmizdə faydalı olmağımızı dəyərə çevirməliyik. İnsanlar bir-birinin əlindən tutmasa, bir-birinin fikrinə söykənməsə və bir-birini dəyərə çevirməsə, cəmiyyətin immuniteti viruslara qarşı gücünü tamamilə itirəcək.

Xoşbəxtliyi paylaşmağı bacarmalıyıq!

Mənim üçün ən böyük dəyər insandır. O insan ki, biz onu yaşada bilirik, biz öz parçamızı onlara verə bilirik.

Biz ağrımızla yaşamağı öyrənsək də, ağrımıza sahib ola bilməmişik. Həm fiziki, həm də mənəvi ağrılarımızla mübarizə aparmaq üçün fədakarlıqlar etməliyik. İnsanların nəfəs almaları üçün atdığımız hər bir addımın məsuliyyətini dərk etməliyik.

Yaşamaq peşəsinin sahibləri insanların ağrılarına qarşı nəfəs verirlər ki, nəfəs almaqlarına dəstək olsunlar. Xoşbəxtlik qazandığımız uğur deyil, uğura gedən yolda qazandığımız insanlardır. Nəfəs almalıyıq ki, başqalarının nəfəs almasına dəstək ola bilək. Ağrıya qarşı getməliyik ki, başqaları da bizim ağrılarımıza qarşı gəlsinlər.

Bir-birimiz üçün var olaq!

 

Rövşən Nəcəfov

"İnsan Mühəndisliyi" proqramının rəhbəri

İslahat.az