13 Yanvar 2021
15:59
15899

İlham Əliyev: “Onlar cinayət predmeti olan bir çox əməllər törədiblər”

Qanunsuz məskunlaşma siyasəti hərbi cinayətdir və onlar işğalın son dönəmində bu siyasəti heç gizlətmirdilər belə. Onlar dünyanın müxtəlif yerlərindən erməni mənşəli insanları gətirərək Şuşa şəhəri də daxil olmaqla tarixi Azərbaycan ərazilərində məskunlaşdırırdılar.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə danışıb.

 

"Şəhər və kəndlərimizin adlarını dəyişirdilər, hətta xristian dini abidələrinin mənşəyini belə dəyişirdilər. Onlar xristian dininə ibadət edən qədim udilərin dini irsinin mənşəyini dəyişirdilər. Onlar qədim Qafqaz Albaniyasının kilsələrini erməni kilsələrinə çevirirdilər. Beləliklə, onlar cinayət predmeti olan bir çox əməllər törədiblər”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Azərbaycana vurulmuş ziyanın qiymətləndirilməsi prosesinə başlandığını qeyd edən Prezident İlham Əliyev deyib ki, tanınmış beynəlxalq şirkətlərin köməyi ilə maddi, mədəni, mənəvi, ekoloji ziyan hərtərəfli qiymətləndiriləcək və bu da təcavüzkar Ermənistan dövlətini beynəlxalq məhkəmələrə vermək imkanı yaradacaq.

 

İslahat.az