21 İyul 2022
09:03
18816

İntihar xəbərlərinin media vasitələrində geniş şəkildə yayılması arzuolunmazdır - Təranə Paşayeva

 

Dünya ölkələri ilə müqayisədə Azərbaycanda intihar sayının az olmasına baxmayaraq, belə halların mövcudluğu onunla fəal və kollektiv mübarizə aparılmasını diktə edir.

Bunu Trend-ə psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva deyib.

T.Paşayeva bildirib ki, belə həssas məsələdə diqqət edilməli məqamlardan biri də, intihar hallarının sosial şəbəkələr və internet xəbər portallarında, o cümlədən qəzet, televiziya və radioda geniş şəkildə təbliğ olunmasıdır.

"İntihar mövzusu son zamanlar demək olar ki, hər gün səslənən, istər sosial şəbəkələrdə, istər qəzet və jurnallarda, istərsə də televiziya verilişlərində çox rast gəldiyimiz, sanki reklam olunan, gündəmdə olan mövzulardan biridir.

Doğrudur, müasir texnologiyaların inkişafı dövründə hər hansı bir xəbərin kütləvi şəkildə gizlədilməsi mümkünsüzdür, lakin bəzi həssas məqamlarda müəyyən informasiyanın məhdud təqdim edilməsi daha məqsədəuyğundur ki, belə həssas məsələlərdən biri də məhz intiharlardır.

Çox təəssüf ki, bu gün bir sıra media vasitələri və sosial şəbəkələrdə olan səhifələr özlərinə izləyici, oxuyucu toplamaq üçün intihar hadisələrini böyük ajiotajla və sanki reklam edirmiş şəkildə yayımlayır, insanlarda maraq yaratmağa çalışırlar.

Gündəlik müşahidələr də göstərir ki, bir sıra internet və sosial şəbəkə istifadəçiləri üçün bu tipli xəbərlər artıq daha cəlbedici olur, başqa sözlə desək, bu tipli xəbərləri mütəmadi, rezonansla yayımlayan şəxslər istədiklərinə nail olurlar.

Bunu da nəzərə almaq lazımdır ki, intihara meyilli şəxslərin psixoloji durumları yaxşı olmur, onlarda depressiv vəziyyət müşahidə olunur. Belə durumda isə qarşılarına çıxan istənilən mənfi informasiyalar onları intihara daha da yaxınlaşdırır. Son zamanlarda bir sıra sosial şəbəkələrdə intihara sövq edən video və məlumatların sanki yaxşı bir şey kimi kütləvi şəkildə paylaşılması da ayrı bir problemdir”, – deyə T.Paşayeva bildirib.

O qeyd edib ki, xüsusilə, uşaq, yeniyetmə və gənclərin internetdə çox vaxt keçirməsi, arzuolunmaz məlumatlarla yüklənməsi onların həyatını yanlış istiqamətə yönəldir, mənəvi boşluq, ümidsizlik yaradır, hər hansı fəaliyyətə, aktivliyə marağı söndürür.

"Belə hallar da sonda intihara yol aça bilir. Bunu da bildirməliyik ki, bu kimi xoşagəlməz təbliğatlar təkcə ölkəmizdə deyil, dünyada da həyata keçirilir. Aparılan araşdırmalar göstərir ki, intihar xəbərlərinin kütləvi şəkildə təbliği sanki yoluxuculuq effekti yaradır. Əfsuslar olsun ki, bu yoluxuculuq effekti mənfi nəticələrə səbəb olur.

Bir sıra ölkələrdə bununla bağlı xüsusi proqramlar hazırlanıb, qərarlar qəbul edilib. Düşünürəm ki, intihar hallarının da sayının azaldılması və qarşısının alınması istiqamətində media mənsublarına, böyük sosial şəbəkə səhifələrinin idarəçilərinə bununla əlaqədar müəyyən göstərişlərin verilməsi məqsədəuyğun olar. O cümlədən, müəyyən proqramlar hazırlanmalı, istər aidiyyəti qurumlar, istərsə də təşkilatlar burada fəal iştirak etməli və bu fəaliyyətlərə vətəndaşlar da cəlb olunmalıdır”, – deyə T.Paşayeva əlavə edib.

İslahat.az