09 Fevral 2022
16:45
23806

"İntihar toxumları yalanla əkilir, təhriklə cücərir" - Psixoloq Rövşən Nəcəfov

Təəssüf ki, respublikada intihar statistikasında azalma müşahidə edilmir. Xüsusilə gənclərdə intihara meyilliliyin olması daha çox nəzərə çarpır.

Maraqlıdır, intihar edəcək şəxs bunu hansısa hərəkəti və ya söz ilə əvvəlcədən biruzə verirmi? Bu xüsusda diqqət yetirilməli olan məqamlar hansılardır?

Mövzu ilə bağlı Sfera.az-a danışan "İnsan Mühəndisliyi" proqramının rəhbəri Rövşən Nəcəfov intihara meyilli insanların psixoloqa müraciətdən çəkindiyini və bunun səbəbinin yaxınlarının olduğunu deyib:

"İntiharın yaşı yoxdur. İntihar edən şəxsin hadisələrə münasibəti var. Baş verən intihar hadisələri insanların problemlərə psixoloji münasibətindən asılıdır. İnsan psixologiyasını müsbətə doğru dəyişmək üçün dialoqlara ehtiyac var. İnsanın həyatında dialoqlar olmayanda insan özü ilə tək qalır və mübahisələr yaradır. Özünə kənardan baxmaq istəyir, amma içəridən baxır. İntihar edən şəxsin davranışlarını müşahidə etmək üçün psixoloqla görüş olmalıdır. Suisidal fikirləri formalaşmış insanlar psixoloqa müraciət etməkdən çəkinirlər. İnsanların psixoloqa müraciət etməməsinin əsas səbəblərindən biri doğmalarının münasibətidir. Bizim cəmiyyətdə psixoloqa müraciət etmək dəlilik əlaməti kimi qəbul edilir. Psixoloqun vəzifəsi insanın istər şəxsi, istərsə də ictimai həyatına obyektiv baxış və mövqe ortaya qoymasıdır. Bunun üçün müşahidə,psixoloji testlər və digər psixoloji fəaliyyətlər icra edilməlidir ki, nəticələrin interpretasiyasından sonra psixoterapiyalar müəyyən edilə bilsin”.

Müsahibimiz intiharların gəncləşməsinə səbəb kimi cəmiyyətin biganəliyini göstərib:

"İntihar etməyə qərar verən şəxsin özü ilə apardığı mübahisənin formasını müəyyən etmək mümkün deyil. İntiharın gəncləşməsi problemlərə biganəliyin göstəricisidir. Bəzən insanı intihara öz ətrafı təhrik edir. İstənilən məqamda insanlar arasında dialoqlar olmalıdır. Hər bir problem başqaları ilə bölüşdükcə kiçilir. Empatiya hissimizi ifadə etməliyik. Qarşımızdakı insanların bizdən gözləntisi empatiya hissidir. Başqalarının yerinə özümüzü qoymasaq, hər zaman başqa olacağıq. Ətrafımızı mənəvi zənginləşdirməliyik. Məktəblərdə şagirdlərin, ali məktəblərdə tələbələrin psixoportreti müəyyənləşdirilmir. Valideynlər övladlarının psixoportretləri ilə tanış deyillər. Valideynlərlə övladlar arasında sağlam fikir körpüsü inşa edilməlidir. Bu baxımdan məktəbin rolu böyükdür. Ali məktəblərdə tələbələrlə psixoloqların müntəzəm görüşləri keçirilməlidir. Psixoloq kabineti hazırlanmalıdır. Valideynlər də övladlarına şəxsiyyət kimi yanaşmalıdırlar. Övladları haqqında qərar verəndə onların fikirlərini müəyyən etməlidirlər ki, uyğun qərar versinlər. Övladlarını yalana təhrik etməsinlər. İnsan psixologiyasında intihar toxumları yalanla əkilir, təhriklə cücərir. Empatiya hissinin mövcud olduğu ailələrdə sağlam fikir körpüsü də sağlam olur”.

Əzizə Zeynal – "Sfera.az”

İslahat.az