17 Mart 2020
13:31
208

İranda koronavirusla əlaqədar 85 min məhbus müvəqqəti buraxılıb

İranda yeni koronavirusun yayılması ilə əlaqədar indiyədək 85 min məhbus müvəqqəti olaraq evə buraxılıb.

İslahat.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Məhkəmə Sisteminin sözçüsü Qulamhüsen İsmaili mətbuat konfransında deyib. Q.İsmailinin sözlərinə görə, bu, İranda məhbusların 50%-dən çoxu deməkdir.

İsmaili əlavə edib ki, vətəndaşlar üçün təhlükə yarada biləcək məhbuslar, o cümlədən silahlı qarət, kimyəvi turşular səpən müttəhimlər, insan oğurluğu və böyük ölçüdə fırıldaqçılıqla əlaqədar müttəhimlər müvəqqəti buraxılmayıblar.

"Bundan əlavə həbsxanalarda məhbusların sağlamlığı ilə əlaqədar davamlı şəkildə səhiyyə tədbirləri görülür” –deyə o qeyd edib.

Qeyd edək ki, İran Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi ötən günədək (16 mart) 14 991 nəfərin yeni koronavirusa yoluxduğunu, 853 nəfərin öldüyünü, 4 996 nəfərin sağaldığını təsdiqləyib.

İslahat.az