14 Oktyabr 2021
18:57
22507

"İndi isə qarşıda daha böyük hədəflər var" - Şahin İsmayılov

Oktyabr müasir Azərbaycan tarixində zəngin hadisələrlə bol aydır. Məhz bu ayda Azərbaycan öz müstəqilliyini bərpa etdi, ulu öndər Heydər Əliyev ölkə prezidenti seçildi. Müasir tariximizdə isə Vətən müharibəsi zamanı bir çox ərazilərimizin işğaldan azad edilməsi də oktyabra təsadüf etdi. Bu ayı xalqımız üçün əlamətdar edən, həm də dövlətimizin başçısı İlham Əliyevin ilk dəfə 15 oktyabr 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini toplayaraq Prezident seçilməsidir.

İslahat.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov bildirib.
Deputat qeyd edib ki, ümummilli liderimiz, dünya miqyaslı siyasətçi Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidməti hər bir azərbaycanlıya məlumdur. Ulu Öndərin ən böyük xidmətlərindən biri də məhz İlham Əliyevi siyasi varisi elan etməsidir. "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, – deyən Ulu Öndər bu fikirlərində yanılmadı.
Prezident İlham Əliyevin hakimiyyəti dönəmində Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoydu. Prezident İlham Əliyev fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Bu gün Azərbaycan dünyada öz inkişaf modeli ilə tanındı, qəbul olundu. Bütün sahələrdə böyük uğurlar qazanan Azərbaycan regionun güc mərkəzinə çevrildi. Bu regionda həyata keçirilən bütün qlobal layihələr məhz Azərbaycanın razılığından sonra həyata keçirildi. Bir sıra böyük layihələr isə Azərbaycanın maliyyə imkanları nəticəsində baş tutdu. Bir sözlə Prezident İlham Əliyev uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə Azərbaycanı dinamik inkişaf yoluna çıxarıb.
Şahin İsmayılov bildirib ki, hər bir azərbaycanlının Prezidenti olan İlham Əliyevin hakimiyyəti dövründə ölkədə 2 milyona yaxın yeni iş yeri açılıb, əməkhaqqı 5 dəfədən, pensiyalar isə 8 dəfədən çox artırılıb. İşsizlik səviyyəsi 5 faizə düşüb, yoxsulluq isə 49 faizdən 5 faizə endirilib. Azərbaycan bu müddət ərzində nəqliyyat dəhlizlərində fəal iştirak edib, Avrasiyada mühüm tranzit və logistika mərkəzlərindən birinə çevrilib. Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə Avropa və Asiyanı birləşdirən Şərq – Qərb və Şimal – Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülüb, Bakı–Tbilisi–Qars dəmir yolunun Bakıda rəsmi açılışı olub. Azərbaycanın Rusiya Federasiyası, İran və Gürcüstanla sərhədinə qədər yeni magistral avtomobil yolları inşa edilib.
"Ötən il 44 gün davam edən Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyev rəhbərliyi ilə Ordumuz Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Müzəffər Ali Baş Komandan və onun qurduğu şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində istifadə etdiyi döyüş metodları dünya hərb tarixində yeni səhifə açdı və müharibələrin gedişatını dəyişdi.
İndi isə qarşıda daha böyük hədəflər var. Hər bir azərbaycanlı çox gözəl başa düşür ki, bu hədəflərə yalnız Prezident İlham Əliyevlə birgə nail olmaq olar. Bölgədə Azərbaycanın yaratdığı yeni reallıqlar artıq hər kəs tərəfindən qəbul olunur, hörmət edilir. Azərbaycan xalqı əmindir ki, Azərbaycanın uğurlu gələcəyi məhz Prezident İlham Əliyevlə bağlıdır. Ona görə də xalqımız hər zaman onun ətrafında dəmir yumruq kimi birləşməyə davam edəcək”, – deyə deputat vurğulayıb.