19 İyul 2019
15:28
600

“Instagram”da tanış olub paytaxtda oğurluqlar etdilər - FOTOLAR

Sabunçu rayonu Maştağa qəsəbəsində xüsusi texniki avadanlıqlarla qorunan marketlərdən birində gecə saatlarında oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, Sabunçu Mühafizə İdarəsinin hadisə yerinə yollanan əməkdaşları obyektin qapısının sındırıldığını görüblər. Bu vaxt həmin ərazidən "Moskviç 21 406” markalı avtomobilin uzaqlaşması polislərdə şübhə oyatdığından həmin nəqliyyat vasitəsini təqib edərək saxlayıblar.

Avtomobilin sürücüsü və maşında olan dörd nəfər marketə oğurluq məqsədilə daxil olduqlarını etiraf ediblər.

Onların avtomobilindən və üzərilərindən mağazadan oğurladıqları maddi sübutlar aşkar edilərək götürülüb. Həmçinin dəstə üzvlərindən saxta üsulla hazırlanan, üzərində "polisə dəstək” yazılan vəsiqələr, müxtəlif şəxslərə aid şəxsiyyət vəsiqələri aşkar edilərək götürülüb.

Araşdırma zamanı saxlanılan şəxslərin əvvəllər məhkum olunmuş Cəlilabad rayon sakinləri Sakit Əkbərov, Əfqan Abıyev, Xızı Rayon sakini Fərid Əhmədzadə və yetkinlik yaşına çatmayan daha bir nəfər olduğu müəyyən edilib. Dəstə üzvlərinin oğurluğa gedən zaman istifadə etdidikləri avtomobilin sürücüsü paytaxt sakini Əliəşrəf Fətdahov da məsuliyyətə cəlb edilib.

Saxlanılan şəxslər ifadələrində "Instagram” sosial şəbəkəsində yaradılan müxtəlif qruplarda tanış olduqlarını və əvvəlcədən razılaşaq paytaxt ərazisində oğurluqlar etdiklərini bildiriblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.
 
İslahat.az