30 Avqust 2019
15:29
871

İyulda Azərbaycanda qızılca xəstəliyinə yoluxmuş insanların sayı açıqlandı

İyul ayında Azərbaycanda qızılca xəstəliyi ilə bağlı olaraq cəmi iki hadisə qeydə alınıb.

Bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva məlumat verib.

Qurum rəsmisi bu il 20-40 yaşlı insanlar arasında qızılca xəstəliyinə qarşı aparılan tədbirlər nəticəsində mart ayından xəstəliyin azalmasının müşahidə olunduğunu bildirib:

"2018-ci ilin noyabr ayından başlayaraq, ölkə əhalisi arasında, əsasən, 20-40 yaşlı insanlar arasında qızılca xəstəliyi qeydə alınıb.

Sanitariya-epidemioloji xidmət orqanları tərəfindən hər bir qızılca xəstəliyi aşkar edilən xəstəlik ocaqlarında epidemioloji təhqiqatların aparılması, xəstələrin digər sağlam şəxslərlə təmasının məhdudlaşdırılması, maarifləndirici işlərin aparılması, müalicə idarələri tərəfindən xəstələrin vaxtında və effektiv müalicəyə cəlb edilməsi nəticəsində xəstəliyin geniş əhali kütləsi arasında yayılmasının qarşısı alınıb.

Aparılan səmərəli profilaktik və müalicə tədbirləri nəticəsində xəstəliyin ciddi ağırlaşmaları baş verməyib.

Qısa müddət ərzində Səhiyyə Nazirliyi tərəfindən yuxarı yaşlı əhalinin peyvənd olunması üçün  ölkəyə qızılca-məxmərək əleyhinə vaksin gətirilib. Cari ilin mart-aprel aylarında ölkənin bütün ərazisində 20-40 yaşlı insanlar arasında qızılca xəstəliyinə qarşı təmizləyici immunlaşdırma tədbirləri aparılıb.

Bununla yanaşı, uşaq və yeniyetmələr arasında qızılcaya qarşı peyvəndlə əhatə olunma tədbirləri də gücləndirilib. Nəticədə, mart ayından başlayaraq xəstəliyin səviyyəsində azalma müşahidə olunub. İyul ayında isə cəmi iki hadisə qeydə alınıb".

Qeyd edək ki, fevralın 28-də səhiyyə naziri Oqtay Şirəliyev respublikada qızılca xəstəliyinə qarşı immunlaşdırma tədbirlərinin keçirilməsinə dair əmr imzalayıb.
 
İslahat.az